Medianı bütün neqativlikdən qorumaq lazımdır

Bunun üçün peşəkarlar görülən işləri dəstəkləməyə və üzərinə düşən işi görməyə hazırdır





(əvvəli ötən sayımızda)

Azərbaycanda inzibati tənbeh almış mətbu nəşr bir il ərzində jurnalist adından sui-istifadəyə təkrar yol verərsə, fəaliyyəti dayandırılacaq. Bununla bağlı "Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu, yəni "kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi” maddəsinə əlavələr təklif edilib. Təklif olunan layihəyə əsasən, kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli bir il ərzində təkrar törətdikdə, mətbu orqanın fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır.

O da məlumdur ki, jurnalist adına iddia edən bəzi şəxslər zaman-zaman qanunda mövcud olan müəyyən boşluqlardan sui-istifadə edərək müəyyən neqativ hallara yol verirlər. Dəfələrlə belə şəxslərə müxtəlif xəbərdarlıqların edilməsinə baxmayaraq, onlar bu kimi qanunsuz əməllərdən əl çəkmirlər. Bu da haqlı olaraq daha sərt tədbirlərin görülməsi zərurətini ortaya qoyur. Ekspertlər deyirlər ki, jurnalistika daim inkişafda olan, cilalanan sahədir. Mətbuat hər bir dövlətin intellektual brendlərindən biri hesab olunur. Media cəmiyyəti fikir istehsalı ilə təmin edir. 

Jurnalistika cəmiyyətdə ictimai münasibətləri yaratmaqla yanaşı, kütləvi maarifləndirmənin keyfiyyətini də müəyyənləşdirir. Çünki mətbuatın cəmiyyətə təqdim etdiyi intellektual məhsullar cəmiyyət tərəfindən mənimsənilir. Ayrı-ayrı fərdlərin düşüncələrində, davranışlarında, dünya görüşlərində yeni keyfiyyət dəyişikliyi yarada bilir. Əslində jurnalistika sahəsində öz peşəkarlığı və obyektivliyi ilə sayılıb-seçilən jurnalistlərin, media orqanlarının sayı kifayət qədərdir. Amma çox təəssüflər olsun ki, hələ də jurnalistikaya aidiyyəti olmayan, bu sahəyə xələl gətirən insanlarla rastlaşırıq. 

Adı "qara siyahı”ya düşən qəzetlərin sayında azalma olsa da, üzdəniraq elektron media orqanlarının sayında hələki artım müşahidə olunmaqdadır. Azərbaycandakı söz azadlığı və plüralizmdən istifadə edən bir qrup şəxslər sayt yaradaraq, jurnalistikadan qisas almaq, şəxsi mənfəət əldə etmək məqsədi ilə faydalanırlar. Məsələ ilə ciddi şəkildə mübarizə aparmaq üçün Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünə elektron media sahəsi ilə məşğul olan mütəxəssislər də seçilib. "Reket jurnalistika”ya qarşı bir neçə mübarizə metodları var və hazırkı mərhələdə Azərbaycan ən effektiv metod olan onların ictimai qınaq və ictimai institutlar vasitəsilə cəzalandırılmasından istifadə edir. Ötən müddət ərzində Azərbaycanda "reket jurnalistika”nın sıradan çıxarılması üçün çox böyük yol qət edilib. Lakin 1990-cı illərin əvvəllərində Azərbaycanda xaos mühiti zərərli media qurumlarının da meydana çıxmasına səbəb olub. Çox təəssüf ki, hələ də o dövrün fəsadlarından əziyyət çəkirik. Bəzən transmilli media kimi səciyyələndirdiyimiz jurnalistikanın davranışlarında da buna bənzər neqativ elementlər hiss edilir. Hətta ən nüfuzlu media orqanları tərəfindən belə bənzər addımlar atılır. Məsələn, dövlət başçıları şantaj edilir, liderlər və ya ayrı-ayrı ölkələr haqqında böhtan xarakterli yazılar yazılır. Ancaq hazırda jurnalistikanın kriteriyalarına, etik kodekslərə cavab verməyən kiçik "xəbər saytları” üstünlük təşkil edir. Ona görə də əksər media ekspertləri sərt cəzaların tətbiqini zəruri sayırlar.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev deyib ki, kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyət məsələsində ehtiyatlı davranmaq tələb olunur: 

"Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində dövlət mühüm addımlar atır. Bu addımlarla bərabər hər hansı sərt cəza tədbirlərinin görülməsi dövlətin media azadlığı sahəsində apardığı uğurlu siyasətə adekvat deyil. Bu nöqteyi-nəzərdən daha sərt cəza tələb edənlərlə razılaşmaq imkansız görünür. Hazırda təklif olunan iki aylıq qadağanın neqativ istiqamətdə çalışan media qurumlarını doğru istiqamətə yönəldə biləcəyini düşünürəm. Söhbət əlbəttə ki, qoyulan qadağanın dərhal tətbiqindən və ya vaxtından getmir, inzibati məsuliyyətin təyin olunmasından gedir. Elə mətbu nəşr ola bilər ki, bir daha sui-istifadə hallarına yol verməsin, təbii ki, bunun əksi də ola bilər. Biz bunu təcrübədən görmüşük. Məsələn, Mətbuat Şurasının "qara siyahısı”na düşən bəzi qəzet və internet sayt sahibləri dərhal gedib başqa media orqanı təsis ediblər. Belə halların təkrarlanmaması üçün əlavə vasitələrdən istifadə etmək zərurəti ortaya çıxacaq”.

Mövzunu dəyərləndirən "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli bildirib ki, şərti olaraq adlarını "ara saytları” qoya biləcəyimiz bu qeyri-ciddi "portallar” peyda olandan sonra jurnalistikanın imici zədələnib:

"Jurnalistika ölkədə ən dəyərli peşələrdən biridir. Sağlam, peşəkar jurnalistlər ölkənin beyin mərkəzidir, cəmiyyətin lokomotividir. Bu baxımdan bəzi jurnalist adına iddia edənlərin, hansısa mənbələrdən qidalanaraq şantaj vasitəsi kimi çalışdırdıqları saytların ən sərt şəkildə cəzalandrılmasının tərəfdarıyam. Humanizm prinsipləri, söz azadlığı naminə hansısa neqativ əmələ yol verən media orqanına bir dəfə şans verilməsi mümkündür. Əgər cəzalı olduğu 2 ay ərzində nəticə çıxarıb doğru yola yön alarsa, təbii ki, öz fəaliyyətini davam etdirə bilər. Yox, sonradan bu cür neqativləri bir daha təkrarlayarsa, birdəfəlik bu sahədən uzaqlaşdırılmalıdır. Burada söhbət əlbəttə ki, hansısa məmuru tənqid edən saytın haqsız olaraq cəzalandırılmasından, məlum qaydadan sui-istifadə etməsindən getmir. Söhbət dövlətçiliyə, qanunlara həqarət edən, jurnalist adına xələl gətirən fəaliyyətə görə cəzalanmadan gedir”.
"Azxeber.com” portalının baş redaktoru Əfsələddin Ağalarov təəssüflə bildirib ki, Azərbaycanda kifayət qədər belə işlərlə məşğul olan "media nümayəndələri” var. Baş redaktorun sözlərinə görə, onların əsas məqsədi qanunsuz gəlir əldə etmək, şantajla və reketçiliklə pul qazanmaqdır: "Bu kimi əməlləri həqiqi jurnalistika ilə əlaqələndirmək olmaz. Qanun layihəsi ilə bağlı nəzərdə tutulan dəyişiklik ilk növbədə "mətbuata təzyiq edilir” düşüncəsinin formalaşmaması üçün nəzərdə tutulub. Əslində bir çox neqativ əməllərlə məşğul olan, cinayətlər törədən o cür şəxslərin jurnalistika ilə heç bir bağlılığı yoxdur. O baxımdan nəticə etibarı ilə həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi daha doğrudur. Çünki bu formada fəaliyyət göstərmək yolverilməzdir. Təsadüfi deyil ki, zaman-zaman Azərbaycanda qanunsuz əməllərlə məşğul olan şəxslərin həbs edilməsinin şahidi oluruq. Fikrimcə, bu addım mövcud problemi kökündən həll etməsə də, hər halda jurnalistikada reketçiliyə meyl edənlərin sayının azalmasına gətirib çıxaracaq. Ən azından artmasına mane olacaq”.

"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı isə cəzaların sərtləşdirilməsinin xüsusilə effektli olacağına inanmadığını deyib: 

"Avtomobili içkili sürməklə bağlı fantastik cərimələr müəyyənləşdirdilər. Ancaq bu məsələ, həmin əməlin qarşısını birdəfəlik almadı. Bu, eyni zamanda əxlaq məsələsidir. Ümumiyyətlə, qanunları daha demokratik və eyni zamanda neqativ əməllərə imkan verməyəcək səviyyədə hazırlamaq, bu istiqamətdə inkişaf etdirmək mümkündür. Yaxşı olar ki, elə bir yol, variant fikirləşsinlər ki, hər yoldan keçən özünü jurnalist kimi təqdim edə bilməsin. Jurnalistlərin içində neqativ hal aşkar edirlərsə, bunu niyə ikinci dəfəyə saxlayırlar? Bunu anlaya bilmirəm. Peşəsinə xəyanət edən adamın yenidən sədaqətli olacağına kim zəmanət verə bilər ki? Bir zaman belə bir təklif var idi ki, ölkədə jurnalist vəsiqələri bir qurum tərəfindən verilsin. Bu qurumun tam obyektiv fəaliyyətini təmin etmək mümkün olarsa, bu, pis variant olmazdı. Kənar təşkilatdan verilən jurnalist vəsiqələri isə qəbul edilməyə bilərdi. Və ya hər il yenidən neqativ fəaliyyət göstərən media orqanlarının adını elan etmək, siyahı təqdim etmək olar ki, bütün insanlar bundan xəbərdar olsun. Medianı bütün neqativlikdən qorumaq lazımdır. Bunun üçün edilən bütün işləri dəstəkləməyə və üzərimizə düşən işi görməyə həmişə hazırıq”.

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, mətbu nəşrlərin fəaliyyətinin dayandırılması praktikası dünyanın əksər ölkələrində var. JAM sədrinin sözlərinə görə, Türkiyədə bizim MTRŞ ilə təxminən eyni funksiyanı yerinə yetirən RTÜK deyilən bir qurum var: 

"Bu qurum televiziyanı sərt cəzalandırır, hətta onların fəaliyyətinə qadağa qoya bilir. Ötən gün xəbər portallarının birindən oxudum ki, Çində 12 min sayta giriş dayandırılıb. İnternet cəmiyyətlərə hüdudsuz azadlıqlar gətirib. Sözsüz ki, bu azadlıqlardan ən çox bəhrələnmək istəyənlər jurnalistlərdir. Təəssüf ki, bu cür hallar bəzən sui-istifadə hallarına yol açır. Azərbaycan Mətbuat Şurasına mətbu nəşrlərlə bağlı saysız-hesabsız şikayətlər daxil olur. 

Müşahidələrim onu deməyə əsas verir ki, edilən xəbərdarlıqlara, görülən tənbeh xarakterli tədbirlərə rəğmən, şantajı, qarayaxmanı öz fəaliyyətində əsas prioritetə çevirən bu cür mətbu orqanlar tənqiddən nəticə çıxarmır, ayrı-ayrı insanların şərəf və ləyaqətini alçaltmaqda davam edirlər”. Ekspertin fikrincə, mətbuatda özünə yer edən, hətta peşəkarların meydanını daraltmağa çalışan qeyri-peşəkarlar sözdən qənbər daşı kimi istifadə etmək xasiyyətlərindən əl çəkmirlər: "Bu isə cəmiyyətdə qeyri-sağlam ab-hava yaratmaqla yanaşı, həm də mətbuatın nüfuzuna balta vurur, jurnalistikanı nüfuzdan salır. 

Nəticədə sərt tədbirlərə əl atmaq zərurətə çevrilir. Jurnalist intizam qaydalarına əməl etməyən əsgər deyil ki, "naryad”a göndərəsən. Ya da jurnalist dəcəl şagird deyil ki, küncdə saxlayasan. Jurnalistə qarşı ən effektiv cəza tədbiri nifrətin püskürdüyü tribunanı onun əlindən almaq, yəni, çalışdığı mətbu orqanın fəaliyyətini qısa müddətə olsa belə dayandırmaqdır. Əlbəttə, mən senzuranın əleyhinəyəm. Hesab edirəm ki, sözü qandallamaq olmaz. Jurnalist informasiya yayanda sərbəst olmalıdır. Amma bu cür cəza tədbirlərinin ölkəmizdə söz azadlığına kölgə salacağına da inanmıram. Çünki qanun şantajla məşğul olan, jurnalistikanın etik prinsiplərini pozan mətbu orqanlara şamil olunacaq. Əminəm ki, peşəkarlar, jurnalist etikasına əməl edənlər, cəmiyyəti dəqiq, qərəzsiz informasiya ilə təmin edən mətbu nəşrlər bu dəyişikliklərdən əziyyət çəkməyəcəklər”.

İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb