“Medianın fəaliyyətində axsamalar olmamalıdır”

Əflatun Amaşov: “Qəzet kağızı 100 faizdən çox bahalaşıb, çap xərcləri yarıbayarı artıb”



Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov dünən parlamentdə büdcənin müzakirəsi zamanı devalvasiyanın KİV-in fəaliyyətində acınacaqlı vəziyyət yaratdığını söyləyib:

"İki devalvasiya nəticəsində medianın vəziyyəti ağırlaşıb. Qəzet kağızı 100 faizdən çox bahalaşıb, çap xərcləri yarıbayarı artıb. Bu gün qəzetlərin satışı çox zəifdir. Çünki yayım məsələsində problemlər var. Qəzetlərin reklam gəlirləri yoxdur, olsa da cüzidir. Ölkənin aparıcı KİV-lərinin illik büdcələrinin təqribən 70 faizi Azərbaycan KİVDF-nin hesabına formalaşır. Mediamız bazar münasibətləri sistemində oturuşmadığından kommersiya qurumları kimi fəaliyyət göstərmir, daha çox ictimai missiya yerinə yetirirlər. Bu missiya isə həm cəmiyyət, həm də dövlət üçün son dərəcə vacibdir. Buna görə də KİV-lərimiz qarşılaşdıqları iqtisadi çətinliklərə baxmayaraq, ayaqda qalmalıdırlar. Düzdür, biz bir çox sahələrdə qənaət etməliyik. Amma düşünürəm ki, mediaya həssas yanaşılmalıdır”. Ə.Amaşov ölkə daxilində ictimai rəyin düzgün şəkildə formalaşdırılmasının önəmli olduğunu söyləyib: "Buna görə də medianın fəaliyyətində hər hansı axsamalar olmamalıdır. Növbəti bir məqamı da xüsusi vurğulamaq istərdim. Bilirik ki, ölkəmizə kənardan maraq da az deyil. Bu maraq həmişə müsbət cəhətlərlə yadda qalmır. Elə qüvvələr var ki, onlar bu və ya digər şəkildə medianı da ələ almaq istəyirlər. Ötən illər hamımızın yaxşı xatirindədir. Düşünürəm ki, məhz buna görə də bizlər medianın maliyyə vəziyyətini hazırkı şəraitə uyğun sabit saxlamalıyıq. Bunun yolu isə KİVDF üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasından keçir. Biz hazırkı vəziyyətdə nə tez bir zamanda reklam bazarını genişləndirə, nə də hansısa başqa maliyyə vasitələrini mediaya yönləndirə bilərik. Yeganə mexanizm KİVDF-yə ayrılan maliyyə vəsaitinin artırılmasıdır. İstərdim ki, məsələyə həssas yanaşaq”.

Anar