Keçmiş həmsədr erməniləri himayə edir, sərsəm açıqlamalar verir
ATƏT-in Minsk Qrupunun Fransadan olan keçmiş həmsədri Jak For Dağlıq Qarabağla bağlı birmənalı qarşılanmayan sərsəm fikirlər səsləndirib. O deyib ki, Qarabağın erməni əhalisi öz statuslarını dəyişmək istəmir. Ona görə də Dağlıq Qarabağı Azərbaycana qaytarmaq mümkün deyil: "Əlbəttə, bu mənim şəxsi fikrimdir. Ancaq əldə edilən nəticələrə əsasən, fikir bildirilməlidir”.
Keçmiş həmsədrin sözləri Azərbaycan ictimaiyyətində kəskin etirazla qarşılanıb. Məsələyə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, bu cür yanaşmalar erməniləri şirnikləndirir: "Keçmiş həmsədrin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını mümkünsüz hesab etməsi çox yanlış bir yanaşmadır. O, çox böyük səhf edib. Hansı haqla bu cür fikirləri səsləndirirlər? Məgər Dağlıq Qarabağda azərbaycanlılar yaşamırdı? Evlərindən didərgin düşmüş azərbaycanlıların haqqı orada yaşayan ermənilərdən azdır? Təəssüflər olsun ki, bu cür yanaşmalar erməniləri torpaqlardan çıxmaq fikrindən daşındırır. Əslində belə fikirləri söyləyən insanlar erməniləri himayə edirlər. Onlar indiki vəziyyətin günahkarlarıdır”.
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, Dağlıq Qarabağda yaşayanların Azərbaycana qayıtmaq fikrinin olmaması aksiomadır: "Ordakı ermənilər "referendum” keçiriblər və Dağlıq Qarabağın "müstəqilliyini” elan ediblər. İndiki məqamda keçmiş həmsədrin bu barədə danışması Azərbaycana təzyiq xarakteri daşıyır. Amma münaqişənin həlli tək bu amildən asılı deyil. Bu cür yanaşmalar səmimi görünmür. Dövlətlərin ərazi bütövlüyü və ölkələrin müqəddəratını təyin etmək prinsipləri Minsk Qrupu tərəfindən önə çəkilib. Bəs, belə yanaşmada prinsipin birinci bəndi harda qaldı? Düşünürəm ki, bu cür fikirlər Azərbaycanın Qərbdən uzaqlaşmasına olan reaksiyalardan biridir”.
Politoloq Qabil Hüseynli bəyan edib ki, keçmiş həmsədrin Dağlıq Qarabağ məsələsinə qarışmağa ixtiyarı yoxdur: "Onun sözləri sübut edir ki, keçmiş həmsədr elə əvvəldən ermənipərəst mövqedə olub. Fikrimcə, J.For münaqişədən bixəbərdir. O bilmir ki, Dağlıq Qarabağın əhalisi təkcə ermənilərdən ibarət deyil. Oranın əhalisinin 45 faizi azərbaycanlı, 55 faizi isə erməni olub. İkincisi, ermənilər Azərbaycanın tərkibində olan yerli aborigen xalq deyil, köçüb gəlmədir. Biz ürəyiaçıqlıq edib onları torpağımıza qəbul etmişik. Tutalım, Fransada yarım milyon erməni var, Lionda əhalinin 30 faizini ermənilər təşkil edir. Onda fransızlar Lionu versinlər ermənilərə. Belə məntiq olar?”.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov söyləyib ki, Jak Forun sözləri əhəmiyyət kəsb etmir: "Ermənilərin özləri deyib ki, Şuşada Azərbaycan bayrağı dalğalanmalıdır. Jak For kimdir axı?! Elə axmaqların sözünə kim baxar? Mən də deyirəm ki, Fransanı Türkiyəyə, Əlcəzairə, Afrikaya vermək lazımdır. Bunlar boş-boş sözlərdir”.
İsmayıl