Məhbəsdə can verənlər...

Qanun da icazə verirAğır xəstəlikləri olan məhbusları vaxtından əvvəl azadlığa buraxmaq olar
Daha bir ömürlük məhbusun ölümü xəbəri yayılıb. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında qeydə alınıb. Saxlanıldığı kamerada dünyasını dəyişən 75 yaşlı Vaqif Hüseynov şəkərli diabet və ürək xəstəliklərindən əziyyət çəkirmiş. Ədliyyə Nazirliyi
Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov da açıqlamasında V.Hüseynovun məhz xəstəlikdən dünyasını dəyişdiyini bildirib.
Qeyd edək ki, V.Hüseynov 1993-94-cü illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. O, 1993-cü ildə Gəncədə baş vermiş dövlət çevrilişində iştirakda və rayon prokuroru Şəmşir Əliyevin öldürülməsində günahlandırılaraq həbs olunub. Məhkəmə V.Hüseynovun barəsində ölüm hökmü çıxarıb. Lakin sonradan V.Hüseynovun cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Qeyd edək ki, son dövrlərdə ömürlük məhbusların ölümü ilə bağlı məlumatlar da artmaqdadır. 75 yaşlı dustaq öz ölümü ilə yenidən ağır xəstəli olan məhbusların azad olunmaması ilə bağlı problemi aktuallaşdırıb. Ömrünün yetərincə böyük hissəsini məhbəsdə keçirən yaşlı və xəstə ömürlük məhbuslara güzəşt etmək lazımdırmı?
Yaşlı və xəstə məhbusun evində və ya xəstəxanada deyil, məhz türmədə ölməsinə münasibət bildirən Məmməd Zeynalov deyib ki, sağalmaz xəstəliyin son mərhələsində olan məhbusların son günlərini qohum-qardaşının əhatəsində keçirməsi üçün onların azadlığa buraxılması qanunda öz əksini tapıb. Amma Azərbaycan həbsxanalarında bu praktikanın tətbiqi nadir hadisə hesab olunur: "Ağır xəstəliyə düçar olan məhbusların vaxtından əvvəl azadlığa buraxılmasına qanun icazə verir. Amma nədənsə, Azərbaycan həbsxanalarında qanunun həmin maddəsindən heç vaxt istifadə olunmayıb. Xəstə, yaşlı insanları ölənə qədər məhbəsdə saxlayırlar. Halbuki, xərçəng, şəkər, qaraciyər serrozu xəstələrinin, ağır vərəm daşıyıcısı olan məhbusların azad olunması qanunauyğundur. Hətta ömürlük hökm alan məhbuslara da bu qaydalar tətbiq oluna bilər. Amma təcrübədə belə bir halın şahidi olmuruq. Niyəsini isə bilmirəm”.
Xəstələrin müalicəsinə gəldikdə isə M.Zeynalova deyib ki, müalicəsi mümkün olan xəstələr vaxtlı-vaxtında tibbi yoxlamadan keçirlər: "İnsafən şəkərli-diabet, vərəm xəstələrinin müalicəsinə diqqət yetirilir. Onların dərmanları vaxtlı-vaxtında verilir. Amma xərçəng kimi
sağalmaz xəstələrə necə yardım etsinlər? Hamı bilir ki, bu xəstəliyin müalicəsi yoxdur. Bu xəstəliyə azadlıqda olan insan tutulduqda kimya-terapiya vasitəsilə ömrünü uzadırlar. Məhbuslara isə kimya-terapi göstərilmədiyi üçün xərçəngli xəstələr ölümə tərk edilir”.
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı bu məsələni həmişə diqqətdə saxladıqlarını deyib: "Xəstəliklərin siyahısı var və bu siyahı Penitensiar Xidmətdə də var. Orada qeyd olunur ki, hansı xəstəliklər ağır sayılır və hansı hallarda məhbus xəstəliyə görə azadlığa buraxıla bilər. Həqiqətən də bəzən elə məhbuslar olur ki, yataq xəstəsinə çevrilirlər və onlara xüsusi qulluq etmək lazım gəlir. Belə hallarda, o məhbusların cəzasının çəkilməmiş hissəsindən azad edilməsi qərarı verilə bilər. Məsələn, kəskin böyrək çatışmazlığında xəstənin intensiv şəkildə dializdən keçməsi lazım gəlir. Həmçinin ağır diabet, ürək xəstəlikləri, infarktın son həddi, ciyər xəstəlikləri də ağır sayılır. Vərəm özü də ağır infeksion xəstəlikdir. Baxmayaraq ki, vərəmlə bağlı bizim cəzaçəkmə müəssisələrində son illər bütün lazımi tədbirlər görülür, vərəmə yoluxmuş xəstələr müalicə kursu keçir, Penitensiar Xidmətin tibb müəssisələrində müalicə olunurlar, bununla belə həbsxana şəraitində vərəm hələ də ağır xəstəliklər siyahısındadır. Ağır xəstəlikdən başqa məhbusların yaş həddi də onların azadlığa buraxılmasında böyük rol oynayır. Nəzərə alınır ki, məhbus artıq ahıl yaşdadır, qalan ömrünü həbsxana divarları arasında keçirməsin, ömrünü ailəsinin yanında başa vursun. Biz, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu olaraq bu amilləri həmişə önə çəkirik. Məhbusların siyahısı tərtib olunarkən də onların sağlıq durumu, hansı xəstəlikdən əziyyət çəkdikləri, yaş həddini əsas götürərək onların azadlığa buraxılmasına çalışırıq. "Ömürlüklər” arasında ağır xəstə olanları lap çoxdur. Çox istərdik ki, məhbusların xəstə olduqları nəzərə alınaraq onların məsələsinə baxılsın.
Xəstə, yaşı ötmüş məhbusların cəzalarının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi məsələsindən danışan D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu da bu problemi dəfələrlə əlaqədar qurumlar qarşısında qaldırdıqlarını bildirib:
- Bir halda ki, məhbusun ağır, sağalmaz xəstəliyə düçar olduğu bilinir, niyə onun son nəfəsini məhbəs divarları arasında verməsi gözlənilir? İnsanlıq, humanizm prinsipindən çıxış edərək həmin məhbusun azad edilməsi daha yaxşı olar. Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik, hər dəfə milli bayramlar, əlamətdar tarixlər öncəsi Əfv Komissiyasına göndərdiyimiz siyahılarda da yaşlı, qoca, xəstə məhbusların adlarını qeyd edirik, onların Əfv fərmanına düşməsinə çalışırıq. Cəzaçəkmə müəssisələrində yaşı 70-dən çox olan məhbuslar var, qoca adamlardır. Əlbəttə, onları azad etmək olar. Nəinki olar, hətta lazımdır da. Xəstə, qocalmış məhbusları həbsxanada saxlamağın nə mənası? Çox güman ki, vəfat edən o ömürlük məhbusun ağır xəstə olduğunu təcridxana rəhbərliyi bilib. Olmazdımı onu heç olmasa, 1-2 ay əvvəl azadlığa buraxardılar, adam öz ailəsinin, qohum-əqrəbasının əhatəsində vəfat edərdi?! Bunu ilk növbədə insanlıq tələb edir. Biz bu problemlə bağlı Ədliyyə Nazirliyinə də, Penitensiar Xidmətə də müraciətlər etmişik. Konkret hallarda məhbusların cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi qaydaları var. Məsələn, elə xəstə məhbuslar var ki, onları azad etmək mümkündü. Məhbus cəzaçəkmə müəssisəsində nümunəvi davranış göstəribsə, onun həbsdən azad edilməsi cəmiyyət üçün təhlükə törətmirsə, əlbəttə, belə məhbuslar azad edilə bilər. Bu məsələdə cəzaçəkmə müəssisəsi rəhbərləri özləri təşəbbüslə çıxış etməlidir. Həbsxana rəhbərliyi bütün məhbusları tanıyır, kimin nə problemi, hansı xəstəliyi var, bilir. Gərək onlar özləri Penitensiar Xidmət, Ədliyyə Nazirliyi qarşısında təşəbbüslə çıxış etsinlər. Niyə gözləmək lazımdı ki, xəstə məhbus həbsxanada can versin? Hüquq müdafiəçiləri bütün cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslar barədə məlumatlı ola bilməz. Bizə hansısa məhbusun ailəsindən müraciət olunur, özümüz həbsxanalarda monitorinqlər keçiririk, məhbuslarla görüşürük, amma yenə də bütün məhbuslar barədə məlumatlı olmaq faktiki mümkün deyil. Bunun ən doğru yolu, həbsxana rəislərinin məhbuslarla bağlı məlumat vermələridir, məsələ qaldırmalarıdır.
Şəymən