Məhbusların sayı azaldılacaq
“Məhkəməyədək həbs-qətiimkan tədbiri seçilməməlidir”
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Azərbaycanda Cinayət Məcəlləsindəki sanksiyalarla bağlı islahatlara ehtiyac olduğunu deyib. Məhkumların sayı ilə bağlı danışan millət vəkilinin sözlərinə görə, Azərbaycanda cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılanların sayı 24 minə qədərdir. Hansı ki, bu rəqəm eyni zamanda büdcədən xərclərin artmasına da səbəb olur:
"Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır və bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarla bağlı islahatlara ehtiyac var. İslahatlar nəticəsində məhkumların sayı xeyli aşağı düşəcək. Məsələn, hazırda qüvvədə olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrumetmə tətbiq edilir. Halbuki, narkotik aludəçisi xəstə hesab olunur və onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamağa”.
Ç.Qənizadə deyib ki, yaxın zamanlarda bununla bağlı qanunvericiliyə müvafiq islahatlar aparılması gözlənilir.
Penitensiar Xidmətin sabiq rəisi, Məhbuslara Yardım Assosiasiyasının sədri Məmməd Zeynalov Çingiz Qənizadənin dediklərində müəyyən qədər həqiqət olduğunu deyib: "Mən də hesab edirəm ki, Cinayət Məcəlləsindəki sanksiyalar aşağı salınmalıdır. Amma bundan əvvəl mövcud qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Məhkəməyədək həbs-qətiimkan tədbiri seçilməməlidir. İş məhkəməyə gələnə qədər prokurorluq orqanları həbs-qətiimkan tədbiri seçdiyi üçün ortada hakimlik bir iş qalmır. Çünki məhkəməyə qədər həbs-qətiimkan tədbiri seçiləndə hakimlər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan iş verə bilmirlər. Əks halda, həmin hakim haqqında cürbəcür iddialar səslənir deyə, onlar riskə gedib, prokurorluğun qərarını dəyişdirə bilmirlər. Sanksiyaların da müəyyən ağırlığı olsa da, məhkumların sayının bu qədər çox olması dediyim səbəblə bağlıdır. Bir problem də saxlanılan şəxslərin statusu ilə bağlıdır. Əgər hansısa təqsirləndirilən şəxsin "day-day”ı varsa, onun haqqında həbs-qətiimkan tədbiri seçmədən, bir neçə saat saxladıqdan sonra sərbəst buraxırlar. Yiyəsi olmayan adamları isə törətdiyi cinayət azəhəmiyyətli belə olsa, haqqında həbs-qətiimkan tədbiri seçib, məhkəməyə, oradan da birbaş həbsxanaya göndərirlər.
Bir daha qeyd edirəm ki, islahatlara getməzdən öncə subyektiv səbəblər aradan qaldırılmalıdır. Çünki bu situasiya heç də birbaşa qanunvericilikdə olan boşluqlardan qaynaqlanmır. Qanunvericiliyimiz kifayət qədər təkmildir. Əgər subyektiv yanaşmalar olmasa, mövcud qaydalarla da Çingiz Qənizadənin qaldırdığı problemi aradan qaldırmaq olar”.
Hüquqşünas Qurban Məmmədov isə millət vəkilinin qaldırdığı məsələnin hər zaman onun da diqqətində olduğunu deyib: "Hətta bir neçə dəfə Prezidentə müraciət etmişəm. Bundan əlavə, KİV-də çıxışlarım, video-roliklərim də var. Doğrudan da, Azərbaycanda istintaq və məhkəmə orqanları azadlıqdan məhrumetmədən başqa cəza növü tanımırlar. Əsaslı-əsassız qabağına gələn müttəhim haqqında həbs-qətiimkan tədbiri seçirlər. Çingiz Qənizadənin də qeyd etdiyi kimi, məhkumların artması büdcəyə baha başa gəlir. Ancaq onu deyim ki, məhkumların sayını azaltmaq üçün Cinayət Məcəlləsindəki sanksiyalarla bağlı islahatlardan əlavə mövcud qanunvericilikdən düzgün istifadə eləmək lazımdır. Mənim təklifim bundan ibarətdir ki, zərərçəkənlə barışıq və ona dəyən ziyanın tam ödənilməsi insanları cəzaçəkməkdən azad etməlidir. Dəfələrlə bu cür proseslə qarşılaşmışam ki, tərəflər arasında barışıq olub və təqsirləndirilən şəxs vurduğu ziyanı artıqlaması ilə ödəyib. Amma hakim həmin şəxsi məhkəmə salonundan azad etmək əvəzinə, yüngül iş kəsmək üçün 5-10 min manat rüşvət istəyib. Hesab edirəm ki, sözügedən təklif qanunvericilikdə öz əksini tapsa, ən azından azadlıqdan məhrumermə ilə bağlı cəzalar verilməyəcək. Bu zaman da həbsxanalar boşalacaq, büdcəmizə qənaət olunacaq. Ən əsası isə zərərçəkənlərin haqqı-hüququ bərpa ediləcəkdir. Ancaq indiki situasiyada zərərçəkmişlərin mənafeyi, dövlət büdcəsinin xərclərinin artması nə məhkəməni, nə də istintaq orqanlarını maraqlandırır. Onlar ancaq şəxsi "cib”lərini güdürlər. "Qurani-Kərim”də belə qeyd olunub ki, bağışlayın, bağışlananlarla xoş rəftar edin. Çünki Allah-təala bağışlayandır və bağışlayanları sevəndir”.
Avropa qanunvericiliyini misal gətirən vəkilin sözlərinə görə, Belçika kimi ölkələrdə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan bütün işlər üzrə zərərçəkmişlə təqsirləndirilən şəxs barışanda işə xitam verilir. Paradoksa baxın ki, belçikalıların qəbul etdiyi qanunlar müsəlman qaydalarına uyğundur. Bizim qanunvericiliyimiz isə dinimizlə uzlaşmır.
Bu məsələnin kifayət qədər ciddi olduğunu vurğulayan Q.Məmmədov deyib ki, kompleks tədbirlər həyata keçirilməli və həll yolları peşəkar vəkillərin, həbsxana işçilərinin, prokurorların, hakimlərin iştirakı ilə geniş müzakirəyə çıxarılmalıdır. Aparılan islahatlar məhkəmələrə, istintaq orqanlarına yox, zərərçəkənlə müttəhimlərin xeyrinə olmalıdır.
Şəymən