Ramin Hacılı: “Gənclərin bu səviyyəyə düşməsi sosial və təhsil faktorları ilə birbaşa bağlıdır”
“Məhəllə qeyrəti” və qətl...
Sevinc Elsevər: “O oğlan blokun qabağında qızı zorlamı öpürdü?”
Ramin Hacılı: “Gənclərin bu səviyyəyə düşməsi sosial və təhsil faktorları ilə birbaşa bağlıdır”
Ramin Hacılı: “Gənclərin bu səviyyəyə düşməsi sosial və təhsil faktorları ilə birbaşa bağlıdır”
"Qonşu qızına yan gözlə baxanın gözünü oymağa hazır millətik” deyimi hələ də öz aktuallığını itirməyib. Hətta hər keçən gün daha qabarıq şəkildə özünü büruzə verir. Bunun bariz
nümunəsinə cəmisi iki gün bundan əvvəl bir daha şahidi olduq.
Bu günə qədər küçədə hansısa qızın arxasınca düşüb, ona söz atanlar həmin qızın "məhlə uşaqları” tərəfindən "yaxşıca” tənbehlənir, təkrarlanacağı halda öldürüləcəyi ilə hədələnirdi. Uzağı, qol-qıçını sındırmaqla "göz dağı” verirdilər. Amma budəfəki gənc o qədər də "şanslı” olmayıb. Belə ki, "məhəllə qeyrəti” anlayışının barbar forması 25 yaşlı bir gəncin həyatına son qoyub.
Qeyd edək ki, Nərimanov rayonunda 25 yaşlı Nazim Ələkbərov sevgi qurbanı olub. Hadisə onun öz sevgilisini evlərinə ötürərkən törədilib. N.Ələkbərov qızı məhəlləsində ötürüb, sağollaşarkən öpüşüblər. Qız gedən kimi həmin məhəllədə yaşayan 24 yaşlı Kamran Həsənzadə onun qarşısını kəsib. "Bizim məhəllə sənin üçün Bombeydir? Qızla öpüşürsən burada?” deyərək bıçaqla zərbə endirib. Nazimi heç xəstəxanaya çatdırmaq mümkün olmayıb, yolda keçinib. Kamran Həsənzadə artıq tutulub. İfadəsində qətli məhəllə söhbətinə görə törətdiyini etiraf edib.
Bakıda sevdiyi qızı məhəllədə öpdüyünə görə öldürülən gəncin sevgilisi Aysel baş verənlər barədə özünün "facebook” səhifəsində yazıb: "Nazimin sevdiyi qız mənəm və o, məni ötürən
zaman öldürülüb. Biz blokda öpüşmədik. Yalan deyirlər. Sadəcə, onu qucaqlayıb evə getdim, 20 dəqiqə sonra eşitdim ki, bıçaqlayıblar”.
Ümumiyyətlə, son illər ölkədə "namus cinayətləri” kəskin şəkildə artmaqdadır. Baş verənlərə isə cəmiyyətin, ekspertlərin yanaşmaları fərqlidir. Bir tərəf bunu mentalitetlə bağlayır. Qarşı tərəf isə günahı cəmiyyətin avropalaşmağında görür, televiziyanı, interneti günahlandırırlar ki, gənclər həddindən artıq sərbəstləşib. Bəs görəsən gənc yazarlar və ictimai fəallar nə düşünür?
Sevgilisini bloka qədər ötürən oğlanın "məhəllə söhbəti”nə qurban getməsinin çox dəhşətli bir hadisə olduğunu deyən gənc yazar Sevinc Elsevər isə sualımızı günümüz üçün aktual və çox təəssüf ki, cavabsız qalan suallarla cavablandırıb: "Qətli törədən qatil heçmi sevgidən bəhs edən şeir oxumayıb, ya bir mahnı dinləməyib? Filmlərdə, romanlarda öpüşən cütlüklər heçmi onu həyəcanlandırmayıb? Nəhayət, bu adam sevmək nədi bilmir? Necə olur ki, iki gəncin, iki sevgilinin gələcəyini, xoşbəxtliyini heçə sayaraq, İŞİD qanunlarıyla bir adamın qətlinə fərman verir? Yolda, balkonda, evində qadına şiddət göstərən o qədər kişi var ki. Heç nədən qadını döyür, gözünü qaraldır. Qonşular, qohumlar da bunu görür və sadəcə susurlar, bir dəfə də səslərini çıxartmırlar. Amma qadını sevib, oxşayan adam görəndə dəliyə dönürlər...”.
Qonşu qızının sevgilisini öldürən oğlanın bu addımını vəhşilik hesab edən xanım yazar yenə sual edib: "O oğlan blokun qabağında qızı zorlamı öpürdü? Əlbəttə, kimsə küçədə qonşu qızı və ya hər hansı qızı zorla öpməyə, sataşmağa qalxsa, bunu görən oğlanın onu müdafiə eləməsi təqdir olunandır. Amma burada məsələ başqa cürdür axı! İki yetkin gənc nə edib? Sadəcə biri-birini sevib və görüşdən sonra oğlan qızı evinə ötürərkən öpüb. Heyvan kimi küçədə cütləşməyib ki?! Sözün açığı, mənim hər iki gəncə heyfim gəldi. Onların hər ikisi cəhalətin və bundan doğan vəhşiliyin qurbanı olub. Günahı sadəcə sevdiyi qızı qucaqlayıb, öpmək olan 25 yaşlı Nazim həyatını, qız isə gələcəyini itirdi. Həmin xanım bu hadisə ilə həyatı boyu unuda bilməyəcəyi travma aldı. Hansı ki, öldürülən oğlan onun doğulacaq körpələrinin atası ola bilərdi!”
S.Elsevərin sözlərinə görə, ancaq uzun bir zaman alacaq maarifçilik yolu ilə bu tendensiyalardan yaxa qurtarmaq olar: "Televiziyalarımız bütün gün efirdə əttökən verilişləri, bayağı müğənniləri təbliğ etməklə məşğuldur. Bütün günü bu həyatda bəxti gətirməyən adamları çıxarıb ittiham edirlər. Elgizin, Zaurun verilişlərində az qala şəriət məhkəməsi qururlar. Bircə, insanları meydanın ortasına çıxarıb daş atmaqları qalır. Sözdə cəmiyyətdə maarifləndirmə aparır, gəncləri pis vərdişlərdən çəkindirirlər. Hansı ki, o verilişlərə çağırılan ekspertlərin heç biri maarifçi deyil. Hamısı mühafizəkar adamlardı. Axı onlara baxan gənclik nə öyrənə bilər? Ancaq və ancaq hamının işinə qarışmağı, əxlaq məhkəməsi qurmağı və ittiham eləməyi... Verdikləri filmlər də proqramlarından daha betərdi. Hamısı ucuz, aşağı kateqoriyalı filmlər. Ən gülməlisi də odur ki, bütün bunların fonunda sağlam təfəkkürlü gənclik arzulayırıq. Axı onlara nə vermisiniz ki, nə də tələb edəsiniz?”
Gənc fəal, Avropa Gənclər Hərəkatının sədri Ramin Hacılı isə deyib ki, gənclərin "məhəllə söhbəti”nə görə, qətl törətməsini doğuran səbəblər çoxdur: "Əsas səbəb də ondan ibarətdir ki, insanlar özünüifadə formasını tapa bilmirlər. Təhsilli adam özünü elm sahəsində ifadə edir, idmanla məşğul olan gənclər bu sahədə əldə etdiyi nailiyyətlərlə cəmiyyətdə özünü təsdiq edir. Hərbiçilər öz vətənpərvərliyi, şücaəti ilə özünə hörmət qazanır. Yaxud da, digər sahələrdə çalışan insanlar gördükləri işlərlə özlərini ifadə edirlər. Amma Azərbaycan vətəndaşlarının 50 faizinin özünüifadə problemi var. Təhsildən, maariflənmədən kənar qalan gənclər də bu və ya digər formada lokal həyatlarında, məhəllədə özlərini ifadə edib, hörmət qazanmağa çalışırlar. Şəhərdə müşahidə aparanda nə qədər gəncin "avtoş”luq etdiyini, avtomobildə mahnının səsini "polnu xoda” qoyub gələnə-gedənə ilişdiyinin, qısa ətəkli qızlara söz atdıqlarının şahidi oluruq. Bunlar hamısı özünüifadə formalarıdır. Gənclərin bu səviyyəyə düşməsi isə sosial və təhsil faktorları ilə birbaşa bağlıdır”.
Azərbaycanda insanlara kifayət qədər azadlıq verilmədiyini vurğulayan R.Hacılı deyib ki, bu azadlıqlar həm dövlət, həm də cəmiyyət tərəfindən məhdudlaşdırılır. Bu da dinin və mentalitetin ortaya çıxardığı fəsadlardır: "Din ölkəmizdə "Qurani-Kərim”də qeyd olunduğu kimi yox, qadağalarla tətbiq olunur. Eyni ilə də qanunlarımız vətəndaşlara maarifləndirici üsullarla yox, qadağalarla təbliğ olunur. Qərb dövlətlərində "olmaz” sözündən istifadə olunmur. Maksimal hədd göstərilməklə "bu qədər olar” anlayışından istifadə olunur. Azərbaycan da bu təcrübədən istifadə etməli və daha çox "olar”lar təbliğ olunmalıdır. Çünki insan daha çox "olmaz”a meyl edir. "Niyə, olmaz” sualına cavab tapmaq üçün həmin qaydanı pozur. Nəticədə isə yenə də ortaya özünü ifadə problemi çıxır. Deməli, biz məsələyə kompleks şəkildə yanaşıb, sistemli proqram həyata keçirməliyik. Biz illərdir, bunun davasını aparırıq ki, insanların azadlığı artırılmalı, onlar arasında maariflənmə aparmaqla özünü ifadə qaydaları aşılanmalıdır. Məsələ təkcə bir gəncin qonşu qızının qeyrətini çəkməsi, onun üçün əlini qana bulaması ilə bitmir. Son illər cəmiyyətimiz həddindən artıq aqressivləşib. Küçədə çiynimizə toxunan, ictimai nəqliyyatda ayağımızı tapdalayan, əks yoldan qabağımıza çıxan sürücüyə qarşı verdiyimiz sərt reaksiyaların əsas səbəbi gərginlikdir. Azərbaycan vətəndaşları rahatlıq nədir bilmir. Qərb dövlətlərində həftənin 5 günü küçədə boş adam tapmaq olmur. Hər kəs evində, işində, məktəbində öz işi ilə məşğuldur. Həftə sonları isə hamı əyləncə mərkəzlərində, parklarda dincəlib, həftənin yorğunluğunu atır, mənəvi rahatlıq tapırlar. Rahatlıq olan cəmiyyətdə isə maşını əzilən vətəndaş gülə-gülə "Narahat olmayın, hər şey yaxşıdır” deyir. Azərbaycan insanı isə başdan-ayağa gərginlik içərisindədir, "gözün üstə qaşın var” deyən olanda da "partlayır”.
Biz hələ də azadlığı sovetlərin, dini isə İranın təbliğat maşını ilə təbliğ edirik. Nəticə isə göz önündədir. Deməli, biz sivil dünyaya inteqrasiyaya üstünlük verməliyik. Bunun üçün də ən başlıcası insanları rahatladacaq mexanizmlərin tapılmasıdır. Bu gün ən aktual problemlərdən birinə münasibət bildirməklə mən özümü ifadə etmiş oluram. Artıq bu hadisənin gərginliyi üzərimdən çəkilir və rahatlayıram. Amma bundan məhrum olan insanlar var ki, bütün günü "tin”də oturub, özünü göstərməyin yollarını axtarır. Küçəyə gələn bir- iki yad adamla mübahisə edir, üçüncü dəfə isə birini öldürür”.
Şəymən