Məhkəmə sistemi bərbad vəziyyətdədir, hakimlər ədalətli qərar çıxarmırlar

İradə Cavadova: “Məhkəmə Hüquq Şurası real addımlar atmaqla bu haqsızlıqları aradan qaldıra bilər”
“Hər il hakimlərin fəaliyyəti yoxlanılsın. Bəlkə də, elə hakim var ki, təcrübəsizlikdən düzgün qərar qəbul edə bilmir”



Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkilləri məhkəmələrin fəaliyyətindən gileylənib. Çıxışçılar vətəndaşların məhkəmələrlə bağlı müraciətlərini həll edə bilməmələrindən danışaraq, xəcalət çəkdiklərini deyiblər.

Məhkəmələrin insanlara qarşı çox haqsızlıqlar etdiyini vurğulayan deputatlar eyni zamanda ölkədə məhkəmələrin qərarlarının icrasına nəzarət mexanizminin çox zəif olduğunu iddia ediblər: "Çünki bu qurumların heç biri işləmir. Məhkəmələr qərar verirlər. Amma icra orqanları bu qərarları icra etmək istəmir, ya da icra edə bilmirlər. Halbuki, buna görə vətəndaşlar yenidən məhkəmə iddiaları qaldıra bilərlər”.

"İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, vəkil İradə Cavadova səslənən tənqidləri təsdiq edib ki, bir çox hallarda məhkəmələr qanuni şikayətlərlə bağlı süründürməçiliyə yol verir: "Xüsusən də, Ali Məhkəmə hansısa bir "səhv” tapıb, işə yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərir və bununla da məsələ uzanır. Bu isə o zaman baş verir ki, tərəflərdən biri süni şəkildə, məhz məhkəmə prosesini uzatmaq xatirinə vəsatət qaldırır və hakimlər də buna şərait yaradır. Bu mənada millət vəkillərinin dediklərində böyük həqiqət payı var. Məhkəmələrdə insanlara qarşı haqsızlıqlar, ədalətsizliklər çox olur. Bəzən biri-birinin tamamilə eyni olan situasiyalarda fərqli-fərqli məhkəmə qərarlarına şahid oluruq. Vəkillər də məcburən belə qərarları sübut kimi birinci instansiya məhkəməsinin hakimlərinə göstərirlər ki, eyni durumla bağlı Ali Məhkəmənin bu cür yekun qərarları mövcuddur. Amma bu heç də mövcud çatışmazlıqları aradan qaldırmır. Çox yaxşı olar ki, hakimlərimiz üçün xüsusi kurslar təşkil olunsun və onlara həm çevik, həm də operativ iş aparılması qaydaları aşılansın”.

Millət vəkillərinin problemin həllinə heç cür təsir imkanları olmadığını xatırladan İ.Cavadovanın sözlərinə görə, heç bir dövlət orqanı və ya səlahiyyətli şəxs məhkəmə qərarlarına müdaxilə etmək iqtidarında deyil. Lakin yuxarıda da qeyd etdiyim kimi, Məhkəmə Hüquq Şurası real addımlar atmaqla bu haqsızlıqları aradan qaldıra bilər: "Hakimlərin ədalətsiz qərarları ilə bağlı şikayətlər sözügedən Şuraya göndərilir. Yaxşı olar ki, Şura şikayətləri ciddi araşdırsın və müraciətləri vaxtında cavablandırsın. İşində qanunsuzluqlara yol verən hakimlər isə cəzalandırılsın. Hər il hakimlərin fəaliyyəti yoxlanılsın. Bəlkə də, elə hakim var ki, təcrübəsizlikdən düzgün qərar qəbul edə bilmir. Yəni bilərəkdən yox, bilməyərəkdən haqsız qərarlar qəbul edir. Bütün bunlar araşdırılmalı və təklif etdiyim kurslarda onlara təcrübə keçirilməlidir. Həmçinin alman üsulundan da istifadə etmək olar. Almaniyada ən azı 3 ayda bir dəfə məhkəmələrdə "açıq qapı” günü elan edilir. Təcrübəli hakimlər yekunlaşmış qərarlarla bağlı iştirakçılara mühazirə xarakterli bir izahat verirlər ki, filan situasiya ilə bağlı filan qərar qəbul edilib. Amma nümunələr adları dəyişdirmək şərti ilə çəkilir”.

Ölkədə məhkəmə qərarlarının icrası sahəsində yaşanan problemlərə toxunan vəkil bu məsələnin məhkəmələrə aid olmadığını deyib. Onun sözlərinə görə, rayon icra hakimiyyətinin başçıları bilərəkdən bu qərarların icrasına əhəmiyyət vermirlər: "Daha doğrusu, təzminat ödəyəcək tərəflə sövdələşməyə getmək kimi ədalətsiz addımlar atırlar. Xüsusən də, dövlət strukturları belə məhkəmələrin yekun qərarlarını icra etmək istəmir. Hətta onlar qüvvəyə minmiş məhkəmə qərarını belə mübahisələndirir. Hakimin qərarının ədalətsiz olduğunu iddia edərək, məsuliyyətdən boyun qaçırır. Biz vəkillər üçün bu cür insanları başa salmaq çox çətindir ki, istənilən şəxs artıq qüvvəyə minmiş məhkəmə qərarını icra etməyə borcludur”.

Şəymən