Artıq vəziyyət dəyişib, Azərbaycan tərəfi də öz tələblərini diktə etməlidir
Cəbhədə baş verən erməni təxribatları, Azərbaycan ordusunun əks hücum əməliyyatları, strateji yüksəkliklərin geri qaytarılması kimi amillər danışıqlar prosesində Azərbaycanın mövqeyini xeyli gücləndirib.
Əks halda, son vasitə kimi hərbi yolla torpaqların işğaldan azad olunacağı fikri beynəlxalq diplomatik müstəvidə mühüm gedişatların başlanılmasına bir təkandır. Ermənistan-Azərbaycan siyasi dialoqunun aparılmasında vasitəçi tərəflərin bu günlərdə verdiyi mesajlara nəzər yetirsək, Azərbaycanın artıq danışıqlar masasında qalib tərəf statusunda əyləşdiyini hesab edə bilərik.
Qarabağ münaqişəsi ilə bağlı indiyədək aparılan danışıqlarda - irəli sürülən həll variantlarında Laçın dəhlizinin neytral zona olaraq Dağlıq Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişi üçün ayrılması şərti qoyulur, Ermənistan bu şərtin üzərində həmişə israr edirdi. Ancaq son proseslərdən sonra ölkə mətbuatında Azərbaycanın bunun əvəzində Mehri dəhlizi məsələsini şərt olaraq qaldırması müzakirə predmetinə çevrilib. Belə ki, Naxçıvanda Dağlıq Qarabağda yaşayan ermənilərdən iki-üç dəfə çox azərbaycanlı yaşayır. Azərbaycan həmin vətəndaşlarına tarixi Azərbaycan torpağı olan Mehridən birbaşa gediş-gəliş üçün dəhliz ayrılmasını qaldıra bilərmi?
Millət vəkili Bəxtiyar Sadıqovun sözlərinə görə, Laçın dəhlizi məsələsi ermənilərin daim üzərində təkid etdikləri şərtdir: "Onlar deyirlər ki, Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistana sərbəst gediş-gəlişi Laçın dəhlizi vasitəsilə təmin edilməlidir. Azərbaycan da hələ 1990-cı illərdə sülh danışıqlarında Mehridən Naxçıvana dəhliz məsələsini gündəmə gətirib”.
Danışıqlarda vaxtilə bu məsələnin olduğunu deyən millət vəkili qeyd edib ki, hətta o zamanlar bir "Qobl variantı”nda da Laçın dəhlizinin güzəştinin əvəzinə Mehri dəhlizinin güzəştə gedilməsi məsələsi əksini tapmışdı: "Ermənilər o dövrdə və sonrakı illərdə özlərini güclü sayırdılar, ona görə də bu cür təklifləri qəbul etmirdilər. Birmənalı güzəştsiz mövqedə qalırdılar. Onlarda bir düşüncə var idi ki, Azərbaycan uzun müddət dözəcək və işğal faktı ilə barışıb Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Bu özündən müştəbehlik Ermənistanı nəinki Mehri məsələsində, hətta Dağlıq Qarabağın ətrafındakı işğal altındakı bircə rayonun da geri qaytarılması təklifini rədd etməyə sövq eləyirdi. Lakin artıq vəziyyət dəyişib, Azərbaycan ordusu aprelin əvvəlində öz gücünü göstərdi və Ermənistana yerini göstərdi. Bundan sonra Ermənistan güzəşt mövqeyinə keçməyəcəyi halda daha sarsıdıcı zərbə alacağına əmindir. Odur ki, danışıqlarda Mehridən Naxçıvana dəhliz verilməsi variantını qəbul etməyə hazır olmalıdırlar. Ermənistan bilməlidir ki, budəfəki danışıqlar əvvəlki danışıqlardan olmayacaq. Şəxsən düşünürəm ki, Mehri məsələsi kimi məsələlər də ortada olacaq və Ermənistan bununla razılaşmaq zorunda qalacaq”. (müsavat.com)
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu təklifin yerində verildiyini deyib: "Bu bizim üçün həyati əhəmiyyətli məsələ olduğu üçün Mehri dəhlizi hər zaman gündəmdə olub. Ermənistan Laçın dəhlizini şərt kimi irəli sürərək Dağlıq Qarabağla quru yolunu bağlamaq istəyir. Biz də Mehri dəhlizi ilə Naxçıvana quru yolunu açmağa nail olmalıyıq. Biz yenidən Ermənistanın sülh danışıqlarında Laçın dəhlizini neytral zona olaraq Dağlıq Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişi üçün ayrılması şərtini qoymasına şərait yaratmamalıyıq. Onlar sülhməramlı qüvvələrin orada yerləşdirilməsi tələbini qaldıranda biz də həmin qüvvələrin Mehri istiqamətində yerləşdirilməsinin daha məqsədəuyğun olduğunu deyə bilərik. Bu zaman bizim də Naxçıvana quru yolu ilə təhlükəsiz gediş-gəliş imkanımız olar. Hətta biz indiki halda bir başqa məsələni də gündəmə gətirə bilərik. Ermənistan Dağlıq Qarabağa status verilməsi məsələsini hər zaman ön plana çəkir. Biz də məsələ qaldıra bilərik ki, Ermənistanda yaşayan azərbaycanlılar da öz müqəddəratlarını müəyyənləşdirsinlər. Ermənilər başqa dövlətlərin tərkibində separatçılıq yaratmağa çox meyillidirlər. Görəsən, eyni situasiya ilə öz ölkələrində qarşılaşsalar, hansı reaksiyanı verərlər?”
Şəymən