Məhsul bol olacaq

İstifadəsiz torpaqların geri qaytarılması vacib idi




Azərbaycanda 255 min hektara yaxın istifadəsiz torpaqlar geri qaytarılıb. 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktı aşkarlanıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, istifadəsiz qalmış torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə açıqlamasında bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəyə verilməsi ilk növbədə məhsuldarlığın artmasına şərait yaradacaq: 

"İstifadəsiz torpaqların geri qaytarılması vacib idi. Belə torpaqların böyük bir qismi zəbt olunmuş torpaqlardır. Etiraf etmək lazımdır ki, istifadə olunmayan torpaqların çoxu məmurlar tərəfindən alınır və həmin torpaqlar əkin üçün yararlı olmasına baxmayaraq istifadə olunmur. Ona görə də həmin torpaqların geri qaytarılması torpaqların həcmlərinin daha da artmasına, fermerlərimizin daha çox torpaq sahələrindən istifadəsinə imkan verəcək.

Nəzərə alsaq ki, bu gün aqrar sektorun əsas problemlərindən biri əkin üçün yararlı torpaq sahələrinin azlığıdır. Torpaq fondunun genişləndirilməsi vacibdir. 

Torpaq fondunun genişləndirilməsi bütövlükdə kənd təsərrüfatı məhsullarının çoxalması, istehsalın genişlənməsi baxımından çox vacibdir. Eyni zamanda bu, rentabelliyə, məhsuldarlığa müsbət təsir göstərəck. Çünki istifadəsiz olan torpaqların böyük bir qismi məhsuldardır. Buna baxmayaraq onlardan istifadə olunmurdu. Həmin torpaqların təkrar istifadəyə verilməsi məhsul istehsalına müsbət təsir göstərəcək”.

Yeganə Bayramova