Məktəbli qız 5 nəfərin zorakılığına məruz qalıb

İki nəfər həbs olunub, 3 nəfər isə azadlıqdadır
Görün məktəb binası nə qədər nəzarətsizdir ki, üç il ərzində onlar bu iyrənc əməllərini yerinə yetiriblər

Bir neçə ay əvvəl Beyləqanda sinif yoldaşları tərəfindən zorlandığı iddia edilən məktəbli qızla bağlı yeni faktlar üzə çıxıb. Xatırlayırsınızsa, orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı. Həmin vaxt Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova "heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur”- deyə məsələyə aydınlıq gətirdi. Bundan sonra hadisəyə müxtəlif don geyindirilsə də, iki nəfərin həbsi ortalığı sakitləşdirdi. AzNews.az isə uzun sürən axtarışlar nəticəsində 5 nəfərin zorakılığına məruz qalan məktəbli şagirdin anasını taparaq hadisənin təfərrüatlarını araşdırıb.

Qızın sözlərinə görə, Rasim adlı sinif yoldaşı onu çəkdirdikləri səmimi fotolarla hədələyib. Əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur edib.

Təcavüz qurbanı olan məktəbli sinif yoldaşlarının onu 3 il şantaj altında saxladıqlarını deyib.”Səni çəkmişəm, gəlməsən, videogörüntülərin internetə qoyulacaq” hədəsi ilə bir neçə oğlan onunla qeyri-ənənəvi yolla cinsi əlaqədə olub və hər biri də etdikləri bu əxlaqsızlığı videoya çəkib.

Əldə olan görüntülərinin internetdə yayılmasından qorxan qız da onu şantaj edən oğlanların hər dediyini edib. Razı olmadığı vaxtlarda isə saçından tutub, məcburi əlaqədə olublar: "Çox vaxt məktəbdə zorlayırdılar. Bir neçə dəfə də kənarda olub. Məktəbə yaxın boş ərazi var idi. Məni darta-darta ora aparıblar. Videodan da görünür ki, məni ora təhdidlə aparıblar. Döyərək saçımı yolublar, "eləməlisən” deyib zorakılığa məcbur ediblər, daha sonra da çəkiblər. Videoda mənim yalvarışlarım eşidilir. İstəmirdim, canım ağrayırdı. Onlar məni zorlayanda gözümdən yaş gəlirdi, güclə nəfəs alırdım. Yalvarırdım buraxın məni. 

Heç kim baxmırdı, ehtiyaclarını ödəyəndən sonra məni buraxırdılar”.

Ən dəhşətlisi isə odur ki, bütün bu biabırçılıq məktəbdə yaşandığı halda rəhbərliyin dünyadan xəbəri olmayıb, ya da qızın anasının iddia etdiyi kimi müəllimlərin bundan xəbəri olub, amma susublar.
Hazırda işin məhkəmədən geri qaytarıldığını vurğulayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə istintaqın düzgün aparılmadığını deyib: "İşi ilk olaraq Telman adında müstəntiq aparıb. Məlum olub ki, Telman müəllim dindirmədə ana və qızı ilə kobud rəftar edib, onların üstünə qışqırıb. Məsələ ilə bağlı Beyləqan Rayon Prokurorluğu və Baş Prokurorluğa müraciət etdik. 150-ci maddənin bütün bəndlərinin qoyulmasını, işi aparan müstəntiqin dəyişdirilməsi tələblərini irəli sürdük. Prokurorluq bunu nəzərə aldı. Mən bu cinayət işinin obyektiv aparılacağına əminəm. Əslində burada mütəşəkkil cinayətdən söhbət gedir. Bu cinayətdə 5 nəfər iştirak edib. Baş verən cinayət işində iki nəfər tutulub. Hazırda Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib azadlıqdadır. Hansı ki, bu videonun çəkilməsində bunlar iştirak edib. Biz sona kimi gedəcəyik”.

Bir çox hallarda orta məktəblərdə şagirdlər arasında münasibətlərə düzgün nəzarət olunmadığını vurğulayan təhsil eksperti Kamran Əsədovun "Şərq”ə açıqlamasına görə, bu kimi halların baş verməsində əsas günahkar məktəb direktoru, psixoloq və müəllimlərdir. Müəllimlərin, məktəb rəhbərliyinin təhsilə, məktəbə, şagirdlərin taleyinə biganə münasibət bəsləməsinin xoşagəlməz hal olduğunu deyən K.Əsədov hər bir məktəbdə tərbiyə işləri üzrə direktor müavini, sinif rəhbəri, psixoloq ştatı olduğunu deyib:

"Bəs onlara niyə pul ödənir? Görün məktəb binası nə qədər nəzarətsizdir ki, üç il ərzində onlar bu iyrənc əməllərini yerinə yetiriblər. Bu, özbaşınalıqdır. Hətta düşünmək olar ki, məktəb rəhbərliyi özü şərait yaradır. Necə yəni, şagirdlər dərsdən çıxandan sonra kimsə məktəbə nəzarət edə bilmir? Bəs onlar nə işlə məşğul olurlar? Bu kimi hallar təəssüf ki, təhsilin inkişafına böyük zərbə vurur. İnsanların təhsilə inamına və cəlb olunmasına mənfi təsir göstərir.

Məktəb rəhbərliyi və psixoloq ilə bağlı məsələlər ciddi şəkildə nəzarətə götürülməlidir”.

Şəymən