“Məleykə Abbaszadənin fikirləri ilə razı deyiləm”

Nabatəli Qulamoğlu: “Qəbul imtahanlarında köçürmə halları müəyyən qədər olur”
“Fakt odur ki, ortada bir qanunsuzluq var və burada iki tərəf var: Təhsil Nazirliyi və TQDK”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Trend.az-a müsahibəsində 2015-ci ilin qəbul imtahanlarında orta attestat balı yalnız "üç” olan 4 abituriyentin qəbul imtahanlarında 350-450 bal arasında nəticə göstərdiyini açıqlayıb. Hazırda həmin abituriyentlərin bu nəticəni necə əldə etməsi ilə bağlı araşdırma apardıqlarını vurğulayan komitə sədri bu abituriyentlərin attestatlarında bütün qiymətlər "üç” ola-ola, 350-450 bal toplamalarının inandırıcı olmadığını deyib.

M.Abbaszadənin sözlərinə görə, bu, orta məktəbdə həmin şagirdə qarşı subyektiv münasibətin nəticəsi və ya imtahan vaxtı onun yanında oturan güclü abituriyentin yardımı nəticəsində ola bilər. Həmin abituriyentlərin yüksək bal toplamasında köçürmə amilinin hansı dərəcədə rol oynaya bilməsinə gəldikdə, M.Abbaszadə bildirib ki, yanaşı və arxa-arxaya əyləşən abituriyentlərin biri-birindən köçürməsi qeyri-mümkündür. Çünki onların variantları müxtəlif olur: "Hər imtahandan sonra - nəticələr elan edilməmişdən əvvəl xüsusi proqramlar vasitəsilə köçürmə halları aşkar edilir. Müəyyən araşdırmalardan sonra köçürmə faktları olan nəticələr ləğv edilir. Belə köçürmə halları ildən-ilə azalır. Bu il 3-4 belə hal olub. Yuxarıda qeyd etdiyim hala gəldikdə isə, mümkündür ki, hansısa güclü abituriyent onun yanında əyləşən digər abituriyentə yardım etmək məqsədilə həm öz suallarına, həm də yanında əyləşənin suallarına cavab versin. Bunun üçün onlar sual kitabçalarını dəyişdirirlər, yəni abituriyent öz variantına uyğun olmayan variantı işləyir. Bu isə 99,9 faiz halda nəzarətçi və ya imtahan rəhbəri tərəfindən elə imtahan zamanı aşkar edilir və bu "yardım”ın nəticəsində hər iki abituriyent imtahan zalından xaric edilir, nəticələr ləğv olunur. 2015-ci ildə I-IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında belə hallara yol verdiklərinə görə, 66 nəfər imtahandan xaric edilib”. Təhsil eksperti Nabatəli Qulamoğlu da bu hadisə araşdırılmadığı üçün fakt üzrə konkret fikir bildirməyin çətin olduğunu deyib: "Amma subyektiv yanaşmam ondan ibarətdir ki, neçə illik müəllimlik təcrübəmdə hələ görməmişəm ki, orta məktəbdə əla oxuyan uşağa müəllim "üç” qiyməti yazsın. Əgər doğrudan da o uşaq "4”-ə, "5”-ə oxumağı bacarırsa, deməli o, öz hüquqlarını müdafiə eləməyi də bacarar. Müəllim ona hər nə qədər qərəzli yanaşsa da, o istənilən halda öz qiymətini "qoparıb” alacaq”. Ekspertin sözlərinə görə, orta attestat balı yalnız "üç” olan abituriyentlərin qəbul imtahanında 350- 450 bal arası nəticə göstərməsi kifayət qədər ciddi məsələdir və mütləq araşdırılmalıdır: "Burada bütün şübhələr qəbul imtahanının üzərində dayanır. TQDK sədrinin köçürmə hallarının istisnası barədə fikirləri ilə də razı deyiləm. Qəbul imtahanlarında köçürmə halları müəyyən qədər olur. Əgər bu tələbələr yüksək nəticəni köçürməklə əldə etməyiblərsə, deməli, hansısa qanunsuzluğa yol verilib. Fakt odur ki, ortada bir qanunsuzluq var və burada iki tərəf var: Təhsil Nazirliyi və TQDK. Ancaq əminliklə bu hadisədə nazirliyin rolunu minimuma endirirəm. Düzdür, məktəblərdə zəif oxuyan şagirdlərə yüksək qiymət yazmaq kimi xoşagəlməz hallar müşahidə olunur. Amma heç bir halda əlaçı şagirdə "üç” qiymət yazmırlar. Ona görə də, bu məsələni birbaşa TQDK-nın işi ilə bağlayıram. İkinci bir variant yoxdur. Ya imtahan prosesində müəyyən boşluqlar olub, uşaqlar da fürsətdən istifadə edib, bu cür yüksək nəticələr göstəriblər. Ya da ki, hansısa qanunsuzluğa yol verilib”. Nabatəli müəllim deyib ki, hadisənin üzərindən çox keçmədiyi üçün çox asanlıqla həmin tələbələri yenidən imhatana çəkib, həqiqəti üzə çıxarmaq olar: "Yəni 2015-ci ilin qəbul imtahanlarının üzərindən elə də çox vaxt keçməyib. 5-6 il ərzində insan biliklərinin maksimum 20-30 faizini itirə bilər. Hesab edirəm ki, həmin tələbələrin hər birini yenidən imtahan etməklə onun bilik göstəricilərini öyrənmək olar. Ya da ki, ictimaiyyətin müstəqil, ədalətli ekspert kimi tanıdığı pedaqoqların iştirakı ilə sınaq imtahanları təşkil etmək olar. Çünki Təhsil Nazirliyinə "bəm” tutan, onların nöqsanlarına göz yuman insanlarla bu cür araşdırmalardan müsbət nəticələr əldə etmək mümkün deyil”.

Şəymən