Əslində eynilə özəl universitetlərə qəbul planı üzrə yerlər artırılıb
2017/2018-ci tədris ili üzrə qeyri-dövlət ali təhsil müəssisələrinə (özəl ali məktəblər) ayrılan plan yerlərinin sayı azaldılıb. Əgər 2016/2017-ci tədris ili üzrə özəl ali məktəblərə qəbul planı 7038 olmuşdusa, növbəti tədris ili üçün bu rəqəm 6195 olacaq.
Ali məktəblər üzrə ən çox plan yeri Azərbaycan Kooperasiya Universitetinə, ən az isə Bakı İslam Universitetinə ayrılıb. 2016/2017-ci tədris ili üzrə 6195 qəbul planından 760 yer Xəzər Universiteti, 560 yer Bakı Biznes Universiteti, 480 yer Bakı Avrasiya Universiteti, 390 yer Bakı Qızlar Universiteti, 1115 yer Azərbaycan Kooperasiya Universiteti, 525 yer Azərbaycan Universiteti, 230 yer Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, 345 yer Naxçıvan Universiteti, 780 yer "Odlar Yurdu" Universiteti, 860 yer Qərb Universiteti, 150 yer isə Bakı İslam Universiteti üçün nəzərdə tutulub.
Növbəti tədris ili üçün qəbul planının azaldılması, əsasən, 2 özəl ali məktəb - "Təfəkkür” Universiteti və Qafqaz Universiteti ilə bağlı verilən qərarlarla əlaqədardır. Qafqaz Universitetinin təhsil strukturu bütövlükdə Bakı Mühəndislik Universitetinə verilib və bu ali məktəb dövlət statuslu universitet kimi fəaliyyətini davam etdirir.
"Təfəkkür” Universiteti isə bu tədris ilindən fəaliyyətini dayandırıb və növbəti il həmin universitetə qəbul aparılmayacaq.
Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, özəl ali məktəblərə qəbul üzrə plan yerlərinin azalması yanlış məlumatdır. Ekspertin sözlərinə görə, hətta ötən illərlə müqayisədə bu il plan yerlərinin sayında artımlar müşahidə olunur:
"Min dənə plan yerinin azalmasına hər hansı bir səbəb yoxdur. Əksinə, bu il ali məktəblərə, eynilə özəl universitetlərə qəbul planı üzrə yerlər artırılıb. Təəssüflər olsun ki, qeyri-peşəkarlar yerlərin kəskin şəkildə azalmasından danışırlar. Bildiyimiz kimi, Azərbaycanda özəl universitetlərdən bağlananlar oldu. Yəni, Qafqaz Universiteti bağlandı və onun yerinə Bakı Mühəndislik Universiteti açıldı ki, bu da dövlət universitetidir.
Bakı İslam Universiteti keçən illər 100 yüz yer əyani, 25 yer isə qiyabi üçün ayırmışdı.
Ümumilikdə bu il, yəni 2017/2018-ci il üçün plan yerlərində hər hansı bir azalma yoxdur, bu il fantastik həddə plan yerləri artırılıb və 43 minə çatıb. Məsələn, 2015-ci ildə bu rəqəm 37 min, 2016-ci ildə 40 min idisə, bu il Azərbaycanın təhsil tarixində rekord hədd 43 mindir. Hər il ən aşağısı 1.8 - 2 faizə qədər artım olur, çünki bu, dövlətin strategiyasıdır və ali təhsillərin faizini artırmaq məqsədi üçün həyata keçirilir”.
Yeganə Bayramova