Məmur sərsəm açıqlama verdi

Vətəndaşları “hər yerindən duran” adlandırmaq səlahiyyəti heç kimə verilməyib
Vətəndaş öz istəyi ilə, cibinə görə qərar verir, bilet alır. Məgər “SV” vaqonlarda kimlərin səyahət etmək hüququ olduğu hardasa yazılıb?


Vətəndaşların kateqoriyalara bölünməsi, aşağılanması, kəndli-şəhərli ayırmaları təəssüf ki, son zamanlar artır. "Hər yerindən duran” xalqı təhqir edir. Bir müddət əvvəl millət vəkili Aslan Şahverdiyev (vəfat edib artıq) Rusiyada çalışanları "otxod” adlandırdı. Sonra "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin marketinq və reklam şöbəsinin rəisi Lalə Babayeva sosial şəbəkədə kənddən gələnlərin metronu çirkləndirdiyini yazmışdı. İndi də Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov "SV” adlanan (əslində bu rus dilində "spesialnıy vaqon” deməkdir - red) vaqonlara hər kəsin bilet almasına icazə olmadığını söyləyir. M.Şıxəmirovun sözündən belə çıxır:

"SV vaqonlarda qiymət artımına ehtiyac var idi. Çünki SV-də yer tapmaq olmurdu. Hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı”. Bu sözləri M.Şıxəmirov dəmir yolunda biletlərin qiymətinin artması ilə bağlı "Kommersant.az-a açıqlamasında deyib.

O bildirib ki, qiymət artımından qabaq SV ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi olub: "O fərqi aradan qaldırmaq üçün qiymət qaldırılıb. SV-yə əsasən imkanlı şəxslər bilet alır”.
M.Şıxəmirov kupe və plaskartların qiymətinin artmasına səbəb kimi isə yuxarı və aşağı yerlərin qiymətinin eyni olduğuna görə sərnişinlərin yalnız aşağı yer almasını göstərib: 

"Tariflərin bahalaşması deyəndə, bizdə aşağı yerlərin qiyməti qaldırılıb. Buna səbəb vətəndaşların, qiymət fərqi olmadığına görə kassaya yaxınlaşıb aşağı yerləri almasıdır. Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur. 2 aşağı yer alınıb, qalır 2 yuxarı yer. Sərnişinin yerinə özünüzü qoyun və fikirləşin ki, "Azərbaycan Dəmir Yolları” QSC düzgün qərar verib, yoxsa yox. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər. 4 nəfərlik ailə gələndə onlar üçün problem olmasın. Yəni, yerlər bərabər satılsın. ".
Bunun Avropa, MDB praktikasında, xüsusilə də Rusiyada uzun illərdən bəri təsdiq olunan bir metod olduğunu söyləyən rəis müavini əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yarandığını bildirib : "Orada qiymət çox aşağı olduğuna görə 10 faiz qaldırılıb ki, qiymət tənzimlənsin. Başqa səbəb ola bilməz. Əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yaranır. Qiymətlər stansiyaya görə (məsafədən asılı olaraq) dəyişir. Məsələn, 15 manata olan yer 17 manat olubsa, 20 manata olan yerin qiyməti isə hazırda 22 manatdır”

Xatırladaq ki, SV vaqonlarda yuxarı-aşağı yer yoxdur, sadəcə 2 yer var və SV vaqonlar elit yer sayılır.
İqtisadçı Natiq Cəfərli dəmir yollarında qiymət artımının iqtisadi əsasının olmadığını dedi. "Şərq”ə açıqlamasında iqtisadçı bildirdi ki, istənilən qiymət artımının iqtisadi izahı olmalıdır:

- Dəmir yolundakı qiymət artımına bu cür məntiqsiz izah vermək tamamilə absurddur. Qiymət artımının səbəblərini Azərbaycan Dəmir Yolları QSC açıqlamalıydı ki, artım nəylə bağlıdır. Hansı xərclər artıb, artan xərclər nədən ibarətdir? Elektrik enerjisinin qiymətində artım olmayıb. Dəmir yollarının maya dəyərində ciddi yer tutan elektrik enerjisidir. Elektrik enerjisinin qiymətində artım yoxdursa, biletin qiyməti niyə artmalıdır? Dəmir yollarının xərcləri dövlət büdcəsindən ayrılan dotasiya hesabına ödənilir. Dəmir yolları xərclərə əlavə vəsait xərcləmir. Deməli, idarəetmədə problemlər var. Gəlirlərini-çıxarlarını düzgün hesablaya bilmirlər. Azərbaycan ərazi baxımından elə də böyük ölkə deyil ki, desinlər, qatarlar böyük yol qət edir. Bu başdan o başa vur-tut 50 kilometrdir. Qatarların sürəti də aşağıdır. 50 kilometrlik yolu 10 saata gedirlər. Avtobuslar, avtomobillər daha sürətlidir, mənzil başına daha tez çatır. Dəmir yolunda qiymət artacaqsa, əhali avtobuslara, avtomobillərə üstünlük verəcək. Niyə əlavə xərc ödəyib, gec də evə çatsın? Qiyməti artırmaqla gəlir əldə etmək həmişə mümkün deyil. Qiymət artımı həmişə gəlirlərin artmasına gətirib çıxarmır. Əksinə, düzgün verilməyən qərar, yanlış hesablar gəlirlərin azalmasına və gəlir itkisinə səbəb olur. Hesab edirəm ki, biletlərin qiymətini qaldırmaqla Dəmir Yolları sərnişinlərini itirəcək. Bir də ki, rəsmi şəxsin kupelərdə qiymət artımı ilə bağlı verdiyi açıqlama da məntiqsiz görünür. Lap tutalım, hardasa, hansısa ölkədə bu üsuldan istifadə edilir. Gərək harda nə tətbiq edilirsə, biz də təkrarlayaq? Bəlkə o ölkədə bu variant effekt verir, amma bizdə verməyəcək? Digər tərəfdən, bizdə həmişə əhali özü kupedə, vaqonda yerlə bağlı problemi özü tənzimləyib. Kupedə, vaqonda yaşlı sərnişin, qadın, uşaq varsa onlara aşağı yerləri təklif ediblər, cavanlar, kişilər yuxarı yatağa keçiblər. Yəni, bu, elə də böyük problem deyil ki, ona görə aşağı-yuxarı yerlərin qiymətində dəyişiklik edilsin. Qiymət vaqonların komfortuna görə təyin edilməlidir. Qaldı ki, "SV” vaqonları ilə bağlı M.Şıxəmirovun "açıqlamasına”, vətəndaşları növlərə bölmək, "hər yerindən duran” adlandırmaq səlahiyyəti heç kimə verilməyib, bir dövlət məmuruna isə ümumiyyətlə yaraşmayan, əxlaqa zidd açıqlamadır. Necə yəni, "hər yerindən duran” gəlib "SV”yə bilet alır?!” Bu, sərsəm bir açıqlamadır. Vətəndaş öz istəyi ilə, cibinə görə qərar verir, bilet alır. Məgər "SV” vaqonlarda kimlərin səyahət etmək hüququ olduğu hardasa yazılıb? Hesab edirəm ki, bu ifadəyə görə o şəxs vətəndaşlardan üzr istəməlidir.

Məlahət Rzayeva