Sərdar Cəlaloğlu hesab edir ki, bu, yarımçıq komplekslə bağlıdır
Millət vəkili, Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı ana dilində danışa bilməyən məmurları kəskin tənqid edib.
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin iki illiyi münasibətilə keçirilən "dəyirmi masa”dakı çıxışı zamanı millət vəkili vurğulayıb ki, eləsi var iyirmi ildir ki, nazirdir, amma Azərbaycan dilində danışa bilmir. Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər? Dilinə hörmət qoymayan məmur, vətəndaşa necə hörmət qoya bilər.
Onun sözlərinə görə, dilin qorunması, təmizliyi məsələsi ilk növbədə məmurlardan başlanmalıdır: "Cənab prezidentin də dilimizin inkişafı ilə bağlı sərəncamı var. Bu çox ciddi sərəncamdır. Ölkə başçısının öz ana dilimizdə çox gözəl, səlis danışdığının şahidiyik. Amma baxaq görək, nazirlərimiz, məmurlarımız dilimizdə necə danışır. Onlar nəinki özləri bu dildə danışa bilmirlər, hətta gələcək nəsillərini də xarici dildə tərbiyə etdirirlər. Körpələrinə xaricdən dayələr tuturlar ki, dilimizdən bir kəlmə də bilməsinlər. Onlar övladlarına öz dilimizdən başqa, bütün dilləri öyrədirlər”.
Maraqlıdır, görəsən, bu nə ilə bağlıdır? Nəyə görə, doğma dilimiz ola-ola, bəzi dövlət rəsmiləri xarici dildə danışmağa daha çox meyl göstərirlər?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, bu, yarımçıq komplekslə bağlıdır: "Uzun müddət kölə vəziyyətində qalmış xalqlarda həmişə belə şey çox güclü olub. Məsələn, vaxtilə Rusiyada aristokratik ruslar fransız dilində danışırdılar. Bu gün dünyanın bəzi ölkələrində də aristokratlar özlərini sadə vətəndaşlardan fərqləndirmək üçün xarici dillərdə danışmağa, xarici əxlaqı, xarici davranışları nümayiş etdirməyə üstünlük verirlər. Bunun da səbəbi, dediyim kimi, yarımçıq kompleksdir. Çünki uzun müddət imperiya sərhədlərində qalan xalqlarda onların üçüncü dərəcəli bir insan olması ideyası təbliğ olunur. Onlara özləri-özlərinin gözündə kiçiltmək cəhdləri edilir. Belə adamlar da həmin kompleksləri bərpa etmək üçün başqa dildə danışmağa, başqa xalqların mədəniyyətini qəbul etməyə məcbur olurlar. Mən ancaq bunu həmin adamların yarımçıq kompleksləşməsi ilə əlaqələndirirəm”.
Sərdar Cəlaloğlu onu da vurğulayıb ki, bir çox ölkələrdə də öz dilini bilmək vacib sayılır. Məsələn, İngiltərədə istənilən mühacirə məcbur edilir ki, dili öyrənsin. Hətta bəzi yerlərdə, məsələn, ABŞ-da konstitusiyanı, həmin ölkənin tarixini bilmək də tələb edilir. Yəni bu, dövlətlərin vətəndaşlarına xüsusi olaraq qoyduğu tələblərdir. Azərbaycan da öz vətəndaşlarına belə tələb qoya bilər ki, Azərbaycan dövlətinin imkanlarından istifadə etmək istəyirsənsə, onda Azərbaycan dövlətinin tarixini, mədəniyyətini, dilini bilməlisən. Bu, anti-demokratik bir şey deyil, demokratikdir.
Şəymən