Məmurlar xalqa xidmət etməlidirlər: “Onlar Prezident İlham Əliyevi, birinci vitse-prezident Mehriban Əliyevanı örnək götürməlidirlər”

"Dövlət başçısı Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər əsas vəzifənin xalqa xidmət etmək olduğunu öz çıxışında bir daha vurğuladı, şəffaflığın təmini ilə bağlı mühüm mesajlar verdi”.
Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Deputat qeyd edib ki, Cənab Prezident hər zaman bunu deyir, məmur əhali ilə münasibətini dəyişməlidir:
"Burda onlar üçün nümunə elə cənab Prezidentin özü və birinci vitse-prezident Mehriban Əliyevadır, onların apardığı siyasətdir. Bu yaxınlarda şəhid ailəri ilə görüşdə İlham Əliyevin şəhidlərimizin ailə üzvlərinə münasibəti, onlara dərin hörmət və ehtiramı çox duyğusal məqamlar idi. Məmurlar da bundan nümunə götürməlidirlər. Məmurun vəzifəsi nədir? Məmurun vəzifəsi Prezidentin təyin etdiyi şəxs olaraq əhaliyə xidmət etməkdir”.
Bəzi məmurların bunu dərk etmədiyini və bir sıra problemlər yaratdıqlarını vurğulayan V. Əhmədov deyib ki, Prezident öz çıxışında şəffaflığın təmin edilməsini də xüsusi vurğulayıb:
"Qeyd etdi ki, Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Yerli icra orqanlarının vərtəndaşlarla rəftarı tamamilə dəyişməlidir”.
Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı məmurlara xəbərdarlıq edib.
Ölkə başçısı son 15 ildə görülən işlərdən danışarkən, hələ də bəzi çatışmazlıqların olduğunu diqqətə çatdırıb. Prezident deyib ki, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər: "Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.
Şəymən