"Məmurların "ölü canları” ixtisara salınmalıdır" - İDDİA




Dövlət strukturlarının optimallaşdırılması üçün "ölü canların” ixtisara salınması lazımdır.

Bunun Sherg.az-a millət vəkili Bəxtiyar Əliyevin iş yerlərində maaşların az olması və ixtisarların artması barədə açıqlamasına münasibət bildirərkən iqtisadçı-ekspert Qadir İbrahimli söyləyib. 

Ekspert qeyd edib ki, dövlət qurumlarının optimallaşdırılması prosesinə başlanmalıdır: 

"Xüsusilə idarəetmə sahəsində, dövlət qurumlarında islahatlar aparılması vacib məsələyə çevrilib. Təbii ki, bu halda dövlət qurumlarında ixtisarların aparılması qaçılmazdır. "Ölü canların” təmizlənməsi, strukturların işinin təkmilləşdirilməsinə şərait yaradacaq. Lakin burada bir məsələ var ki, bu ixtisarların aparılması hansı adla həyata keçirilir. Bəzən olur ki, ixtisar adı ilə rəhbərlər real işçiləri çıxardır, öz yaxınlarını cəlb edir. Bu vəziyyətdə təbii ki, normal iş şəraitindən danışıla bilməz. Optimallaşdırılma əsas məqsəddirsə, deputatın dediklərində müəyyən həqiqətlər var. 

Məsələn, Nazirlər Kabinetinin tərkibində nazirlik, komitələr və digər qurumlar daxil olmaqla 36 dövlət strukturu var. Düşünürəm ki, bu qədər qurum Azərbaycana lazım deyil və yenidən təşkil etmək, başqaları ilə birləşdirmək vacibdir. Dünya təcrübəsinə əsaslanaraq təxminən 20-ə yaxın dövlət qurumunun saxlanması kifayətdir. İşçilərin sayı optimal həddə olarsa, artıq səmərəli iş də təmin edilə bilər. Düzdür. Işçilərin ixtisarı təəssüfləndirici hal olsa da, kadrların və qurumların inkişafı üçün bu proses fundamental qaydada bütünlüklə həyata keçirilməlidir”.

Qeyd edək ki, YAP-dan olan millət vəkili Bəxtiyar Əliyev Milli Məclisdə büdcə müzakirəsi zamanı təklif olunan bəzi iş yerlərində maaşların minimum yaşayış həddindən aşağı olması və ixtisarların artması barədə çıxış edib.
 
Ayyət Əhməd