“Anar gözəl xanımları sevirdi. Onlara bir təmiz, saf münasibəti var idi. O qadına böyük dəyər verirdi”
“Mən Anar barədə danışmağı sevirəm”
İradə xanım: “Zamanında, o mənim üçün o qədər işlər görüb, o qədər unudulmaz hisslər yaşadıb ki...”
“Anar gözəl xanımları sevirdi. Onlara bir təmiz, saf münasibəti var idi. O qadına böyük dəyər verirdi”
“Anar gözəl xanımları sevirdi. Onlara bir təmiz, saf münasibəti var idi. O qadına böyük dəyər verirdi”
"Anarın gedişi qadınlıq dünyamı bitirmiş oldu. O itkinin verdiyi acı ilə yanaşı, onun mənəvi varlığının verdiyi xoş hiss mənim geridə qalan həyatımda nəinki ayaq üstə qalmağıma, hətta xoşbəxt olmağıma yardım etdi. Həyat təcrübəm imkan verdi ki, həyatımda baş verən hər şeylə barışım və onu minnətdarlıq hissi ilə qəbul edim. Çox mühümdür ki, faciəvi durumlarda gileylənməyəsən və özünə "Nəyə görə” sualını verməyəsən. Anarın gedişi məni həm də güclü qadın edə bildi. O qəfil ölümü ilə məni sarsıtdığı qədər də, həyatda daha cəsarətli dayanmağı öyrətdi”.
Bu sözlər Milli Məclisin keçmiş üzvü, "Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun həyat yoldaşı İradə xanım Məmmədxanovaya məxsusdu. "Şərq”in budəfəki qonağı ilə həmsöhbət olduqca bir daha qadının güclü bir varlıq olduğuna əmin oldum. Anar Məmmədxanovun ata kimi gedişi onların həyatını dəyişsə də, könül dünyalarını dağıda bilməmişdi. İradə xanımın təbirincə desək, onlar üçün Anar Məmmədxanov bu gün də var, yenə onunla həmsöhbətdilər.
İradə xanımın həyat fəlsəfəsi bizi çox təsirləndirdi:
"Sevilən olduğumun fərqində olmaq mənə böyük əminlik hissi verdi. Ümumiyyətlə, qadının özünü həqiqətən xoşbəxt hiss etməsi üçün sevilən olduğunu anlaması vacibdir. Heç bir karyera, heç bir maddi təminat, səni çox sevildiyini bilməyin verdiyi əminlik qədər adama sakit azadlıq duyğusunu verə bilməz. Xoşbəxtlikdən Anar məni sevdiyini daim etiraf edirdi, daim öz sevgisini davranışları ilə sübut edirdi. Bundan başqa, o həmişə deyirdi ki, mən onun üçün təkcə sevimli uşaqlarının anası deyiləm, mənimlə qarşılaşması onun həyatının ən böyük səadəti idi. Bu mənada öz dəyərimizi, önəmimizi, əvəzolunmazlığımızı bizə məhz sevdiyimiz şəxs hiss etdirir. Arzu edirəm ki, mənim uşaqlarımın da həyatında belə sevgi olsun. Həyatı daha parlaq edən və yaşamaq gücü verən sevgi...
- Anar Məmmədxanov gənc yaşlarından tanındı. Onun haqqında bu günə qədər 5 kitab yazılıb...
- Bizim həyatımız barədə, Anarın həyatı barədə Elmira xanımın yazdığı kitabda daha ətraflı məlumatlar əldə etmək olar. Orda bütün xatirələrimiz, hisslərimiz çox gözəl şəkildə əksini tapıb. Mən Anar barədə danışmağı sevirəm. Onun adına, onun şərəfinə hər hansı iş görmək mənə rahatlıq verir. Onun xəyallarını gerçəkləşdirmək istəyirəm. Zamanında, o mənim üçün o qədər işlər görüb, o qədər unudulmaz hisslər yaşadıb ki, mən də bu gün onun adı üçün nəsə edəndə sakitlik, təsəlli tapıram. Mənim Anara münasibətim o qədər özəldir ki, bu gün də onunla yaşayıram. Kitabda da mənim Anarla bağlı xatirələrim sətirlərə köçürülüb. Elmira xanım peşəkar şəkildə Anarla bağlı dostlarından, bizdən xatirələrimizi toplayaraq çox axıcı və maraqlı dildə kitab yazıb. Anar haqqında yazılan kitabın həm də ona görə önəmi var ki, mən bu gün sağ ikən Anar barədə xatirələrimi danışa bilirəm. Zaman gələr mən yaddamışı itirə bilərəm, qocalaram, amma nəvələrim Anarın kim olduğunu bu kitablardan öyrənə bilərlər, onlar babaları haqqında ətraflı məlumata sahib olarlar. Biz necə yaşamışıq, ailəmizin hər izini o kitabda tapmaq olar. Məndən bəlkə də yeni məlumat almaq olmur. Çünki Anarın kimliyi, şəxsiyyəti hər kəsə bəlli idi. Bəzən mən onun yoxluğundan sonra Anar barədə yeni məlumatlar öyrənə bilirəm. Evdə danışmadığı xeyriyyə əməllərindən, kimlərəsə yardımından, dəstək olmağından o həyatdan köçəndən sonra öyrənmişəm.
- Anarla nə zaman tanış olmuşdunuz?
- Biz onunla 10-cu sinifdə tanış olmuşuq. Məktəblərimiz yaxın idi. Anar 160 nömrəli məktəbdə oxuyurdu, mən 6 nömrəli məktəbdə oxumuşam. O zamanlar yaxın məktəblərdə oxuyanlar biri-birini tanıyırdı. Əvvəl dost olduq. Sonralar bu hisslər dəyişərək sevgiyə çevrildi. Bu hisslər səmimi, qarşılıqlı idi. Tələbəlik illərimiz demək olar bir keçib.
- Evlilik təklifini necə aldınız? Bu təklif sizi təəccübləndirə bildimi?
- Bu sualı mənə kiçik qızım çox ünvanlayırdı ki, "papa” ilə necə ailə qurmusuz? "Papa” sənə necə evlənməyi təklif edib, sənə nə vaxt üzük bağışlayıb? Yəni, onların ailə qurmağa baxışı bir qədər fərqlidir. Seriallarda gördükləri üzük hədiyyə etmək, romantik evlilik təklifini gözlərinin önünə gətirməyə üstünlük verirlər.
- Bu günün uşaqları kinolarda olan evliliyi xəyal edirlər. Bəs sizdə necə olub?
- Yox, bizdə belə olmayıb (gülür). Biz sovet dövrünün uşaqları idik. Ona görə də aramızda belə romantik anlar yaşanmayıb. O vaxtlar, sosial şəbəkə, vatsap, feysbuk yox idi. Tanışlıqlar, münasibətlər canlı ünsiyyətdən yaranırdı. Bəlkə elə ona görə də həmin insanlarla bu günə qədər də sıx dostluğumuz qalıb.
Bizim münasibətimiz əvvəl saf dostluq olub. Zamanla aramızda olan münasibət sevgiylə əvəzləndi. 2 il sonra nişanlandıq. O müddətdə biz biri-birimizi daha yaxından tanımağa başladıq. 2 il yarım sonra isə ailə qurduq.
- Gənc yaşlarında Anarın məşhurluğu, ətrafında gənc xanımların çoxluğu sizdə qısqanclıq yaratmırdı?
- Bizdə münasibət o qədər saf, təmiz olub ki, qısqanclığa səbəb qalmayıb. Anarın, bizim ətrafımızda o qədər uşaqlar var idi ki, biz biri-birimizlə ünsiyyətə alışmışdıq. Mənim dostlarım Anarı, Anarın dostları məni yaxından tanıyırdı. 1989-cu ildən o dostluqlar davam edir. Yersiz qısqanclıqlarımız olmayıb. Anarın ruh dünyası ilə mənim ruh dünyam biri-birini tamamlayırdı. Elə bu səbəbdən bizim möhkəm ailəmiz oldu. Biz biri-birimizə o qədər hörmətlə yanaşırdıq ki, söz-söhbətlər yaşanmayıb. Anarın ətrafında hər zaman gözəl, qəşəng, gənc xanımlar olurdu. Anar gözəl xanımları sevirdi. Onlara bir təmiz, saf münasibəti var idi. O, qadına böyük dəyər verirdi. Hər bir qadına hörmətlə yanaşırdı.
(Davamı gələn sayımızda)
Tahirə