“Mən heç kimi təhqir etməmişəm və etmək fikrim də yoxdur”
“Məni provokasiyaya çəkməyin”
Naqif Həmzəyev: “Qeyri-rəsmi şəraitdə edilən bir söhbəti qərəzli şəkildə yazıblar”
“Mən heç kimi təhqir etməmişəm və etmək fikrim də yoxdur”
“Mən heç kimi təhqir etməmişəm və etmək fikrim də yoxdur”
Fazil Mustafa Rəsulzadənin təhqir olunmasının müzakirəsini tələb etdi
Ziyafət Əsgərov: "Qəzet redaksiyası ilə deputat oturar, məsələni aydınlaşdırar, sonra münasibət bildirilər”
"Mən hər kəsin qarşısında bəyan edirəm ki, mənim tək və yeganə liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Mən demədiyim fikirlərə, etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. O cümlədən də Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş mətbuatın çox təəssüf olsun ki, bəzi nümayəndələri jurnalistikanı biznes maraqlarına qurban veriblər. Bu gün mən informasiya terrorunun qurbanına çevrilmişəm. Bütün deputat həmkarlarımdan, jurnalistlərdən və ictimaiyyət nümayəndələrindən də xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər”.
Bu sözləri parlamentin Gəncədən seçilən gənc deputatı Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni təhqir etməsi ilə bağlı məsələyə münasibətində deyib. O, israrla bildirib ki, Rəsulzadə haqqında təhqir səsləndirməyib. Parlamentin iclasından əvvəl foyedə jurnalistlərin suallarını cavablandıran Naqif Həmzəyev suallara cavab verərkən, jurnalistlərdən onu provokasiyaya çəkməməyi xahiş edib...
- Belə çıxır ki, siz Rəsulzadə haqqında təhqiramiz fikirləri səsləndirməmisiniz?
- Mən Rəsulzadəni təhqir etməmişəm, etmək fikrim də yoxdur.
- Məqaləni dərc edən qəzet rəhbərliyi bununla bağlı audiomaterialın olduğunu deyir. Buna nə deyirsiniz? Həqiqətən təhqir etmədiyinizi bildirirsinizsə, məhkəməyə müraciət edə bilərdiniz...
- Mən fəaliyyətimin ilk dövründə istəmirəm ki, jurnalistlərlə məhkəmədə üzləşim. Ona görə də sadəcə susmağı və səbr etməyi üstün tuturam. Qeyri-rəsmi şəraitdə edilən bir söhbəti qərəzli şəkildə yazıblar, buna təəssüf edirəm. Səsləndirmədiyim fikirləri mənim adımdan veriblər. Son 4 ildə Gəncəyə gələn jurnalistləri şəxsən mən qarşılamışam və heç vaxt dilimdən təhqir çıxmayıb. Mənim leksikonumda təhqiramiz fikirlər yoxdur. Xahiş edirəm bu kampaniyaya heç kəs qoşulmasın və dəstək verməsin.
- Naqif müəllim, Rəsulzadə sizinçün kimdir?
- Mən dedim, mənim tək və yeganə bir liderim var, o da ümummilli lider Heydər Əliyevdir.
- Söhbət Rəsulzadədən gedir...
- Rəsulzadə tarixi şəxsdir. Tarixi şəxslərə bizim hörmətimiz var. Gəncə şəhərində ilk növbədə Gəncənin adı ilə bağlı olan Nizami Gəncəvi, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin yaradıcılığı dərindən öyrənilir və onların xatirələrinin əbədiləşdirilməsi üçün lazımi addımlar atılır. Lazım gələrsə, digər işlər də görüləcək.
- Amma Rəsulzadənin Gəncədəki büst qalmaqalından sizin də xəbəriniz olub. Siz həmin vaxt İcra Hakimiyyətində müavin vəzifəsində idiniz. Rəsulzadəyə münasibətiniz normal idisə, niyə bu barədə məsələ qaldırmadınız həmin vaxt?
- Millət vəkili nə heykəl qoyur, nə də bu məsələlər onun səlahiyyətlərinə daxildir. Mən fikrimi dedim, mənim açıqlamam da kifayət edir. Xahiş edirəm siz də doğru, düzgün və tərəfsiz danışdıqlarımı ictimaiyyətə çatdırasınız. Qeyri-rəsmi ortamda dəfələrlə xəbərdarlıq olunub ki, burada heç bir müsahibədən söhbət gedə bilməz. Çox təəssüf olsun ki, jurnalist etikasına sığmayaraq orda olan dialoq təhrif olunmuş formada ictimaiyyətə çatdırılıb. Mən yenə deyirəm, mənim tək və yeganə liderim var...
- "Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu bildirib ki, onda səs yazısı var və siz orada Rəsulzadəni təhqir etmisiniz...
- Mən heç vaxt heç kimi təhqir etməmişəm və etmək fikrim də yoxdur. Qısa və konkret.
- Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə sizi məhkəməyə verəcəyini bəyan edib...
- Məmnuniyyətlə. Məhkəmə olsa, orda da cavabı veriləcək.
- Siz Gəncədə yaşayırsınız, indiyədək bir dəfə də olsa, Rəsulzadənin büstünü ziyarət etmisinizmi?
- Mənim tək bir liderim var və mən ancaq o dahi şəxsin abidəsini mütəmadi olaraq ziyarət edirəm. Mənim birbaşa borcumdur ki, liderimə sadiq olum.
- Heydər Əliyev özü vaxtilə Rəsulzadənin məzarını ziyarət edib, haqqında xoş sözlər deyib...
- Xahiş edirəm, provokasiyaya çəkməyin, çox xahiş edirəm. Mənim demədiyim sözləri mənim adımdan ictimaiyyətə çatdırıblar.
- İntizam komitəsinin sədri Ağacan Abıyev deyib ki, sizinlə bağlı məsələ komitəyə çıxarılacaq...
- Yeni Azərbaycan Partiyası tərəfindən bu məsələ ilə bağlı açıqlama verilib. Orada göstərilib ki, bu prosedur necə olur.
- Sizin mandatdan məhrum edilməyinizlə bağlı imzatoplama kampaniyası keçirilir...
- Xahiş edirəm, provokasiyaya çəkməyin və qeyri-rəsmi həyata keçirilən proseslərlə bağlı mənim heç bir açıqlamam yoxdur.
- Sosial şəbəkələrdə bu barədə geniş bəhs olunub...
- Mən sosial şəbəkədən istifadə etmirəm və ümumiyyətlə, orda gedən proseslərdən də xəbərim yoxdur...
Milli Məclisin iclasında isə, deputatın Rəsulzadəni təhqir etməsi məsələsi gündəmə gətirilib.
Millət vəkili Fazil Mustafa N.Həmzəyevin Rəsulzadə barədə təhqiramiz fikir söyləməsinin yolverilməz olduğunu bildirib. Deputat deyib ki, tənqidi fikirlər səsləndirmək mümkündür, amma təhqirə yol vermək olmaz: "Mən bayaq eşitdim ki, Gəncədə artıq Rəsulzadənin büstündən çuval götürülüb. Bu yaxşı haldır, ən azı tənqidlərdən yəqin müəyyən nəticələr çıxarılıb. Bir məqamı deyim. Biz AXCP-də olanda Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq. Amma Heydər Əliyev Əbülfəz Elçibəy vəfat edəndə gəlib onun cənazəsinin başı üzərində dayandı. Bundan sonra Heydər Əliyevə cəbhəçilərin münasibəti tam dəyişdi. Yəni bu siyasi mədəniyyət deməkdir. Rəsulzadənin fəaliyyətini tənqid etmək olar. Nəinki Rəsulzadənin, hər kəsin fəaliyyəti tənqid oluna bilər. Amma bu, təhqir səviyyəsində edilməməlidir. Hesab edirəm ki, məsələyə münasibət bildirilməlidir”.
F.Mustafaya cavab olaraq Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, deputat N.Həmzəyev açıqlamasında belə fikir söyləmədiyini deyib: "Fazil müəllim, özünüz də hüquqşünassız. Məsələ dəqiqləşmədən, ortada fakt olmadan nə danışıla bilər? N.Həmzəyev deyib ki, belə fikir söyləməyib, fikirləri kontekstdən çıxarılıb. Dəqiqləşməmiş məsələyə biz nə münasibət bildirək? Qəzet redaksiyası ilə deputat oturar, məsələni aydınlaşdırar, sonra münasibət bildirilər”.
Anar Bayramoğlu