"73 yaşım var, 30 ildir danışıq gedir. Qarabağın yeganə həll yolu hərbdədir"
"Mənim nəyimi sülhə hazırlayacaqlar?"
Seyran Səxavət: "Hər dəfə mən ATƏT-in həmsədrlərini maşından gülə-gülə düşən görəndə halım pisləşir"
"73 yaşım var, 30 ildir danışıq gedir. Qarabağın yeganə həll yolu hərbdədir"
"73 yaşım var, 30 ildir danışıq gedir. Qarabağın yeganə həll yolu hərbdədir"
ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən səsləndirilən son bəyanatda xalqların sülhə hazırlanmasından söz açılması Azərbaycan və Ermənistanda gündəmin əsas mövzusuna çevrilib. Hər iki xalqın necə sülhə hazırlanacağı, bu planın tərkib hissəsinin nədən ibarət olacağı barədə geniş diskusiyalar aparılmaqdadır. Ötən gün Avropa İttifaqı Komissiyasının sədri Donald Tusk yenidən bu məsələyə toxunub. Sədr vurğulayıb ki, əhalinin sülhə hazırlanması münaqişənin nizamlanmasında əhəmiyyətli addımdır və onlar bunu dəstəkləməyə hazırdır. Xarici işlər naziri Elmar Məmmədyarov da ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşündə təşkilat rəhbərindən xahiş edib ki, İrəvana səfəri zamanı Paşinyandan soruşsun ki, "biz xalqları sülhə, yoxsa başqa istiqamətə hazırlayaq?!”. Əslində son aylar gündəmə gələn bu məsələ ilə bağlı ictimaiyyətdə birmənalı yanaşma yoxdur.
Yəni "əhalinin sülhə hazırlanması” ideyasını dəstəkləyənlərlə yanaşı, ortaya atılmış fikrə sərt qarşı çıxanlar da var. Xalqları sülhə hazırlamaq dedikdə ağlımıza ilk gələn fikir odur ki, xalqların beynindəki düşmən obrazı silinməyə çalışılsın, ədavət aradan qaldırılsın, yenidən əvvəlki dövrlərdə olduğu kimi dinc-yanaşı yaşamanın mümkünlüyü təlqin olunsun və s. Çünki 30 il davam edən münaqişə azərbaycanlılar və ermənilər arasında dərin ziddiyyətlər yaradıb, nifaq, ədavət yaradıb və onun aradan qaldırılması belə asanlıqla mümkün olmayacaq.
Politoloq Nəzakət Məmmədova hesab edir ki, müharibənin nəticələri aradan qalxmamış sülhdən danışmaq mənasızdır. İnsanlar müharibənin ağrı-acısını hələ öz üzərlərində, gündəlik həyatlarında hiss edirsə, hansı sülhdən danışmaq olar? Səmərəli sülhdən o vaxt söhbət açmaq olar ki, müharibə tam başa çatsın, təcavüzkar ölkə layiqli cəzasını alsın və hərbi canilər tribunalda mühakimə olunsun. İşğalın bütün nəticələri aradan qaldırılandan sonra sülhə hazırlıqdan danışmaq mümkündür. İndiki şəraitdə isə bu, mənasızdır. Əks halda işğalçı cəzalanmasa, heç bir beynəlxalq təşkilat təcavüzə məruz qalan xalqın yaddaşından işğalçını silib, onun simasında dost obrazı yarada bilməz. Üstəlik, hazırda erməni xalqı ümumiyyətlə, sülh barədə düşünmür.
Günlərdir müzakirə olunan ziddiyyətli məsələni "Şərq” dəyərləndirən tanınmış yazıçı, ziyalı Seyran Səxavət hesab edir ki, "xalqların sülhə hazırlanması” söz-söhbəti ciddi Qarabağ problemi çərçivəsində ortaya atılmış son dərəcə qeyri-ciddi məsələdir:
"Əhalini sülhə hazırlamaq nə deməkdir və burada hansı xalqdan söhbət gedir? Torpaqları işğal olunmuş bir xalq necə sülhə hazırlana bilər?! Bu məsələ mənim aləmimdə əbləhanə bir şeydir. Bizim torpaqlarımız ermənilər tərəfindən işğal olunub. Vaxtı ilə qarşılıqlı güzəşt söhbəti də ortaya atılmışdı. Heç bir güzəştdən və sülhə hazırlıqdan söhbət gedə bilməz. Təcavüzkar ermənilər ərazilərimizdən rədd olub getməlidir.
Azərbaycan xalqını sülhə hazırlamağa ehtiyac yoxdur. Dünyada ən tolerant xalq məhz azərbaycanlılardır. Həmişə sülh və əmin-amanlıq şəraitində yaşamışıq, heç kimlə işimiz olmayıb. Bu istiqamətdə böyük ənənəmiz var. Əslində erməniləri də sülhə hazırlamaq lazım deyil. Çünki bu, işğalçı Ermənistanın nazı ilə oynamaqdır. 73 yaşım var, vallah artıq bezmişəm, 30 il danışıq aparmaq olar? Ötən müddət ərzində heç bir irəliləyiş olmayıb, əgər olsaydı, bir işıq ucu olardı. "Xalqı sülhə hazırlamaq” deyirlər, o xalqın içində mən də varam.
Mənim nəyimi sülhə hazırlayacaqlar? Kimsə bu barədə mənə söz desə, dərhal deyəcəm ki, ermənilər torpaqlarımızdan rədd olub getsinlər. Çünki onları görmək istəmirəm. Bir yazıçı kimi "özümüzü sülhə hazırlamaq” söhbəti mənə çox gülməli gəlir”.
Yazıçı bildirib ki, əgər ermənilər öz xoşları ilə rədd olub getmirlərsə, onda zorla çıxartmalıyıq: "İndi əhalimizin sayı 10 milyonu keçib. Sayımız 6 milyon olanda zarafatla yazmışdım ki, gəlin, erməniləri İrəvana qədər qovaq.
Ermənistanın üç milyon əhalisi var, bizdən 3 milyon adam qırılsa belə geridə qalanlarla dövlətimizi qoruyarıq, yaşadarıq. Məsələ də beləcə bitər. Münaqişənin yeganə həll yolu hərbdir. Aprel döyüşləri kimi epizodları nəzərə almasaq, ermənilərlə genişmiqyaslı müharibəmiz olmayıb. Bütün variantları sınaqdan çıxarmışıq, ancaq faydasını görməmişik. İnanın, ATƏT-in Minsk Qrupunun həmsədrlərini ölkəmizdə, Xarici İşlər Nazirliyinin qarşısında maşından gülə-gülə düşən görəndə çox məyus oluram, halım pisləşir”.
S.Səxavət torpaqların tamamilə işğaldan azad olunmasından sonra iki qonşu dövlətin sülh şəraitində yaşamasından da danışıb:
"Biz ermənilərlə qonşuyuq. Düzdür, biz tolerant xalqıq, onlar isə xəstə təfəkkürə malik bir dövlətdə yaşayan millətdir. Lakin göydələndə yaşamırıq ki, qonşu pisdir deyə evimizi dəyişək, ya da köçək başqa yerə. Bizim onlarla işimiz yoxdur. Sadəcə özümüzü qorumaq instiktini heç vaxt əldən verməməliyik. Ataların bir sözü var – "itlə dostluq et, amma dəyənəyi əldən qoyma”. Ermənilər həyasız, tərbiyəsiz, daim siyasi antisanitariya ilə məşğul olan bir toplumdur”.
İsmayıl