“Mənim yaddaşım yoxdur, özümü proqramlaşdıra bilmirəm”

Alim Qasımov: “Mən o qədər də ünsiyyət qurmağı bacarmıram. Ünsiyyətli adamlar görəndə paxıllığım tutur”
(Əvvəli ötən sayımızda)
- Elə bir arzunuz var ki, bu gün onu Allahdan diləyirsiz?
- Ən böyük arzum övladlarımın sabahının xoşbəxt olmasıdır. Sağ-salamat olsunlar, ağıllı olsunlar. Özlərinə hörmət qazansınlar.
- Qocalığınızda özünüzə nə arzulayardız?
- (Gülür) Yaxşı sözdü. Qocalanda əsas onu arzu edirəm ki, ağlım yerində olsun. Danışığımı bilim. Yaşlılıq yaddaşımı, ağlımı əlimdən almasın. İmanımı itirməyim...
- İman demişkən, namaz qılırsız?
- Qılıram. Artıq uzun illərdir namaz qılıram. Hamıya da arzu edirəm ki, imana gəlsinlər, namaz qılsınlar. Namaz qıldıqdan sonra insan rahatlaşır.
- Həcc ziyarətində də olmusuz, deyəsən?
- Bir dəfə olmuşam. Allah hamıya qismət etsin. İnsan ruhu ilə Allaha bağlı olmalıdır. İnsan Həcc ziyarətinə gedənə qədər dəyişməlidir. Yəni ordan gələndən sonra adam dəyişmir. İnsan gərək daxilən təmiz olsun ki, ora getsin. Bu mənim fikrimdir.
- Alim bəy, tələbələriniz içərisində gələcəyin sənətkarları yetişirmi?
- Bilirsiniz, birinin səsi, birinin eşqi, birinin də yaxşı yaddaşı var. Gərək bu və digər keyfiyyətlər bir nəfərdə cəm olsun. Bax belə birisi gələcəyin peşəkarı ola bilər. Hələlik, belələri çox deyil. Ancaq inanıram ki, bu sahədə peşəkarlar yetişəcək. Son olaraq, gənclərə məsləhət görərdim ki, dünya musiqisindən tutmuş, muğama qədər hansı musiqi onlara təsir edirsə, zövq verirsə, ondan mənəvi rahatlıq tapırlarsa, ona qulaq assınlar. Öyrənmək istəyənlərə də deyərdim ki, keçmişdə öz adlarını tarixə yazdırmış xanəndələrə və səhnədə öz sözlərini deyən sənətkarlara çox qulaq assınlar, onlardan mümkün qədər öyrənsinlər.
-Alim Qasımovu həmişə təvazökar görürük. Bunu necə bacarırsınız?
-Təvazökarlıq ondan irəli gəlir ki, mənim yaddaşım yoxdur. Necə olmalıyam, elə də oluram. Özümü proqramlaşdıra bilmirəm. Hərdən rəsmi yerlərdə özümü ciddi aparıram, həm əsəbiləşirəm, həm də yoruluram. Ona görə deyirlər səmimidir. Əslində mən o qədər də ünsiyyət qurmağı bacarmıram. Ünsiyyətli adamlar görəndə paxıllığım tutur. O ki qaldı o eşqi insanlara vermək, bu mənə Allahdan verilən vergidir.
- Yeri gəlmişkən, sizin haqqınızda danışanda həmişə deyilir ki, səsiniz ilahi bir səsdir. Mənim üçün maraqlıdır, Alim Qasımov oxuyarkən o ilahi qüvvəni hiss edirmi?
- Hərdən eşqlə oxuyanda o hala düşürəm. Əlbəttə ki, hər şey Allahdan gəlir. Hafizəm o qədər də güclü olmadığından yadımda qəzəlləri saxlamaqda çətinlik çəkirəm. Eyni zamanda qəzəlləri çətin öyrənirəm. Mənalarını olduğu kimi bilmirəm. Qəzəlləri intiusiyamla duyuram.
- Muğamı hər kəs duya bilər?
- Qulaq assa, bəli. 100 faiz. Hətta körpə uşağı muğamla yatırtmaq olar. Muğam mənəvi qidadır, mənəvi qidanın da sərhəddi, yaşı yoxdur.
- Eyni muğam hər xanəndənin ifasında bir cür alınır. Bu, nədən irəli gəlir?
- Hər şey səsin quruluşundan asılıdır. Bəzən mənə sual verirlər ki, hansı muğam yaxşıdır, mən fərq görmürəm. Elə muğam var ki, özündə bir dad və ətir var, çox xanəndələr belə muğamlara daha çox üstünlük verirlər. Elə muğamlar da var ki, məsuliyyət çox olur. Belə muğamlar eşq, səs texnikası, elm tələb edir.
- Alim Qasımov hədəfinə çatıb?
- Bilirsiniz, biz insanların fikirləşdiyi hədəf əsas hədəf deyil. Əsas hədəf Allahın bizə buyurduqları olmalıdır. Bizim hədəflərimiz düz deyil, meyar onu götürmək olmaz. Allah bizi ona görə yaradıb ki, ona təslim olaq, ibadət edək və səbr qazanaq. Mənə elə gəlir ki, buna çata bilsək, hədəfə çatmış olarıq.
- Muğama dərya deyirlər. Bu dəryanı keçmək olar?
- Bu dəryanı keçmək mümkün deyil, burada, dabana, dizə, boğaza qədər gedə bilərsən, keçmək isə mümkün deyil.
- Boğulma ehtimalı var?
- Gərək mən gedim ki, görüm boğulma var, ya yox.
- Hardasınız?
- Ayağımı təzə islatmışam. Bu sənət elədir ki, getdikcə elə bilirsən ki, heç nə bilmirsən.
Bilirik işləriniz çoxdur, vaxtınız məhdud. Bizə vaxt ayırdığınıza görə sizə təşəkkür edirik.
Tahirə Məmmədqızı