Mənzil bazarında aktivlik müşahidə edilir

Evlərin qiyməti qalxıb, bunun bir neçə səbəbi var



2018-ci ilin dekabr ayında Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər 0,9 faiz artıb. Bu barədə "MBA" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, ötən il ərzində qiymət artımı isə 6,8 faiz təşkil edib:

 "Dekabrda ilkin mənzil bazarında qiymətlər orta hesabla 13,9 faiz artaraq 1m2 üçün 1 337 manat, təkrar mənzil bazarında isə qiymətlər orta hesabla 1,8 faiz artaraq 1 685 manat təşkil edib".

Qiymətlərin artması ilə bağlı "Şərq”ə danışan Nüsrət İbrahimov bildirib ki, tələbatın çoxalması, yəni bazarın aktivliyi artıb və bunun nəticəsində qiymətlər dəyişib: 

"Çünki 2015-2017-ci illərə nisbətən 2018-ci ildə banklar ipoteka xətti ilə daha çox kredit verirdilər. Həmçinin kommersiya təyinatlı kreditlərin həcmi əvvəlki illərə nisbətən artıb.

Həmçinin əvvəlki illərlə müqayisədə 2018-ci ildə neftin qiymətlərinin daha yüksək olması insanlarda sabahkı günə əminlik yaratmışdı. Əhali pulu xərcləməyə daha həvəsli idi. Ona görə də mənzil bazarında tələbat çoxalmışdı.

İlkin mənzil bazarında isə qiymətin artımı həm bu faktorlarla, həm də başqa faktorlarla bağlıdır. Digər faktlar odur ki, yeni tikinti obyektlərində qiymətlər daha bahadır, nəinki hazır binalarda. Bu da maya dəyərinin artması ilə bağlıdır. Yəni tikintidə maya dəyərinin artması son nəticədə qiymətlərin çoxalmasına səbəb olub”.

Yeganə Bayramova