Vətəndaşlar daha çox ucuz evlərə meyl edirlər
Son günlərdə daşınmaz əmlak bazarında ciddi aktivlik müşahidə olunmur. Manat-dollar münasibətlərində qeyri-müəyyənlik davam etdiyi üçün əlində pul olan şəxslər onu qoruyub saxlamağa çalışır.
Lakin mənzillərin qiymətinin aşağı düşməsi ilə bağlı fikirlər də səslənməkdədir. Son dönəmlərdə mənzil bazarında ucuzlaşmanın stabilləşdiyini deyən Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı qiymət dinamikasının dəyişməsinin daha çox aktiv zonalarda baş verdiyini söyləyib:
"Xüsusilə ipoteka kreditlərinin verilməsindən sonra ucuz mənzillərə olan tələbatın artımı müəyyən mənada bazarda qiymət ucuzlaşmasının qarşısını ala bilib. Əvvəlki kimi kəskin azalmalar müşahidə olunmur. Qarşıdakı aylarda bu məsələ ilə bağlı konkret fikir söyləmək mümkün olacaq. Çünki bir tərəfdən il yeni başlayıb, digər tərəfdən ipoteka fondu vasitəsilə ipoteka kreditlərinin verilməsi bir müddət dayanmışdı. Bu səbəbdən müraciətlərin sayının artımı ucuz evlərə olan tələbatı artırır və psixoloji faktor olaraq bazardakı qiymət azalmasının qarşısını alıb. Çox güman ki, qarşıdakı aylarda qiymət azalması davam edəcək. Artım üçün hər hansı bir əsas mövcud deyil. İndi mənzil bazarında qiymət dəyişmələri, azalma ilə bağlı orta qiymət göstəriciləri 1 - 1.5 faiz nisbətindədir. Lakin son dövrlərdə biz bunun stabilləşməsini müşahidə edirik”.
Qiymətlərin ən çox Xətai və Yasamal rayonunda azaldığını deyən əmlak eksperti həmçinin bu rayonlarda aktivliyin digərləri ilə müqayisədə yüksək olduğunu diqqətə çatdırıb:
"Ümumiyyətlə, qiymət dinamikasının dəyişməsi daha çox aktiv zonalarda baş verir. Yəni, hansı zonalarda ki aktivlik daha çox və dinamikdi, o zonada qiymət dəyişmələri istər müsbət, istərsə də mənfiyə doğru daha tez müşahidə olunur. Eyni zamanda Nərimanov, Nəsimi, Nizami, Binəqədi kimi rayonlarda da qiymət dəyişmələri olub. Amma bu dəyişmələr Xətai və Yasamal rayonlarındakı qədər deyil. Aparılan təhlillər göstərir ki, metro ətrafı ərazilərdə qiymət dəyişmələri daha tez nəzərə çarpır. Bu da həmin ərazilərin aktiv olması ilə əlaqədardır. Yəni, hansısa tendensiya məhz aktiv olan ərazilərdə daha tez müşahidə olunur. Məsələn, ipoteka kreditləri başlayır, alıcı kütləsinin əsas axın istiqaməti məhz o zonalar olur və qiymət artımı da dərhal o zonada baş verir. Eyni zamanda alıcı kütləsi dayanır və həmin zonada passivliyin baş verdiyini daha tez müşahidə etmək olur və qiymət azalması da həmin zonalarda daha tez nəzərə çarpır”.
Yeganə Bayramova