Meriya milyonları “yeyib”

Bunu biz araşdırmadıq, Hesablama Palatası gün üzünə çıxardıOqtay Haqverdiyev: “Cinayət işinin açılması da, məsuliyyətə cəlbetmə də prokurorluqdan asılıdır”
Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətində yeyintilər aşkarlayıb. Demə, paytaxt yollarını fasiləsiz - ilin dörd fəsli, sərasər asfaltması, işıq dirəklərinin gündə bir şəkil alması... və s. Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurumun dövlət vəsaitini mənimsəməsinə xidmət edirmiş. Biz də elə bilirdik, şəhərimizin günü-gündən gözəlləşməsi, Hacıbala müəllimin sevə-sevə təkrarladığı "Biz Bakımızı daha da gözəlləşdirəcəyik” kəlmələrinin arxasında mənimsənilən milyonlar, bəlkə də milyardlar dayanırmış. Bunu biz araşdırmadıq. Hesablama Palatası gün üzünə çıxardı.
Dünən Milli Məclisdə Hesablama Palatasının 2015-ci il üzrə hesabatı dinlənilib. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib və bir sıra dövlət qurumlarında yol verilən maliyyə pozuntularından danışıb. Həmin qurumlar arasında Bakı Şəhər İcra Hakimiyyəti də var. Palata BŞİH-də maliyyə pozuntuları, dövlət vəsaitini mənimsəmə və digər qanuna zidd əməllər aşkarlayıb. Hesabatda bildirilir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə BŞİH-nə ayrılmış vəsaitin 12,7 faizinin təyinatı dəyişdirilərək Bakı şəhər yollarının asfalt örtüyünün əsaslı təmirinə və yenidən qurulmasına, həmçinin klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılmasına yönləndirilib. Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin tələblərinə əməl edilməyərək bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri mövcud qaydalara uyğun müəyyənləşdirilməyib.
Tender prosedurunun keçirilməsi üçün minimum 3-4 ay vaxt tələb olunduğunu və görüləcək işlərə təcili tələbat yarandığını əsas gətirərək satınalmaların birbaşa müqavilə ilə həyata keçirilməsinə müvafiq razılıq alınsa da müqavilələr bir neçə aydan sonra bağlanıb.
Nəticədə 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əhatə olunan məbləğin 61,9 faizi səviyyəsində satınalamalar birbaşa müqavilə (bir mənbədən satınalma) metodu əsasında həyata keçirilib. Müvafiq satınalma proseduru keçirilmədən 10 layihəçi təşkilata layihə-smeta sənədlərinin hazırlanmasına görə vəsait ödənildiyi aşkarlanıb. Audit tədbirləri nəticəsində qurumun daha bir neçə sahə üzrə vəsait ödənişində nöqsanları aşkarlanıb.
Yoxlamaların nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə olunaraq müvafiq qərar qəbul edilib. Qərarın surəti zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədilə quruma göndərilib, məsələ ilə bağlı Milli Məclisə məlumat verilib.
Palataya təqdim olunan məlumata görə, BŞİH-dən cəmi 106,4 min manat vəsait dövlət büdcəsinə bərpa edilib, 2 min manat dəyərində avadanlığın təhvil verilməsi təmin olunub. 35584,9 min manat dəyərində müxtəlif adda inventar və avadanlıqların müvafiq qaydada rəsmiləşdirildiyi qeyd olunub.
Qeyd edək ki, müxtəlif mənbələrdə BŞİH-yə 2014-cü ildə 276 milyon 153 min manat vəsait ayrıldığı açıqlanır. Bu rəqəmin nə dərəcədə həqiqətəuyğun olduğu məlum deyil. Palatanın hesabatında məbləğ dəqiq göstərilməyib. Sadəcə, bildirilir ki, "vəsaitin 12, 7 faizinin təyinatı dəyişdirilib. 106,4 min manat büdcəyə təhvil verilib, 409,2 manat dəyərində təhvil verilməmiş əsas fondların müvafiq qaydada balans-saxlayıcı ilə təhvil-təslim işləri başa çatdırılıb”.
Palatanın təqdim etdiyi hesabatı şərh edən iqtisadçı Oqtay Haqverdiyev "Şərq”ə açıqlamasında qeyd etdi ki, Hesablama Palatasının müəyyən etdiyi nöqsanlar əksər dövlət qurumlarında var. Dövlət sifarişinin yerinə yetirilməsi, tender məsələləri, maliyyənin başqa istiqamətlərə xərclənməsi və s. təkcə 
Bakı Şəhər İcra Hakimiyyətində ortaya çıxan nöqsanlar deyil. Belə vəziyyət bu işlərə nəzarət etməli olan qurumların öz vəzifələrinin öhdəsindən gələ bilməməsinin nəticəsidir:
- Deməli, nəzarət aşağı səviyyədədir ki, belə yeyinti, mənimsəmə hallarına yol verilir. Hesablama Palatası bunu aşkar edibsə, gərək reaksiya olsun. İndi bilmirəm, bu faktlar nə dərəcədə ciddidir, bundan asılı olaraq aidiyyətli orqanlar, məsələn, prokurorluq reaksiya verməlidir və cinayət işinin açılması da, məsuliyyətə cəlbetmə də prokurorluqdan asılıdır. Necə olur, bir müəllim 50 manat rüşvət alanda tuturlar, amma burada dövlət vəsaitinin mənimsənilməsindən söhbət gedir, amma Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Respublika Prokurorluğu əməli işə keçmir?! BŞİH-nin təminatı dövlət tərəfindəndir. Dövlət vəsait ayırırsa, bilməlidir ki, bu vəsait hara, necə xərclənib. Meriya izahat verməlidir. Hesablama Palatası nöqsanları, mənimsəmə faktını ortaya qoyub, bundan sonrası artıq hüquq-mühafizə orqanlarının işidir.
O.Haqverdiyev tenderlərin həyata keçirilməsinin çox zaman qeyri-şəffaf aparıldığını da bildirdi:
- "Tender haqqında” qanun var. Orada hər şey göstərilib, necə olmalıdır. Bəzi təşkilatlar, şirkətlər nə edir, qanunu qoyurlar bir kənara, özləri istədikləri kimi "tender” keçirir, öz qohumlarına, hətta özlərinə məxsus podratçı şirkətlər guya bu tenderdə qalib gəlir, vəsaiti onların bank hesabına köçürürlər, alınan malların qiymətini də özlərinə sərf edən məbləğdə müəyyənləşdirirlər, pullar yenə özlərinə qalır. Büdcə pulları elə bil bunlar üçün göydən tökülür, necə gəldi, hara gəldi xərcləyirlər, özlərinə sərf edən formada sənədləşdirirlər.
Hesabatda bildirilir ki, BŞİH 106,4 min manatı büdcəyə qaytarıb. Bu pul hardan, necə ödənib? Şəxsi vəsaitləri hesabına ödəyiblər? Çox güman ki, yenə ortada büdcə vəsaitləri olub, büdcədən kəsib qaytarıblar. Yeni qurum yaradılıb - Maliyyə Bazarlarına Nəzarət Palatası. Məncə, bu Palata məsələlərə ciddi yanaşmalıdır və mənimsəmə halları ilə bağlı konkret ölçülər götürülməlidir.
Məlahət Rzayeva