Mərkəzi Bankın milli valyuta ehtiyatları azalıb

“Ölkəyə kapital axınının çox olması milli valyutanın təzyiq altında saxlanmasına səbəb olur”



Azərbaycan Mərkəzi Bankının statistik məlumatları açıqlanıb. Bankın göstəricilərinə görə 2015-ci ilin noyabrında AMB-nin sərəncamında olan valyuta ehtiyatları oktyabrla müqayisədə 589 milyon dollar (8,62 faiz) - 6 245,6 milyon dollaradək azalıb. Bu ilin əvvəlindən isə valyuta ehtiyatları azalması 7 512,7 milyon dollar (54,6 faiz) təşkil edib. Qeyd etmək lazımdır ki, Mərkəzi Bankın valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.

Valyuta ehtiyatlarının azalmasının səbəblərini "Şərq”ə açıqlayan iqtisadçı-ekspert Samir Əliyev mövcud vəziyyətin gözlənilən olduğunu deyib: "AMB-nin valyuta ehtiyatlarının azalmasının əsas səbəbi son dönəmdə dünya bazarlarında dolların bahalaşmasıdır. Dolların dəyərinin yüksəlməsi digər valyutaların azalmasına gətirib çıxardı və dünya bazarlarında dolların yerinin möhkəmlənməsinə zəmin yarandı. Həmin vaxtda bu bahalaşma insanlarda müəyyən narahatlıq yaratdığına görə dollar alışı daha da artdı. Hazırda dolların məzənnəsinin tənzimlənməsi məqsədilə Mərkəzi Bank öz valyuta ehtiyatlarından xərcləyir. Buna görə də bankın milli valyuta ehtiyatları azalıb”.

"Valyuta ehtiyatlarının azalmasına səbəb olan amillərdən biri də Azərbaycana kapital axının çoxalmasıdır”- deyən ekspert kapital axını manatın dövriyyəsi üçün zərbə olduğunu vurğulayıb: "Ölkəyə kapital axınının çox olması milli valyutanın təzyiq altında saxlanmasına səbəb olur.

İndiki şəraitdə AMB-nin valyuta ehtiyatlarının yenidən azalıb-azalmaması barədə fikir söyləmək düzgün deyil. Bu proses dekabrın 15-i və ya 16-sı Amerika Mərkəzi Bankının iclasının nəticəsindən asılı olacaq. Bu iclasda qəbul olunan qərardan asılı olaraq uçot dərəcəsi qaldırıla bilər. Əgər uçot dərəcəsi qaldırılarsa, dünya bazarlarında yenə də dolların bahalaşması baş verəcək və dollara tələbat artacaq”.

S. Əliyev qeyd edib ki, Azərbaycanda və dünyada baş verən iqtisadi proseslərin təsiri, dünya bazarlarına ümumi gərginlik yaranması Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən azalmasını şərtləndirə bilər.

Aysel Aslan