
Məsələ hələ Allaha qalmayıb, çıxış yolu var
Bunlara ziyalı, ağsaqqal, ağbirçək sözü keçərli olmayacaqGərək Xalq artistlərinin biabırçı davranışlarına ən yüksək səviyyədə qiymət verilsin

Azərbaycan incəsənət cameəsində qarşılıqlı təhqirlər, jarqon, küçə danışığı tərzi, heç kimdən, heç nədən çəkminmədən qeyri-etik ifadələrin işlənməsi adi hal alıb. Məhkəmə çəkişmələri də bitib-tükənmir. Xalq artisti İlhamə Quliyevanın Xalq artisti Nazpəri Dostəliyevaya qarşı iddiası ətrafında söz-söhbət soyumamış, indi də Aygün Kazımova, Elza Seyidcahan İlhamə xanımın qəzəbinə tuş gəliblər.
Bu günlərdə hüquqşünas, tanınmış vəkil Aslan İsmayılov bununla bağlı mətbuata öz fikirlərini bildirmişdi.
Dünən isə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə Xalq artisti İlhamə Quliyevanın son günlərdəki davranışlarına hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edib.
Deputat hesab edir ki, keçmiş köməkçisi Mehriban Hüseynovanın İlhamə Quliyeva haqqında Bakı İstintaq Təcridxanasından mətbuata ünvanladığı müraciətdə kifayət qədər ciddi faktlar var və bu faktlar Baş prokurorluq tərəfindən araşdırılmalıdır.
"Bu gün biz elə bir ölkədə yaşayırıq ki, hər bir məsələyə kifayət qədər ciddi və hüquqi qiymət verilməlidir. Heç kimin xüsusi bir statusu yoxdur ki, başqaları üzərində ağalıq, fironluq eləsin. Cənab Prezident sonuncu müşavirədə də söylədi ki, heç kim toxunulmaz deyil, heç kimin toxunulmazlıq statusu yoxdur” deyən Ç.Qənizadə Baş prokurordan bu məsələni şəxsi nəzarətinə götürməyi xahiş edəcəyini bildirib.
Millət vəkili vurğulayıb ki, Xalq artisti adını daşıyan insanlar cəmiyyət qarşısında açıq-saçıq, tərbiyəsiz, təhqiramiz ifadələrlə davamlı şəkildə nümayiş olunurlarsa, bu, artıq cəmiyyətə, dövlətə, xalqa qarşı olan ən böyük hörmətsizlikdir: "Onlara verilən titullar, adlar məsələsinə mütləq baxılmalıdır. Buna görə mən Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin "biz bu işlərə qarışmırıq” fikri ilə qəti şəkildə razı deyiləm. Onlar bu işlərə qarışmalıdır. Çünki onlar "Xalq artisti” adını hansısa təqdimatlar əsasında hansısa layiq olmayan insanlara veriblər. Buna görə də bu təqdimatları verən vəzifəli şəxslər həmin insanların hərəkətlərinə də qiymət verməlidir”.
Yaranmış ürəkbulandırıcı durumla bağlı "Şərq”lə fikirlərini bölüşən yazıçı-dramaturq Seyran Səxavət Azərbaycan mədəniyyətinin ekologiyasının hazırda çirklənmiş vəziyyətdə olduğunu dedi:
- Paytaxtdan kənarda yaşayıram, nələr baş verdiyini azdan-çoxdan eşidirəm, oxuyuram, görürəm. Maraqlı burasıdır ki, hələ yeni danışmağa başlamışam, amma sözüm artıq qurtarıb. Yəni deməyə söz tapmıram. Bunlar hardan, necə tapırlar, o "sözləri”, məəttəl qalmışam... Bilirsiz, burada iş bir ziyalının söz deməsindən artıq keçib. Bunların işi daha sözlük deyil. Bəzən çıxılmaz bir vəziyyət olanda deyirlər, iş Allaha qalıb. Ancaq bu məsələdə hələ Allaha qalmayıb. Çünki çıxış yolu var. O da bundan ibarətdir ki, gərək məsələyə ən yüksək dövlət səviyyəsində müdaxilə edilsin. Bu müdaxilə də həmin Xalq artistlərinin, Xalq artisti deyillərsə, hansı titulları varsa, bütün o fəxri adlarının, titullarının əllərindən alınmasından ibarət olmalıdır. Bu məsələ ancaq dövlət səviyyəsində həll edilə bilər. Yoxsa, bunlara ziyalı sözü, ağsaqqal, ağbirçək sözü keçərli olmayacaq. Onlar ağsaqqal, ağbirçək hörməti bilən olsaydılar, heç belə danışmazdılar, biri-birini belə təhqir etməzdilər. Bunlar Azərbaycan mədəniyyətinin, incəsənətinin nümayəndələridir. Azərbaycanı təmsil edirlər. Belə təmsilçilik olur?! Bu ifadələri, bu davranışları eşidib-bilən xaricilər bizim mədəniyyətimiz haqqında nə düşünəcəklər?! Vallah, adam iyrənir, artıq. Ayıbdı, vallah, ayıbdı!.. Xalq artistləri ləçərizm stilində danışır. Heç evdar qadınlar o ifadələri ar edib işlətməz. Görün, mətbuatda, sosial şəbəkədə rəzil ifadələr işlədənlər, biri-birilə üz-üzə gələndə, ya da telefonda biri-birinə nələr deyir?! Hamısı da xalqın adından danışır. "Mənim xalqım, mənim xalqım” deyirlər. Bizim xalqımıza yaraşır o sözlər? Bu, bizim xalqımızın səviyyəsi deyil. Mən dünyanı gəzmişəm, müxtəlif ölkələrdə olmuşam, heç yerdə belə şey görməmişəm. Az-çox dünya görmüş adam kimi, həm də xalqımızı yaxşı tanıyan adam kimi deyirəm, hər hansı başqa tədbir nəticə verməyəcək. Ancaq onların titullarını əllərindən alsınlar, cücə kimi yolsunlar, buraxsınlar bu qışın günündə küçəyə, gör necə quzuya dönürlər?! Belə olsa, başqaları da özünü yığışdırar. Görəcəklər ki, bunları yoldular, o biriləri də dərs alacaq. Bu yolla mədəniyyətimizin ekologiyasının təmizlənməsinə xidmət etmiş olarıq. Camaatın da canı qurtarar.
Jalə Aydın