Vətəndaşların binaların idarəçiliyinə cəlb olunması vacibdir
Bakının Binəqədi və Nəsimi rayonlarında bu sistem artıq tətbiq edilir
Milli Məclisin dünənki iclasında Mənzil Məcəlləsinə dəyişiklik qəbul edilib. Dəyişikliyə əsasən çoxmənzilli binaların sakinləri yaşadıqları binanın idarəçiliyində özləri iştirak edəcəklər.
Bunda məqsəd çoxmənzilli, həmçinin kooperativ binanın idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi, idarəetmədə mənzil mülkiyyətçilərinin daha yaxından iştirakının təmin olunmasıdır.
Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.
Dəyişiklikdə mənzil-tikinti kooperativinin ləğv edilərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi müddəti 1 ay təyin edilir.
Müzakirələrdə iştirak edən millət vəkilləri mənzil-tikinti şirkətlərinin kommunal xidmət haqlarını düzgün təyin etmədiyindən, sanki «xərac» yığmaq rolunu üzərlərinə götürdüklərindən narazılıq ediblər. Deputat Zahid Oruc bildirib ki, yeni tikilmiş hündürmərtəbəli binalarda mənzil-tikinti şirkətləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki kirayə haqqı ödənilir. Deputat bildirib ki, bir bloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur:
"Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. Mənzil-Tikinti Kooperativləri binadakı təmizlik işlərinə baxırlar. Bir də, 5-7 ildən bir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”.
Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib.
Bəs binaların idarəçiliyinə vətəndaşların cəlb edilməsinin üstünlüyü nə olacaq?
Məsələ ilə bağlı «Şərq»ə danışan Bələdiyyələrin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirdi ki, vətəndaşların binaların idarəçiliyinə cəlb olunması məsuliyyət yükünü artıracaq:
- Bilirsiniz ki, binaların idarə olunmasında yeni sistemə keçilir. Hələ 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsində binaların idarəçiliyinin sakinlərə tapşırılması əksini tapmışdı. Amma vətəndaşların passivliyi səbəbindən proses bugünədək uzandı. Binaların idarəçiliyinin vətəndaşlara tapşırılması, mülkiyyətçilərin müştərək cəmiyyətlərinin yaradılması məsuliyyət yükünü artırır. Belədə vətəndaşın da üzərinə vəzifə qoyulur. Sakinlər artıq binanın idarə olunmasında iştirak edir, kommunal xidmət haqlarının təyinatı üzrə ödənməsi prosesində aktiv rol alırlar. Məqsəd, məram da vətəndaşın məsuliyyət yükünün artırılmasıdır. Məsələn, Bakının Binəqədi və Nəsimi rayonlarında bu sistem artıq tətbiq edilir.
V.Tofiqli kommunal xidmət haqlarının qeyri-obyektiv təyin edilməsi hallarının mövcudluğundan da danışdı:
- Millət vəkillərinin qaldırdığı problemlər var. Vətəndaş bilməlidir ki, kommunal xidmət haqları qanunvericiliyə uyğun olaraq Tarif Şurası tərəfindən müəyyən edilir. Heç bir tikinti kooperativinin də özbaşına qiymət təyin etmək hüququ yoxdur. Qanun buna yol vermir. Qiymətləri differensiallaşdırmaq da olar. Həqiqətən də, bir-iki, yəni, aşağı mərtəbələrdə yaşayan sakinlər liftdən az və ya heç istifadə etmirsə, niyə də onlar lift xidməti haqqını yuxarı mərtəbələrdə yaşayanlar qədər ödəməlidirlər? Müasir zamanda bu məsələlər fərdi qaydada həllini tapmalıdır. Necə ki, sakinlər elektrik enerjisi, təbii qaz, su israfına görə fərdi qaydada ödəniş edirlər, çoxmərtəbəli binalarda da bəzi xidmət haqları fərdi qaydada hesablana bilər.
Məlahət Rzayeva