Elşad Miri: “Nə qədər çox analizlər verilsə, insanları maraqlandıran mövzulara toxunulsa, bunun müsbət nəticəsini görə bilərik”
Mətbuatın çağdaş durumu...
Nizami Cəfərov: “Çox istərdim ki, Azərbaycan mətbuatında gedən yazılara dünya mətbuatında reaksiyalar olsun”
Elşad Miri: “Nə qədər çox analizlər verilsə, insanları maraqlandıran mövzulara toxunulsa, bunun müsbət nəticəsini görə bilərik”
Elşad Miri: “Nə qədər çox analizlər verilsə, insanları maraqlandıran mövzulara toxunulsa, bunun müsbət nəticəsini görə bilərik”
Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Bəlkə də elə bu səbəbdən ölkə mətbuatının bugünkü durumu heç də qənaətbəxş hesab olunmur. Xüsusən də, reklam bazarının olmaması, oxucuların yazılı mətbuata bir o qədər də maraq göstərməməsi, qəzetlərin faktiki olaraq kimlərinsə maliyyə dəstəyi müqabilində nəşri yazılı mətbuatın ağır durumunu şərtləndirən əsas faktorlardandır. Mətbuatda yaşanan bu problemləri ölkənin ictimai-siyasi xadimləri, yazarları da təsdiqləyir.
Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov Azərbaycan mətbuatının bugünkü durumunun qənaətbəxş olduğunu düşünür. Ancaq bununla belə millət vəkili mətbuatda həll edilməsi zəruri olan problemlərin olmasını da qeyd edib:
- Ümumilikdə, mətbuata münasibətim istidir. Dəyərləndirməyə gəldikdə isə Azərbaycan mətbuatının bugünkü durumunu iki cür şərh edərdim. Mətbuatın əvvəlki illəri ilə müqayisədə vəziyyəti yüksək qiymətləndirərdim. Biz olduqca normativ, soyuqqanlı bir mətbuatdan gəlmişik. Müstəqilliyin ilk illərində mətbuatımız daha çox emosional çıxışlara üstünlük verib. Amma indi zaman keçdikcə, mətbuatda şaxələnmə gedir. Peşəkarlıq yüksəlir. İnformasiyalar cəmiyyətə operativ ötürülür, xəbərlərin işlənməsində o qədər də çox problem yoxdur. Nəzəri baxımdan da jurnalistika keçmişə nisbətən yetərincə təhlil olunub. Jurnalistika fakülətsində təhsil alan tələbələrin dərslik problemi artıq aradan qalxıb. Cahangir Məmmədli, Qulu Məhərrəmli, Zeynal Məmmədli bu tələbatı ödəmək üçün yetərincə dərsliklər yazıblar. Eyni zamanda, Akif Aşırlının mətbuat tarixindən bəhs edən əsərləri də Azərbaycan mətbuatına böyük töhfə verib. Ötən illərə ötəri nəzər salsaq, müasir Azərbaycan mətbuatının nə qədər inkişaf etdiyini görmək o qədər də çətin olmaz.
Ancaq dünya mətbuatı ilə müqayisədə Azərbaycan mətbuatının yüksək inkişafından danışmaq mənasızdır. Biz hələ də dünya mətbuatına uduzuruq. Təbii ki, onların təcrübəsi, dünya görüşləri bizdən artıq olduğu üçün bizim onlardan geri qalmağımız normaldır. Həmçinin, onların jurnalistləri bizimkilərdən daha çox dil bilir, bir də onlarda ixtisaslaşma yüksək səviyyədədir. Onlar yazdıqları sahəyə dair çox dərin bilgilərə sahib olurlar. Dünya mətbuatının nümayəndələri eyni zamanda şərhçi kimi də çıxış etməyi bacarırlar. Bu baxımdan bizdə ixtisaslaşma çox zəifdir. Bu problemin aradan qaldırılması çox zəruridir. Çox istərdim ki, Azərbaycan mətbuatında gedən yazılara dünya mətbuatında reaksiyalar olsun. Bizim imzalar bir çox aparıcı ölkələrdə tanınsın.
Jurnalistlərin əvəzinə analitik təhlili siyasi xadimlərimiz aparır
Mətbuatımızın kifayət qədər rəngarəng olduğunu vurğulayan Nizami Cəfərov hesab edir ki, Azərbaycan mətbuatında bütün sahələrə, aktual mövzulara lazımi səviyyədə yer ayrılır. Bununla belə millət vəkili Azərbaycan mətbuatının ləng olduğu qənaətindədir:
- Cəmiyyət üçün yararlı olan vacib məsələlərə toxunmaqda bir az gecikir. Bir də jurnalistlərimizin analitik təhlil qabiliyyəti çox aşağıdır. Müşahidələrim əsasında deyə bilərəm ki, ölkədə ictimai-siyasi, yaxud da iqtisadi sahədə baş verən proseslər, həmçinin Azərbaycanın beynəlxalq miqyasda gördüyü işlərə biganə münasibət sərgiləyir. Hətta deyə bilərəm ki, bir qayda olaraq, belə məsələlərə mətbuat yox, ictimai-siyasi xadimlərimiz şərh verir. Jurnalistikamız sanki bu işləri görmür. Ona görə də ictimai-siyasi xadimlər həmin hadisələrlə bağlı jurnalist təhlili verməyə məcbur qalır. Jurnalistlərin əvəzinə analitik təhlili siyasi xadimlərimiz aparır. Bu isə birmənalı olaraq, jurnalistikada peşəkarlığın zəif olmasından qaynaqlanır. Siyasi jurnalisitikamız heç bir hadisəni lazımi şəkildə təhlil edə bilmir. Verilən şərhlərdə, aparılan araşdırmalarda lazımi peşəkarlıq olmadığı üçün mətbuatı yalnız informasiya almaq xatirinə izləyirəm. Azərbaycan mətbuatında istədiyim obrazlılıq və analitizmi görə bilmirəm. Söz çoxdur, amma fikir yoxdur. Bununla belə, deməliyəm ki, Azərbaycan mətbuatı oxucuların informasiya tələbatını lazımi səviyyədə ödəyir. İnformasiyanın ötürülməsi və çatdırılmasında heç bir problemimiz yoxdur.
Bizim mətbuatda hadisə şərhsiz gedir
Millət vəkilinin sözlərinə görə, jurnalistlər eyni mövzunu "saqqız” kimi uzadırlar. Onun sözlərinə görə, bu problem daha çox müxalifət qəzetlərində özünü göstərir: "Demək olar ki, qəzetlər hər gün eyni problemdən yazır. Əldə etdiyi hər hansı bir mövzunu yeni bir hadisə baş verənə qədər o tərəfə, bu tərəfə çevirib, yazırlar. Ən pisi isə odur ki, yanaşmalar da eyni olur. Sadəcə, mövzu ətrafında yalandan hay-küy qoparırlar. Halbuki sonda həmin hak-küy heç bir nəticə vermir. Bu problem müxalifət mətbuatı üçün səciyyəvi olsa da, iqtidar mətbuatı da zaman-zaman eyni durumda olur. Bilirsiniz, mətbuat üçün maraqlı olan jurnalistin baş verən hadisəyə münasibəti yox, həmin hadisənin baş verməsidir. Halbuki baş verən hadisə jurnalistikanın uğuru deyil, bu, birbaşa həyatın uğurudur. Odur ki, baş verən hadisə fonunda jurnalist öz təhlili, şərhi, baxışı ilə uğur qazanmağa çalışmalıdır. Bax, Azərbaycan mətbuatında çatışmayan əsas məsələ budur. Necə ki, fotoqraf şəkli sözsüz verir, bizim mətbuatda da hadisə şərhsiz gedir”.
Elektron media nəinki çap mediasını, artıq televiziyaların da əhəmiyyətini azaldıb
İlahiyyatçı, Media Təqib Mərkəzinin Azərbaycan üzrə baş direktoru Elşad Miri də hazırkı situasiyada çap mətbuatının durumunun ürəkaçan olmadığını deyib:
- Media Təqib Mərkəzi dünyada ən böyük monitorinq şirkətidir. Qəzetlərdən, jurnallardan, elektron portallardan tutmuş televiziya və radioların gündəlik fəaliyyəti üzrə monitorinqlər aparırıq. Ölkə mətbuatının durumunu ötən illərlə müqayisə etsək görərik ki, həqiqətən də qəzetlərin durumu heç də ürəkaçan deyil. Faktiki olaraq, mətbu orqanların baş verən hadisə ilə bağlı informasiyanı bir gün sonra verməsi qəzetlərin oxunma sayına mənfi təsir göstərir. Qəzetlərdə çıxış yolu kimi analitik yazıların, köşə yazarlarının hesabına oxucuların diqqətini cəlb edə bilər. Amma əfsuslar olsun ki, qəzet rəhbərləri buna o qədər də ciddi əhəmiyyət vermir. Bu da nəticə etibarı ilə qəzetlərin saytlara uduzmasına rəvac verir. Elektron media nəinki çap mediasını, artıq televiziyaların da əhəmiyyətini azaldıb. Bu gün televiziyada yayımlanan hansısa bir proqramı bir neçə dəqiqədən sonra biz saytlarda izləyə bilirik. Faktiki olaraq, operativlik baxımından saytlar daha geniş vüsət alıb.
Bütün bu üstünlüyə rəğmən elektron medianın da bir çox çatışmazlıqları olduğunu vurğulayan E.Mirinin sözlərinə görə, saytlar gün ərzində 200-ə qədər xəbər verə bilir. Bu xəbərlərin isə ən yaxşı halda 100-də 20 faizi özlərinə məxsus olur. Qalanlarını isə digər portallardan "copy- past” edirlər. Bəzən istinadsız, bəzən də ilkin mənbəyinə istinad edərək verirlər.
E.Mirinin sözlərinə görə, KİV sahəsində müşahidə olunan bu problemlər sırf maliyyə problemi ilə bağlı deyil: "Xüsusən də elektron media orqanları arasında eləsi var ki, maliyyə problemləri yaşamır. İqtisadi durumu normaldır. Amma digər media orqanları kimi orada da informasiya qıtlığı müşahidə olunur. Burada əsas məsuliyyət jurnalistlərin üzərinə düşür. Bəziləri gün ərzində bir neçə informasiya yaymaq və həmin mövzuları gündəmdə saxlamaqla kifayətlənirlər. Əslində isə nə qədər çox analizlər verilsə, insanları maraqlandıran mövzulara toxunulsa, bunun müsbət nəticəsini görə bilərik.
Media Monitorinq Mərkəzi olaraq, Türkiyənin bütün qəzet və jurnallarını, televiziya kanallarının hər birini daimi olaraq izləyir, Azərbaycan haqqında çıxan istənilən informasiyanı əldə edirik. Amma çox təəssüf olsun ki, Azərbaycanda belə bir baza yoxdur”.
E.Mirinin sözlərinə görə, Azərbaycan mətbuatında özünü büruzə verən çatışmazlıqlardan biri də standart köşə yazarı anlayışının olmamasıdır. Həmçinin də qonorar sistemi Azərbaycanda doğru qurulmayıb. Cəmiyyət tərəfindən kifayət qədər tanınan və öz çəkisi olan birinin yazılarını almaq, onlarla əməkdaşlıq eləməklə KİV sistemində öz imiclərini formalaşdıra bilərlər. Amma bizimkilər minimum məbləğlə maksimum nəticəyə nail olmaq istəyirlər. Təbii ki, bu da mümkün olan məsələ deyil.
Davamı olacaq...
Şəymən