Metro keçidlərində satış bərpa olunur

“Yaxın vaxtlarda “Nəriman Nərimanov”, “Gənclik” və “Koroğlu” stansiyalarının keçidlərində apteklər fəaliyyətə başlayacaq”




Bir vaxtlar metro keçidlərini zəbt etmiş köşklər yenidən "qayıdır”. Amma fərqli biçimdə, fərqli görkəmdə. Fərq burasındadır ki, indikilər mədəni köşklərdir. Gül, hədiyyəlik müxtəlif əşyalar, kitab, dəftərxana malları satılır həmin köşklərdə. Həmin köşklərə apteklər də əlavə olunacaq.

"Gənclik” metrostansiyasının keçidində aptek açılması üçün hazırlıq işləri artıq gedir. "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, daha bir neçə stansiya keçidində apteklərin açılması planlaşdırılır: "Yaxın vaxtlarda "Nəriman Nərimanov”, "Gənclik” və "Koroğlu” stansiyalarının keçidlərində apteklər fəaliyyətə başlayacaq”. Qurum rəsmisi keçidlərdə fəaliyyət göstərəcək apteklərdə satılacaq dərmanlara hər hansı məhdudiyyət qoyulub-qoyulmayacağına da aydınlıq gətirib: "Aptekin fəaliyyəti üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə müqavilə bağlanır, lisenziyanı isə Səhiyyə Nazirliyi verir. Yəni, apteklərdə hansı dərmanların satılacağı, hansılara məhdudiyyət qoyulacağı bizim səlahiyyətimizdə deyil. Yəqin ki, icazə verilən dərmanlar satılacaq”.

Metro keçidlərinə satış köşklərinin geri dönüş səbəbləri barədə "Şərq”in sualını cavablandıran Nəsimi Paşayev bunun əvvəlcədən də planlaşdırıldığını bildirdi:

- Metro keçidlərindəki satış məntəqələri yığışdırılarkən də biz bildirmişdik ki, gələcəkdə məhdud sayda köşklər quraşdırılacaq. Burada əsas kriteriya sərnişinlərin hərəkətinə mane olmamaq və təhlükəsizliyin təminidir. Hansı keçiddəki buna imkan var, satış köşkü sərnişinlərin hərəkətinə mane olmur, təhlükəsizlik tədbirlərinin icrasına xələl gətirmir, orada məhdud sayda satış köşkü qoyula bilər. İkinci kriteriya isə əlbəttə ki, köşklərin göz oxşaması, estetik görünüşü və ehtiyac duyulan məhsulların satışıdır. Məsələn, gül-çiçək satılan köşklərin quraşdırılmasına ictimaiyyətdən də dəstək alırıq. Sərnişinlər bununla bağlı razılıq edirlər. İndi də təcili tələbat malları sırasında olan dərman preparatlarının satışına icazə veriləcək. Metro keçidlərindəki köşklərdə əsasən 4 növ məhsulun satışı nəzərdə tutulur. Bunlar gül, kitab və dərman preparatlarıdır və bir də çoxfunksiyalı aparatlardır ki, sərinləşdirici içkilər, nəm salfetlər əldə etmək mümkün olacaq. Hələ ki, çoxfunksiyalı aparatlara malik deyilik. Amma belə aparatlar alınacağı təqdirdə keçidlərdə quraşdırılması məqsədəuyğun hesab edilir. Digər məhsullar isə "İçərişəhər”, "Gənclik”, "Nəriman Nərimanov”, "Koroğlu”, "İnşaatçılar” metrostansiyalarının keçidlərində quraşdırılmış köşklərdə satılır. Metropoliten rəhbərliyi köşklər üçün elə əraziləri seçib ki, onlar nə sərnişinlərin hərəkətinə maneçilik törədir, nə də təhlükəsizliyə qarşıdır. Hamımız müşahidə edirik ki, köşklər çox məhdud saydadır. Apteklərin açılması da hesab edirik ki, sərnişinlər üçün gərəkli olacaq. "20 Yanvar”dakı keçidlərdə satış obyektlərinin hələ də fəaliyyət göstərməsinə gəlincə, N.Paşayev adıçəkilən keçidin metropoliten ərazisinə aid olmadığını dedi. Metro keçidlərindəki köşklərdə kitabla yanaşı, mətbu orqanların satışının bərpası ilə bağlı da N.Paşayev heç bir məlumata malik olmadığını qeyd etdi.

Məlahət Rzayeva