Metroda gedişhaqqı artırılsa...

Bu, bütün nəqliyyat sistemində qiymətlərin qalxmasına səbəb olacaq



Son zamanlarda metroda gediş haqqının artırılması məsələsi müzakirə predmetinə çevrilib. Metropoliten artımla bağlı Tarif Şurasına müraciət etmədiklərini iddia etsə də, cəmiyyətdə bir rəy yaranıb ki, ərzaq qiymətlərinin durmadan artdığı, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda bu iddiaların reallığa çevrilməsi də inandırıcıdır.

Təbii ki, metro qiymətlərində artım olacağına dair məlumatların yayılmasının bir səbəbi də sərnişindaşıma üzrə xərclərin açıqlanması ilə bağlıdır. "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə yayılan məlumatların əsassız olduğunu deyib: "Bakı Metropoliteni olaraq, biz Tarif Şurasına qiymətin artırılması ilə bağlı müraciət etməmişik. Tarif Şurasına müraciət edilməmiş qiymətlər artırıla bilməz. O ki qaldı bir sərnişin daşınması üçün xərcin 82,4 qəpik olmasına, bu rəqəm cəfəngiyatdır. Hesablama Palatası hər ilin sonunda bununla bağlı rəsmi rəqəmləri açıqlayır. Sərnişindaşımanın maya dəyəri 2015-ci ilin yekunlarına görə faktiki olaraq 54 qəpik təşkil edirdi (amortizasiya nəzərə alınmadan 32 qəpik). 2016-cı ilin 6 ayı ərzində isə sərnişindaşımanın maya dəyəri bir az da azalaraq 52,4 qəpik təşkil edib”.

Bəs, ekspertlər necə düşünür? Metroda gediş haqqının artırılmasına zərurət varmı?

İqtisadçı-ekspert Qalib Toğrulun sözlərinə görə, Metropolitenin xərclərinin strukturunda amortizasiya xərcləri və işçi heyətinin saxlanması ilə bağlı xərclər daha yüksək paya malikdir: "Hər iki xərc maddəsinə daha detallı baxdıqdan sonra müəyyən nəticələrə gəlmək olar ki, xərclər şişirdilib, yoxsa həqiqətən də yüksəkdir. Bu da hazırda mümkün deyil, çünki Bakı Metropoliteninin açıqladığı maliyyə məlumatları geniş nəticələr çıxarmağa imkan vermir.

Hesab edirəm ki, metroda gediş haqlarının yüksəlməsi bütün nəqliyyat sistemində (avtobuslarda, taksilərdə) qiymətlərin qalxmasına səbəb olacaq. Eyni zamanda, bu qiymət artımı digər sektorlarda da bahalaşmaya yol açacaq. Paralel olaraq əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcək, sosial baxımdan həssas qrupların vəziyyəti bir qədər də ağırlaşacaq. Ona görə də indiki halda gediş haqqının artırılmasını ağıllı ideya hesab etmirəm. Qaldı qiymətlərin Tarif Şurası tərəfindən tənzimlənməsinə, metropolitenin bu işə qarışmaması barədə deyilənlərə, qaydaya görə, metropoliten Şuraya müraciət edib təklifini iqtisadi baxımdan əsaslandırmalıdır. Şura da təklifin nə dərəcədə əsaslandırılmasına əsaslanıb qərar verməlidir. Amma bu, kağız üzərində belədir. Əgər nəqliyyatda gediş haqlarının qaldırılması ilə bağlı ölkə rəhbərliyinin qərarı olsa, qiymət artacaq, olmasa yox. Demək istəyirəm ki, indiki halda bu məsələdə metropolitenin rolu hətta medianın rolu qədər də deyil”.

Şəymən