Metroda “intihar sevgisi”
Sərnişinlər də qorxuya düşür, metro intiharlarını gizli saxlamaq lazımdır
Metroda "intihar sevgisi” son zamanlar artmağa başlayıb. Bu günlərdə Bakı Metropoliteni polisi gənc qızın metroda intiharının qarşısını alıb. Hadisə metronun "Gənclik” stansiyasında baş verib. Bakı sakini, 1992-ci il təvəllüdlü M.Güləmbər özünü stansiyaya daxil olan qatarın altına atmaq istəyib. Lakin çevik tərpənən polis əməkdaşları qızı xilas ediblər.
Metropoliten polisindən bildirilib ki, qız qarşılıqsız sevgi səbəbindən intihara cəhd edib. Xilas olunan qız ailəsinə təhvil verilib. Polisdən o da bildirilib ki, oxşar hadisə bir ay əvvəl də baş veribmiş. Həmin vaxt da gənc bir qız uğursuz sevgi səbəbindən qatarın altına atılaraq intihar etmək istəyib, lakin polis əməkdaşları tərəfindən xilas edilib.
Niyə məhz metro?.. Sürətlə gələn qatar ölmək istəyənlər üçün bu qədərmi "cəlbedicidir”?
Məsələyə münasibət bildirən psixoloq Elnur Rüstəmov bu kimi halların cəmiyyət üçün təhlükə daşıdığını qeyd etdi:
- Əvvəla, onu deyim ki, metroda intihar uğursuz cəhddir. Zaman-zaman metropolitendə belə hadisələr olur. Kimsə özünü qatarın altına atmağa cəhd edir, kimsə relslərin üzərinə atlanır və s... Amma bu hadisələr haqqında məlumatlar çox vaxt açıqlanmır. Hesab edirəm ki, bu, çox düzgündür. Çünki cəmiyyət, insanlar belə məlumatlardan heç də hər zaman doğru nəticə çıxarmırlar. Əksinə, bu məlumatlar yayıldıqca, cəmiyyət bu hadisələr barədə çox eşitdikcə, belə hallar daha da ictimailəşir, onlara maraq artır. Bu, çox pis bir təbliğat vasitəsidir. Bəziləri səhv olaraq bu fikrə düşür ki, filankəs bunu etdisə, mən də edim. Xatırlayın, bir müddət "Koroğlu” körpüsündə intihara cəhd halları nə qədər çoxalmışdı. İki gündən bir, eşidirdik ki, kimsə körpüyə çıxıb intihar etmək istəyib, polis kimisə körpüdən düşürüb və s. Yəni, bəzən məlumatların yayılması əks nəticə verir. Hansısa halın qarşısı alınmaq əvəzinə, ona meyl artmağa başlayır. Bu da insan psixologiyasının bir xüsusiyyətidir. İcra edilmiş bir iş başqasına da asan, mümkün görünür. Görürsünüz, intihara cəhd edənlər son zamanlar hündürmərtəbəli binaları seçir. Deməli, hündürmərtəbəli binalarla bağlı artıq cəmiyyətdə pis bir adət formalaşıb. Çünki bu artıq keçilmiş bir yol, mümkün bir variantdır. Metro ilə bağlı isə biz xüsusilə diqqətli olmalıyıq. Metropoliten strateji bir obyektdir. Metro xüsusi diqqət, təhlükəsizliyə ciddi riayət tələb edən nəqliyyat növüdür. Metroda intihar xəbərlərinin yayılması digər sərnişinləri də qorxuya sala bilər. Artıq sərnişinlər qorxmağa, çəkinməyə başlayır ki, birdən kimsə özünü qatarın altına atar. Belə
xəbərlər yayıldıqca insanlar daha çox qorxuya düşürlər. Amma belə gözlənilməz hadisələrin qarşısını almaq çox çətindir. Mən deyə bilmərəm, nə etmək lazımdır ki, metroda intihar, ölüm hallarının qarşısı alınsın. Neyləməlidirlər?! Çəpər çəkəsi deyillər ki!.. Bu, mənim sahəm deyil və nəsə deməyim də, doğru alınmaz. Sadəcə, mən bunu deyə bilərəm ki, insanın intihar etmək fikri varsa, metroda imkan tapmasa, bunu başqa bir yerdə, başqa məkanda edəcək. İntihar etməyin o qədər "qəşəng” yolları var ki!.. İnsanlar ən müxtəlif "səbəblərdən” intiharı seçir. Kimisinin narahatlığı olur, kimisi uğursuz sevgi yaşayır, bəzisi xəstəlik səbəbindən, bəzisi borca görə və s. Bu məsələlər ciddi araşdırılmalıdır. Və mümkün qədər informasiyalar qapalı saxlanmalıdır ki, cəmiyyət üçün zərərli təcrübəyə çevrilməsin. İnsan həyatı ilə bağlı son dərəcə ehtiyatlı olmaq və belə məsələləri hər kəsin müzakirəsinə buraxmaq lazım deyil.
Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev "Şərq”ə açıqlamasında metropoliten ərazisindəki müşahidə kameralarının daim işlək vəziyyətdə olduğunu dedi:
- Metropolitenin hər bir guşəsi, bütün nöqtələr daim müşahidə kameraları altındadır. Vəziyyət daim izlənir. Amma əməkdaş müşahidə kamerası ilə izləmə aparıb hansısa sərnişinin özünü şübhəli, təhlükəli apardığı görsə belə, həmin əraziyə xəbər ötürməsi və sərnişinin təhlükəsizlik qaydalarına riayət etməyə çağırılması müəyyən vaxt aparacaq. Metropolitendən istifadə qaydaları var, bu qaydalar lövhələrdə bütün vaqonlarda, stansiyalarda vurulub. Yəqin müşahidə etmisiniz ki, gün ərzində stansiyalarda təhlükəsizlik qaydaları səsləndirilir. Sərnişinlərdən bu qaydalara riayət etmək xahiş olunur. Təhlükəsizlik qaydalarına riayət etmək sərnişinlərin borcudur. Qatar bələdçiləri də, çox zaman sərnişinlərə xəbərdarlıq edir ki, hüdud xəttini keçməyin, qatar platformaya yaxınlaşanda, sərnişinlərdən hüdud xəttindən kənara çəkilmək tələb olunur. Halbuki, qatar bələdçisinin vəzifəsi qatarı qarşılayıb, yola salmaqdır. Amma nəzarətçi hansısa təhlükəli vəziyyət və ya təhlükəsizlik qaydasının sərnişin tərəfindən pozulduğunu gördükdə, bu haqda xəbərdarlıq edir. Bəzi sərnişinlər qulaqcıq taxır, musiqi dinləyir, bələdçinin çağırışını heç eşitmirlər də. Metropoliten ərazisinə daxil olmuş hər bir sərnişin təhlükəsizlik qaydalarına əməl etməlidir. Qatar stansiyaya daxil olursa, hüdud xəttinə yaxınlaşmaq olmaz, kənara çəkilmək lazımdır. Qatarın yan güzgüləri sərnişini əzə bilər. Bunlar barədə metroda hər yerdə məlumatlar da var, xəbərdarlıq lövhələri də vurulub. Amma nə edəsən ki, bəzən sərnişinlər səhlənkar davranır, bu da bəzən həyatları bahasına başa gəlir.
Məlahət Rzayeva