Meyvə qıtlığı qiyməti bahalaşdırır

Natiq Cəfərli: "Hava şəraiti, xaricə ixracat meylinin artması və insanların xərclərinin artması bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxarır"


"Hava dəyişkənliyi meyvələrin bazarda bol olmasına təsir edir. İndi müəyyən qıtlıq yaşansa da, yay fəslinə doğru, iyunun əvvəllərində bolluq yaranacaq”.

Bunu Sherg.az-a bazarlarda mövsümi meyvələrin qiymətinin baha olmasının səbəblərini izah edərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, kənd təsərrüfatı məhsullarının ixracatı üçün stimullaşdırıcı planların həyata keçirilməsi kənd təsərrüfatı və meyvəçiliklə məşğul olan insanlarda xaricə marağı artırıb:

"Çünki həm baha qiymətə satmaq mümkün olur, həm də müəyyən təşviq proqramları var. Satılan məhsulun 3 faizə yaxını dövlət təşviqi ilə geri qaytarılır. Logistik dəstəklər göstərilir. Ona görə fermerlər xaricə mal satmağa maraqlıdır. Bu da daxili bazarda məhsulun həcmini azaldır. Çünki Azərbaycanın o qədər böyük imkanları yoxdur ki, kənd təsərrüfatı ilə bağlı həm özünü tam şəkildə təmin etsin, həm də xaricə bol məhsul satsın. Xaricə satılan məhsulun həcmi artdıqca daxildə azalma yarandığından, qiymətlərin qalxması ilə müşahidə olunur. Qiymətin bahalaşmasına təsir edən digər amil isə odur ki, bu sahə ilə məşğul olan insanların özlərinin xərci artıb. Bütün sahələrdə ciddi inflyasiya və qiymət artımı mövcud olduğuna görə kənd təsərrüfatı ilə məşğul olan insanlar da daha çox pul qazanıb, digər sahələrdəki xərclərini ödəməyə çalışırlar.

Bu amillər, hava şəraiti, xaricə ixracat meylinin artması və insanların xərclərinin artması bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Düşünmürəm ki, qısa zamanda bu problemin köklü şəkildə həlli mümkün olsun. Çünki xüsusilə mövsümi məhsulların, meyvələrin qısa zamanda məhsuldarlığın artırılması mümkün deyil. Çünki ağacların böyüməsi və bar verməsi uzun müddət tələb edən vəziyyətdir. Ona görə də ola bilər, yaxın üzümüzə gələn illərdə də biz problemlərlə qarşılaşaq. İnflyasiyanın səviyyəsi aşağı düşərsə, digər sahələrdə sabitlik yaransa, o zaman bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətində də sabitlik yarana bilər. Amma yaxın gələcəkdə pozitiv dəyişikliklərin olması mümkün görünmür”.

Aysel Aslan