Millət vəkili müstəqil media ombudsmanı yaratmağı təklif edir

Yadigar Məmmədli: “Mətbuat Şurasının tətbiq etdiyi ictimai qınaq üsulu o qədər də yaxşı effekt vermir”
Elçin Mirzəbəyli: “Biz hər zaman bu ideyanı dəstəkləmişik və indi də dəstəkləyirik”

Vüsal Məmmədov: "Təsəvvür edə bilmirəm ki, media ombudsmanı konkret nə işlə məşğul olacaq”



Parlamentin plenar iclasında deputat Elmira Axundova ombudsmanın jurnalistlərin müdafiəsinə qalxmasına etiraz edib. Millət vəkili çıxışında bildirib ki, ombudsmanın hesabatında mətbuata təzyiqlərdən danışılır, jurnalistlər müdafiə olunur. Lakin ombudsman demir ki, bəzi media qurumları reketçiliklə pul qazanmaq yerinə çevrilib: "Söz azadlığının təmin edilməsi, informasiya əldə etmək azadlığı bölmələrində siz mətbuata təzyiqlərdən danışırsınız, jurnalistlərin müdafiəsinə qalxırsınız.

Bu normaldır və təqdirəlayiqdir. Amma hesabatın heç bir yerində o məsələyə toxunulmur ki, KİV, xüsusilə bir sıra elektron saytlar son zamanlar kimlərinsə hesablaşması, rəqiblərə divan tutmaq, açıq reketçilik və pul qazanmaq məkanına çevrilib. Jurnalistləri müdafiə etmək lazımdır. Bəs bizi, cəmiyyəti, deputatları, ictimai və dövlət xadimlərini bu cür jurnalistlərin qəddarlığından, azğınlığından kim müdafiə edəcək?”. Deputat düşünür ki, hökumətin jurnalistika və jurnalistlərə ayırdığı bu qədər qayğının nəticəsində bu gün qarşımızda başqa mənzərə olmalı idi: "Biz əvvəllər Milli Məclisdə əlimizdə olmuş vasitəni, yəni İnformasiya üzrə müvəkkil vəzifəsini ixtisar etmişik və onun funksiyasını hörmətli ombudsmanımıza vermişdik. Lakin bu qərarın qəbulundan bir neçə il keçməsinə baxmayaraq informasiya üzrə müvəkkilin fəaliyyəti hələ də görünmür. Bunun da bir sıra obyektiv səbəbləri var. Heç də hər şey hörmətli Elmira Süleymanovadan asılı deyil. Buna görə hesab edirəm ki, biz bu məsələyə ya yenidən qayıtmalı və informasiya üzrə müvəkkil vəzifəsini müstəqil qurum kimi bərpa etməliyik, ya da Ombudsman Aparatı daxilində Elmira Süleymanovaya əlavə səlahiyyətlər verərək bu fəaliyyəti canlandırmalıyıq. Bundan savayı biz müvafiq qanunlar vasitəsilə Mətbuat Şurasına daha geniş səlahiyyətlər verməliyik. Məsələn, bu və ya digər saytın fəaliyyətinin müvəqqəti, 1 ay müddətinə dayandırılması yaxşı olar. Necə ki, Milli Televiziya və Radio Şurasına belə geniş səlahiyyətlər vermişik. Düşünürəm ki, həm Ombudsman Aparatı, həm də Mətbuat Şurası jurnalistikada baş alıb gedən bu cür neqativ hallara qarşı daha təsirli mübarizə aparmalıdırlar”. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə bildirib ki, Azərbaycan jurnalistikası üzərinə düşən öhdəlikləri əvvəlki illərlə müqayisədə yerinə yetirə bilir: "Bir sıra saytlarda xəbərlər dəqiqləşdirilmədən tələsik verilir. Lakin ümumilikdə KİV-lər gərgin vəziyyətdə normal iş fəaliyyəti ortaya qoyur, operativ işləyir. E.Axundova jurnalistikanın probleminə yanaşırsa, kompleks yanaşsın”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib ki, əvvəlki "KİV haqqında” qanunda media ombudsmanı ilə bağlı müddəa əksini tapmışdı. Lakin üzərindən xeyli il keçməsinə baxmayaraq, media ombudsmanı institutu yaradılmadı. Sonra həmin müddəa qanundan çıxarıldı və mediaya nəzarət funksiyası İnsan Hüquqları üzrə Müvəkkilə, Ombudsman Aparatına verildi: "Ancaq bu qərar müsbət nəticə vermədi. Burda məsələ insan haqlarının pozulması ilə bağlı deyil. Azərbaycanda hər kəs informasiya almaq hüququna malikdir və istədiyi vaxt məlumat əldə edə bilir. Əgər vətəndaş bununla bağlı hansısa problemlə üzləşirsə, Ombudsman Aparatına müraciət edir və onun şikayətinə baxılır. Bizi narahat edən media qurumları ilə bağlı məsələdir. Ombudsman Aparatı jurnalistlərin peşə fəaliyyəti ilə bağlı mövcud olan problemləri araşdırmalı və ölçü götürməlidir. Lakin qurumun bu sahə ilə bağlı fəaliyyəti bizi qətiyyən qane etmir. İnstitut mütləq öz işini gücləndirməlidir. Düzdür, ombudsmanın parlamentdə verdiyi hesabatda bir sıra haqlı iradlar var idi. Biz media adamı olaraq bununla razılaşırıq. Amma məsuliyyəti öz üzərinə götürən qurum da öz işini yaxşı görməlidir”.

Mətbuat Şurasına əlavə səlahiyyətlər verilməsi məsələsinə münasibət bildirən Y.Məmmədlinin sözlərinə görə, sözügedən qurum ictimai əsaslarla qurulub: "Mətbuat Şurası dövlət qurumu deyil. Şuranın səlahiyyətlərinin artırılması qurumun strukturunun tamamilə dəyişdirilməsinə gətirib çıxaracaq. Azərbaycanın Mətbuat Şurası Avropa ənənəsinə, daha çox Almaniya praktikasına əsaslanaraq yaradılıb və müstəqil fəaliyyət göstərir. Amma İngiltərədəki Mətbuat Şurası dövlətə yaxın qurum kimi işləyir. Bunu tələb edən də ingilis cəmiyyətinin özüdür. Əgər biz nəticəyə gəliriksə ki, Azərbaycanda media qurumlarına inzibati nəzarət olmalıdır və bunu hansısa dövlət qurumu həyata keçirməlidir, onda müvafiq addımlar atmaq olar”. Ekspert bildirib ki, media sahəsində müəyyən qanun pozuntuları baş verir və bu qanun pozuntularının qarşısının alınmasında Mətbuat Şurasının tətbiq etdiyi ictimai qınaq üsulu o qədər də yaxşı effekt vermir:

"Baxmayaraq ki, Şurada şikayət komissiyası fəaliyyət göstərir, iclaslarda bütün şikayətlərə baxırıq, müzakirə edirik. Hətta bir neçə media orqanını "qara siyahı”ya salırıq. Amma görünən odur ki, problemləri ictimai qınaqla həll etmək mümkün olmur. Elə ölkələr var ki, orada ümumiyyətlə mediaya inzibati cəza metodları tətbiq olunmur. Amma bir sıra dövlətlərdə administrativ qaydada mətbuata müdaxilələr edilir və müxtəlif cəzalar verilir. Əgər söhbət konkret internet saytlarından gedirsə, indiki zamanda bunun qarşısını almaq mümkün görünmür. Çünki internetin bizə verdiyi imkanlar saytlara müdaxiləni yolverilməz edir. Ciddi informasiya vasitələri adına iddia edən qurumlar nəzərdə tutulursa, onların fəaliyyəti "KİV haqqında” qanunla tənzimlənməlidir. Yenə deyirəm, MŞ-nin cəza vermək hüququ yoxdur, amma mövcud qanunlara əsasən bəzi media orqanlarına inzibati cəzalar tətbiq oluna bilər. Hətta bu cür media qurumlarının fəaliyyəti birdəfəlik dayandırılar”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bəyan edib ki, əlahiddə media ombudsmanın yaradılması daha məqsədəuyğun olardı: "Biz hər zaman bu ideyanı dəstəkləmişik və indi də dəstəkləyirik. Ombudsman Aparatı media ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında deyil. Çünki həmin qurumun nəzdində çox müxtəlif strukturlar, sahələr birləşdirilib. Bunun özü yanlış yanaşmadır. Elmira Süleymanova və onun ətrafı media ombudsmanın səlahiyyətlərinə aid olan heç bir funksiyanı yerinə yetirə bilmir. Uzun zamandır bu missiyanı ənənəvi olaraq Azərbaycanın Mətbuat Şurası və digər institutlar həyata keçirirlər. Bu baxımdan media ilə bağlı səlahiyyətlərin İnsan Hüquqları üzrə müvəkkilə verilməsini doğru qərar hesab etmirəm. Sözün açığı, indiki şəraitdə Elmira Axundovanın bu məsələni qaldırması məni təəccübləndirir. Çünki vaxtı ilə media ombudsmanı institutunun müstəqil şəkildə fəaliyyət göstərməsinin əleyhinə ən çox çıxış edən məhz E.Axundova olub. O, hamıdan daha qabarıq şəkildə bu səlahiyyətlərin ombudsmana verilməsini tələb edirdi. Parlamentdə Mətbuat Şurasının sədri Əflatun Amaşov deputata media nümayəndələri adından cavab verdi və dedi ki, bu məsələdə təkcə medianın üzərinə getmək doğru deyil. Hazırda mətbuatın üzləşdiyi ciddi problemlərlə məşğul olmaq lazımdır. Təəssüflər olsun ki, vaxtı ilə media qurumlarında çalışan bəzi millət vəkilləri mətbuatın sosial ağır durumu haqqında düşünmürlər. Görünür, onlar üçün oturduqları kürsü daha rahatdır”. Baş redaktor deyib ki, deputatın dilə gətirdiyi problemləri hüquqi müstəvidə həll etmək lazımdır: "İndiki şəraitdə Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsi hüquqi cəhətdən mümkünsüzdür. MŞ-nin statusu onun səlahiyyətlərinin artırılmasına uyğun gəlmir. Şura dövlət qurumu, hüquq-mühafizə orqanı deyil ki, hansısa media quruluşuna sanksiya tətbiq etsin. Sanksiyanın tətbiq edilməsi üçün məhkəmə qərarı lazımdır. Ona görə də millət vəkilinin təklifi hüquqazidd təşəbbüsdür. Sözügedən problemin aradan qaldırılması üçün "KİV haqqında” qanunvericilikdə müvafiq müddəalar var. Qanunvericiliyə edilən əlavə dəyişikliklərdə də kifayət qədər mexanizmlər var. Həmin mexanizmlərlə qanunsuz fəaliyyət göstərən sayt rəhbərlərini cinayət məsuliyyətinə və ya hansısa başqa inzibati cəzaya cəlb etmək olar. O ki qaldı saytlara, internet saytı televiziya deyil ki, onun fəaliyyətini dayandırasan. Xarici ölkələrin praktikasında belə bir şey yoxdur. Hansısa saytın fəaliyyətini ya ümumiyyətlə dayandırmaq, ya da hansısa maddi təzminat tələb etmək olar. Bütün bunlar da məhkəmə qərarı ilə reallaşa bilər. Hər hansı dövlət qurumu öz qərarı ilə media orqanının fəaliyyətini dayandıra bilməz. Azərbaycan qanunvericiliyində belə mexanizm yoxdur”.

"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, media qurumları, xüsusən saytlar daha çox məsuliyyət hiss etməlidirlər. Amma baş redaktor da düşünür ki, internet saytların fəaliyyətini hansısa müddətə dayandırmaq çətin məsələdir: "Şəxsən mən bunun mexanizmini bilmirəm. Amma ən azından qanun pozan, qaydasız oyun oynayan saytları müəyyən edərək "qara siyahı”ya salmaq, ictimaiyyətin qınaq obyektinə çevirmək mümkündür. Bütün hallarda bu cür addımlar ya hüquqi cəzalandırma, ya da ictimai qınaq şəklində olmalıdır. Ümumiyyətlə, sayt elə bir sahədir ki, onun fəaliyyətini dayandırmaq praktik olaraq mümkün deyil. Rusiyada və Qərb ölkələrində müəllif hüquqlarını pozan media qurumları var. Onlarla bağlı dəfələrlə məhkəmə işləri qaldırılıb, barələrində qəti sanksiyalar çıxarılıb. Amma heç birinin fəaliyyətini dayandırmaq mümkün olmayıb. Çünki hansısa saytı bağlayanda onun rəhbərliyi və kollektivi gedib başqa adla yeni sayt açır. Yəni bir növ dövlətlə "gizlənpaç” oyunu oynanılır. Bunun qarşısını almaq isə çətin olur”. V.Məmmədov media ombudsmanı məsələsinə də toxunub: "Açığı, təsəvvür edə bilmirəm ki, media ombudsmanı konkret nə işlə məşğul olacaq. Əgər belə bir institut yaradılsa, bu, Mətbuat Şurasının işini təkrarlayan bir qurum olacaq. Ona görə də ayrıca media ombudsmanına ehtiyac görmürəm. Fikrimcə, deputat bir məsələdə haqlıdır, hazırda medianın hüquqlarını müdafiə etməkdən daha çox kimlərisə mediadan qorumaq lazımdır. Ancaq bu funksiyanı Mətbuat Şurası həyata keçirməlidir”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb