Siyavuş Novruzov deputat həmkarlarını da yaxalarını kənara çəkməkdə suçladı
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında millət vəkili Siyavuş Novruzov siyasi partiyalarla bağlı yeni qanun qəbulunun vacibliyini önə çəkib.
Sherg.az-ın məlumatına görə, deputat yenə bəzi siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı vermədiyini söyləyib:
"Guya onların maliyyəsi yoxdur? Mən buna inanmıram. Necə maliyyə yoxdur ki, sədrləri ətraflarında xeyli köməkçi, cangüdən saxlayırlar? Ona görə də, bu partiyaların maliyyə mənbələri açıqlanmalıdır. Pulla adam saxlamaq, iğtişaş yaratmaq, mitinq keçirməyin mənbəyi məhz o şirədədir. O şirə bağlanmayınca, davam edəcəklər. Onlara madiyyat verənlər əlbəttə ki, tapşırıqlarını da verirlər. Pul verən tapşırıq verməlidir da. Onlar da canla-başla vətənə, dövlətə qarşı çıxırlar”.
S.Novruzov qeyd edib ki, radikal müxalifət təşkilatları və orada olan şəxslər üçün xalq, dövlət anlayışı yoxdur: "Onlar üçün sadəcə maddi anlayış var. Bu məsələlər qanunvericiliklə tənzimlənməlidir, qarşısı qəti şəkildə alınmalıdır. Xaricdə ermənidən pul alanlar da bu şəkildə fəaliyyət göstərirlər. Hamımız birlikdə mübarizə aparmalıyıq”.
Deputat həmkarlarına da etiraz edib:
"Bəzən Milli Məclis haqqında söz deyilir, deputatlar yaxalarını kənara çəkib deyirlər ki, bizə aidiyyatı yoxdur. Bu deyilən söz bütün deputatlara aiddir, necə yəni bizə aidiyyatı yoxdur?! Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik ki, başa düşsünlər. Anlasınlar ki, onlar bizimlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınki yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik. Təhqirlər sosial şəbəkələrdə anonim adlar altında yazılır. Bununla da mənəvi terror həyata keçirirlər. Bu, onların ağlının məhsulu deyil, xaricdə oturan bəzi dairələrin göstərişidir. Onlar bilmir ki, 25-30 ildir, siyasətlə məşğuluq, mexanizmi də çox yaxşı bilirik. Təbii ki, onlar belə cılız addımlarla bizi qlobal siyasətimizdən döndərə bilməzlər. Sadəcə qarşısı alınmalıdır ki, söyüş, təhqir terroru aradan qalxsın”.
Anar