Millət vəkilləri narazılıq etdilər
Nazirlər, məmurlar deputatların telefon zənginə cavab vermirlər
Ötən gün Milli Məclis komitələrinin iclası keçirilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin toplantısında İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişiklik müzakirə edilib. Dəyişikliyə görə balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə fiziki şəxslərin 1000 manat, vəzifəli şəxslərin 3000, hüquqi şəxslərin 15 000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.
Komitə sədri, deputat Əli Hüseynli deyib ki, məcəlləyə edilən digər dəyişikliyə görə, kino və videofilmlərin dövlət reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə 2000 manat miqdarında cərimə ediləcəklər. İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan digər dəyişikliyə görə, gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat olmadan dəniz limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə fiziki şəxslərin 200, hüquqi şəxslərin isə 500 manat cərimələnməsi nəzərdə tutulur.
Digər dəyişikliyə görə, dəniz limanları reyestrinin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 100 manat cərimələnəcəklər. Dəniz limanının Gəmi və liman vasitələrinin mühafizəsi haqqında beynəlxalq məcəllədə nəzərdə tutulan sənədlər olmadan fəaliyyət göstərməsinə görə isə hüquqi şəxslər 1000 manat cərimə olunacaqlar.
7000 manatdan 8000 manatadək cərimə...
İclasda dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına görə cərimələr də müəyyənləşib. "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd olunub ki, dini qurumların müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına, dini yığıncaqlar, yürüşlər və
digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına, ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə, dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə, dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə fiziki şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 7000 manatdan 8000 manatadək məbləğdə cərimə ediləcəklər.
Dəyişiklik layihəsi müzakirədən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"Azlıq təşkil edən partiyaların nümayəndələri rəhbər vəzifələrdə təmsil olunmurlar”
Sözügedən komitənin iclasında "Milli Məclisin Daxili Nizamnaməsinə” dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi isə bir sıra deputatların narazılığına səbəb olub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev söyləyib ki, parlament hazırda çoxpartiyalılıq prinsipi ilə fəaliyyət göstərsə də, bu, müşahidə edilmir: "Əməldə biz Milli Məclisin çoxpartiyalılıq prinsipi ilə fəaliyyət göstərdiyini görmürük. Bu gün Milli Məclisdə rəhbər vəzifələrdə, komitə sədrləri və onların müavinləri postlarında ancaq hakim partiyadan seçilən millət vəkillərini görürük. Azlıq təşkil edən partiyaların nümayəndələri rəhbər vəzifələrdə təmsil olunmurlar. Hesablama Palatasının üzvləri də komitə sədrlərindən seçilir və məlumdur ki, onlar hakim partiyanın nümayəndələridir. Belə olan halda isə aşkarlıq prinsipindən söhbət gedə bilməz. Heç olmasa Hesablama Palatasının auditorları parlamentdə azlıqda təmsil olunan partiyalardan seçilsinlər. Parlamentin çoxpartiyalılıq sistemi ilə fəaliyyət göstərməsinin əməldə görünməməsi onun parlamentin nüfuzuna mənfi təsir göstərir”.
"...Bəzi nazirlər öz səlahiyyətlərini aşaraq, ona verilən səlahiyyətlərdən sui-istifadə ediblər”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarının söylədiyi fikirlərin əksəriyyəti ilə razı olduğunu diqqətə çatdırıb: "Bu, günümüzün reallığıdır. Nizamnamə və deputatın statusu ilə bağlı qanunlar 20-25 il öncə qəbul edilib, ötən müddət ərzində Azərbaycanda Milli Məclis vacib dövlət qurumu olaraq oturuşub, kifayət qədər ənənələr formalaşıb. Eyni zamanda da Milli Məclisdən dövlətə qarşı ola biləcək təhlükələr indi minimuma enib. Yəni mən bunu 20-25 il öncəki vəziyyətlə müqayisə edirəm. İndi Milli Məclis dövlətçiliyin qorunmasında və inkişafında məsuliyyətini dərk edən və bu istiqamətdə xüsusi töhfələr verən dövlət qurumuna çevrilib. Ona görə də hesab edirəm ki, Qüdrət müəllimin bu gün burada səsləndirdiyi təklifləri daha da genişləndirməklə, Nizamnamədə və statusda ciddi dəyişiklik etməyə ehtiyac var. Biz bunu mütləq etməliyik. İndi mətbuatda da bununla bağlı ictimai rəy yaranıb. Biz bəzən mətbuatın üzərinə gedirik ki, niyə belə deyir. Əslində, mətbuat ictimai rəyi formalaşdıran çox ciddi bir tərəfdir. Təsadüfi deyil ki, mətbuat 4-cü hakimiyyət adlanır. Bu gün ictimai rəydə də Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı fikirlər səslənir. Çünki son hadisələr də göstərdi ki, bəzi nazirlər öz səlahiyyətlərini aşaraq, ona verilən səlahiyyətlərdən sui-istifadə ediblər”. F.Ağamalı Milli Məclis üzvlərinin hökumətin hesabatı zamanı daha geniş fikirlər bildirməsi üçün deputat səlahiyyətlərinin artırılmasına ciddi ehtiyac olduğunu da qeyd edib: "Məncə, bu həm də dövlətimizin xeyrinə olar. Burada şəxsi korporativ maraqların axtarılması yolverilməzdir. İndi Qüdrət müəllim bu cür təkliflər verməklə, heç də nə isə əldə edəcəyi barədə qətiyyən düşünmür. Eyni zamanda, mən də bununla bağlı öz təkliflərimi verəcəyəm və heç kəs də məni başqa cür qiymətləndirməsin. Burada söhbət xalq tərəfindən seçilən Milli Məclis deputatlarının səlahiyyətlərinin artırılmasından gedir. Necə ola bilir ki, ölkə prezidenti tərəfindən təyin olunan komitə sədri, nazir, idarə başçısı öz qurumlarında səlahiyyət sahibi olur və onun sözünün üzərində söz deyəcək şəxs təkcə cənab Prezident olur, ancaq Milli Məclisə seçilmiş deputatlar həmin dövlət məmurları haqqında dövlətimizin xeyri üçün hər hansı tövsiyə və ya təkliflər vermək hüququna malik olmur. Bu heç kəsə sirr deyil və mən də bunu bir neçə dəfə söyləmişəm”.
"Bu, əsla belə deyil”
"Bu gün elə nazirlər, komitə sədrləri və dövlət məmurları var ki, onlar millət vəkillərinin telefonlarına cavab vermir”- deyən millət vəkili vurğulayıb ki, bu doğru münasibət deyil: "Kimsə elə düşünməsin ki, millət vəkili hər hansı dövlət məmuruna öz şəxsi xahişlərini etmək üçün zəng vurur. Bu, əsla belə deyil. Mən 20 ildən artıq olan öz təcrübəmdən deyirəm ki, bu gün bir sıra nazirlər və digər dövlət məmurları cəmiyyət və insanlar üçün açıq deyillər. Ancaq millət vəkilləri cəmiyyət və xalq üçün açıqdır, insanlar deputatlara çıxa, dərdlərini deyə bilirlər. İnsanların bizə dediyi problemlərin həlləri üçün biz nazirliklərə, digər dövlət qurumlarına sorğu göndəririk, ancaq bizə standart cavab verirlər. Heç bir müsbət nəticəsi də olmur. Məmurlara telefonla da zəng vurub sözünü deyə bilmirsən. Milli Məclisin iclaslarında elə atmosfer yaranıb ki, nazirlər və komitə sədrləri gələndə, elə bil göydən paraşütlə düşürlər. Yəni, dövlətçiliyimiz və xalqımız üçün bu cür ənənəni qırmaq mütləq lazımdır. Bu cür məsələlərin dövlət səviyyəsində həlli üçün Əli müəllim (Əli Hüseynli nəzərdə tutulur - red) sizin kifayət qədər həm hüquqşünas olaraq, həm də nüfuzlu komitə sədri kimi imkanlarınız var. Xahiş edirəm ki, siz bu məsələləri həm parlament rəhbərliyi, həm də dövlət səviyyəsində qaldırasınız”.
Komitə sədri Ə.Hüseynli hər iki deputatın fikirlərinə hörmətlə yanaşdığını bildirib.
O qeyd edib ki, qanun layihəsi işçi qrupunda müzakirə edilərkən hər iki partiya sədri müzakirələrə dəvət edilsin və fikirlərini nəzərə almaq olar.
"Artıq iqtisadiyyatı neft üzərində qurmaq dövrü keçib, əlavə gəlir mənbələrinin tapılması vacibdir”
Dünən həmçinin, Əmək və sosial siyasət komitəsinin də iclası keçirilib. İclasda "Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” saziş və Əmək Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən sertifikasiya zamanı praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onlara aid olmayan sualların verilməsi qadağandır. Sazişin müzakirəsi zamanı komitə sədri Hadı Rəcəbli bildirib ki, artıq iqtisadiyyatı neft üzərində qurmaq dövrü keçib, əlavə gəlir mənbələrinin tapılması vacibdir: "Bu məsələdə dəfələrlə vurğuladığımız kimi, turizmin önəmi üzə çıxır. Azərbaycanda turizm üçün böyük potensial var. Amma bəzi səbəblərdən turizmin istənilən səviyyədə inkişafı mümkün olmur. Ölkə prezidentinin də dediyi kimi, Azərbaycanda dördulduzlu, beşulduzlu otellərə ehtiyac yoxdur, daha çox üçulduzlu, ikiulduzlu otellər olmalıdır. Mərmər döşəmələr, divara vurulan mərmər örtüklər turistlərin nəyinə lazımdır, onlar yüksək səviyyədə xidmət gözləyir. Həmçinin, buraya daha ucuz qiymətlərlə gəlişlərinin təmin edilməsi vacibdir”.
"Cahangir Əsgərovu divara dirəməsən, qiymətləri endirən deyil”
Deputat İlham Məmmədov da turizmin önəmini vurğulayıb: "Turizmin inkişafı üçün qiymətlərin aşağı salınması, xüsusilə təyyarə biletlərinin ucuzlaşdırılması lazımdır. Düzdür, arada endirimlər olur, amma bu da kampaniya xarakteri daşıyır. Bu məsələdə kampaniyaçılıq olmaz. Bununla turizmi inkişaf etdirmək mümkün deyil”. Həmkarının çıxışna reaksiya verən digər deputat Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə AZAL prezidentindən şikayət edib: "Cahangir Əsgərovu divara dirəməsən, qiymətləri endirən deyil. Prezident dedi ki, kerosini də dövlət verir, təyyarələri də dövlət alır. Ancaq AZAL rəhbəri Cahangir Əsgərov rentabellikdən filandan danışır”. Millət vəkili həmçinin otellər məsələsinə toxunub: "Məsələn, Antalyada otellərdə bir otaq 24-25 min dollara satılır. Kim istəsə ala və qalmadığı dövrdə isə onu icarəyə verib pulunu qazana bilər. Bizdə də bu təcrübədən istifadə olunmalıdır”. Müzakirələrdən sonra qanun parlamentin plenar iclasına tövsiyə olunub.
Anar Bayramoğlu