Milli hisslərdən uzaq “jurnalistlər” peyda olub

Onlar ölkə içində əlini-qolunu sallayıb rahat gəzməməlidir


İran növbəti prezident seçkilərinə hazırlaşır. 6 namizədin içində ən şanslı iddiaçı indiki prezident Həsən Ruhani hesab olunur. Şübhə yoxdur ki, İranda kimin prezident seçilməsindən asılı olmayaraq, Cənubi Azərbaycanın, 35 milyonluq soydaşımızın durumunda, yəni mövcud problemlərin həllində hansısa müsbət dəyişiklik olmayacaq.

Əfsuslar olsun ki, İran hələ də Azərbaycanın müstəqil dövlət kimi varlığını həzm edə bilməyib. Təsadüfi deyil ki, rəsmi Tehran Azərbaycan Respublikasının müstəqilliyini 8-ci sırada - hətta Rumıniyadan sonra tanıyıb. Tehran Azərbaycanın müstəqilliyini formal qəbul etsə də, bizə "qardaş” desə də, xeyli müddət altdan-altdan müstəqilliyimizin təməlini qazmağa, din pərdəsi altında ölkəmiz əleyhinə təxribatlar həyata keçirməyə çalışıb. 

Bu səbəbdən İran hökuməti Azərbaycanın ərazi bütövlüyünə qəsb etmiş, bir milyondan çox insanı öz yurdundan didərgin salmış, müsəlman torpaqlarında etnik təmizləmə aparmış işğalçı Ermənistanın yanında yer alıb. Türkiyə və Pakistan kimi təcavüzkara sanksiyalar tətbiq etmək əvəzinə, daima işğalçı ölkəyə nəfəs verib. Ona görə də, vaxtaşırı iki ölkə arasında ikitərəfli münasibətlərdə müəyyən problemlər müşahidə olunub. Ancaq buna rəğmən, qonşuluq əlaqələri qorunub saxlanılıb. Hazırda İranla Azərbaycan arasında ciddi problemlər müşahidə olunmur. Ancaq reallıq odur ki, qonşu ölkədə müəyyən qüvvələr Azərbaycanı hədəfə götürmək cəhdlərindən heç vaxt əl çəkmək niyyətində deyillər. Məlum olduğu kimi, bu günlərdə xaricdə yerləşən bir sıra media orqanları İranın mühafizəkar dairələri tərəfindən yerli hakimiyyət orqanlarına ünvanlanmış sənədi açıqlayaraq, ölkənin azərbaycanlı əhalisinə və Azərbaycan dövlətinə qarşı yeni təxribatların həyata keçirilməsi planlarını ifşa ediblər. Məlumata görə, İranın SEPAH təşkilatı ölkənin şimal-qərbində azərbaycanlı fəalları izləyir və onları neytrallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışırlar. Rejim hesab edir ki, azərbaycanlı fəalları gözdən salmaq üçün xüsusi KİV və saytlar yaradılmalı, Azərbaycan və Türkiyədə kəşfiyyat-psixoloji əməliyyatlar həyata keçirilməlidir. Hədəf dairəsi kimi isə hər iki ölkədə milli azlıqların və etnik qrupların imkanlarından istifadə olunması və separatçılığın qızışdırılması məqbul hesab edilir. Şübhə yoxdur ki, İran rejimi tərəfindən maliyyələşdirilən və Azərbaycan əleyhinə fəaliyyət göstərən saytların, Azərbaycanda İranın maraqlarını ifadə edən bəzi siyasi partiyaların və QHT-lərin fəaliyyəti hər zaman qətiyyətlə zərərsizləşdirilib və bundan sonra da elə olacaq. Çünki soydaşlarımızı təzyiq altında saxlayan rejim ölkənin azsaylı erməni əhalisi üçün ən məqbul imkanlar yaradır. 

Məsələ ilə bağlı "Şərq”ə danışan Qabil Hüseynli deyib ki, ölkədə xarici ölkələrin təbliğatını aparan bəzi saytlar var. Ekspertin sözlərinə görə, əgər hansısa "media orqanı” təhlükəli təbliğat və təxribatla məşğul olursa, əcnəbi ölkəyə xidmət edirsə, onun fəaliyyəti dərhal dayandırılmalıdır: 

"Qanunsuz işlərlə məşğul olanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Araşdırmaq lazımdır ki, o şəxslərin fəaliyyəti Azərbaycanın dövlət maraqlarına nə qədər uyğundur və indiyə kimi hansı formada dövlətə və millətə ziyan vurublar. Bir neçə adam bu minvalla həbs edilsə, heç kim ölkə maraqlarına zidd hərəkət etməz. Təəssüflər olsun ki, "əldəqayırma”, milli hisslərdən uzaq olan "jurnalistlər” peyda olub. Onlar sayt açmaq, pul qazanmaq üçün hər yola getməyə hazırdır. Hesab edirəm ki, həmin şəxslərlə ciddi mübarizə aparmaq lazımdır. Ölkə içində ölkə əleyhinə təbliğat aparan adamlar əlini-qolunu sallaya-sallaya gəzməməlidir”. Politoloqun fikrincə, İran milli azlıqlarla bağlı hər zaman bəd niyyət olub. Xüsusən, Cənub bölgələrində və Bakı ətrafı kəndlərdə öz təbliğatlarını aparıblar. Nardaran hadisələrində bunun şahidi olduq. O baxımdan, kifayət qədər ayıq-sayıq olmalı, təxribatların qarşısını almalı, nəzarəti gücləndirməliyik. Amma məkirli dairələrin etnik azlıqlarla bağlı planları heç vaxt reallaşmayacaq. Çünki Azərbaycan tolerant ölkədir, etnik azlıqlar qədim dövrlərdən digər millətlərlə çiyin-çiyinə yaşayırlar. İranın fitnəsinə ancaq üç-beş adam aldana bilər”. Q.Hüseynliyə görə, İrandakı 35 milyonluq soydaşımızla yaxından işləməyi bacarmalıyıq: "Niyə İran rejiminin zülmündən qaçan soydaşlarımız Almaniyaya sığınmalı, Qərb ölkələrində çətin həyat sürməlidirlər? Biz onları Azərbaycana dəvət etməli və rahat yaşamaları üçün hər cür şərait yaratmalıyıq. Məkirli qüvvələr unutmasınlar ki, bizim əlimizdə çox güclü bir kart var”.
İsmayıl