Milli Məclis Avropa Parlamentinə etiraz etməlidir: “Bu təşkilatlar qərəzli və ikili standarta son qoymalıdırlar”

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında millət vəkili Fəzail Ağamalı Avropa Parlamentinə etiraz məktubu göndərilməsini tələb edib.
Sherg.az-ın xəbərinə görə, millət vəkili deyib ki, bu təşkilat Azərbaycana qarşı yenə qərəzli mövqe ortaya qoydu:
"Heç bir əsas olmadan ölkəmiz ittiham edildi. Bu, ikili standartın bariz nümunəsi deyilsə bəs nədir?! Maraqlı məqam odur ki, Avropa Parlamenti, Azərbaycana qarşı hər zaman qərəzli mövqe sərgiləyən digər beynəlxalq təşkilatlar Ermənistanda baş verən zorakılıqlara münasibət bildirmirlər. Ermənistan həbsxanasında jurnalist, siyasi fəal aclıqdan öldü. Hansı ki, siyasi sifarişlə həbs edilmişdi. Amma buna baxmayaraq Avropa Parlamenti, digər beynəlxalq təşkilatlar heç bir müzakirə aparmadılar, etiraz etmədilər. Bu onu göstərir ki, Avropadakı təşkilatlar Ermənistanın müdafiə etməklə onların Azərbaycana qarşı işğalçılıq siyasətini stimullaşdırırlar”.
Deputatın qənaətincə bu gün Qarabağ münaqişəsi ilə bağlı ikili yanaşma mövcuddur:
"Bu, onların bir daha xristian təəssübkeşliyinin nümayişidir. Heç nə olmadığı təqdirdə, Mehman Hüseynovun məsələsini bayraq edib Azərbaycana qarşı kəskin iddialarla qətnamə qəbul edən Avropa Parlamentinə qarşı Milli Məclis etiraz məktubu ünvanlamalıdır. Tələb edilməlidir ki, ikili standartlara son qoyulsun. Azərbaycan gücləndikcə, nüfuzu artdıqca, islahatlar dərinləşdikcə anti-milli qüvvələr hücuma keçirlər. Biz onlara laiqli cavabımızı verməliyik”.
Anar