Milli mətbuatımız 140 yaşında...
Baş yazarlar son 20 ili medianın “qızıl dövrü” hesab edirlər
(... əvvəli ötən sayımızda)
Hər bir xalqın milli mətbuatı daima milli və dövlət maraqlarına xidmət etməlidir. Əlbəttə ki, mətbuatın, ilk növbədə, funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun.
Belə hallarda, ümumixalq maraqları naminə müəyyən məsələlərdə bəzi informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər.
Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Əgər bir qədər geriyə qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümüzün önündən keçirsək, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni, iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin, məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi-nəzərdən mühüm bir hadisə idi. Bu şərtləri nəzərə alsaq, Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabinin nə qədər ağır, çətin şərtlər altında tarixi bir missiyanı həyata keçirməyi bacardığını daha aydın dərk edərik. Hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən "Əkinçi” qəzetinin çap etdirilməsi həm də bir neçə onillik sonra müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edib. Bundan sonrakı Azərbaycan mətbuatı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf edib, dövrün spesifik xüsusiyyətlərinə uyğun üzərinə götürdüyü məsuliyyətli vəzifəni uğurla yerinə yetirməyə çalışıb.
Bu il 140 illik yubileyini qeyd edən Azərbaycan milli mətbuatının ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerini, vətəndaş cəmiyyətinin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində rolunu nəzərə alan dövlət başçısının 2015-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən keçirilən tədbirlər bir daha ölkəmizdə mətbuata verilən yüksək qiymətin növbəti təzahürüdür.
Maraqlıdır, milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı media kapitanlarımız nə düşünür? 140 yaşlı Azərbaycan mətbuatı deyəndə onların gözündə ilk olaraq nə canlanır?
... Prezidentin sərəncamına toxunan Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkəmizin böyük hamisi və qayğıkeşi kimi tanınıb: "Ölkə başçısı öz fəaliyyəti dövründə daima ictimai institut kimi mətbuatın inkişafı üçün əlindən gələn hər şeyi edib. Bununla bərabər Azərbaycan mətbuatını təşkil edən jurnalistlərin sosial, məişət problemlərinin həlli ilə bağlı onların ictimai nüfuzunun artırılması ilə bağlı müxtəlif çoxsaylı tədbirlərə imza atıb. Hesab edirik ki, bu gün dövlət başçısının Azərbaycan mətbuatının 140 illiyinin az qala milli bayram səviyyəsində qeyd edilməsini təmin edəcək bir sərəncam imzalaması da möhtərəm Prezidentimizin Azərbaycan mətbuatının inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan mətbu icması bu diqqətə, qayğıya layiq olmağa çalışmalıdır.
Prezidentin sərəncamı əlbəttə ki, Azərbaycanda bir daha jurnalist peşəkarlığının artmasına, jurnalistikanın mötəbər bir peşə kimi tanınmasına, ölkə jurnalistlərinin ictimai nüfuzunun artmasına təsir göstərəcək ciddi bir tələbdir. Bununla bərabər hesab edirəm ki, ölkə başçısının Azərbaycan mətbuatına bu qayğısı həm də ölkə mətbuatında ciddi bir məsuliyyət yaratmalıdır. Çünki informasiya cəmiyyətlərinin əsas institutlarından biri kimi mətbuat ölkədə bir sıra mühüm məsələlərin, o cümlədən ictimai ahəngdarlığın, siyasi həmrəyliyin, milli səfərbərliyin, vətənpərvərliyin və s. bu kimi digər dəyərlərin formalaşmasında rolu olan böyük bir institutdur. Hesab edirəm ki, ölkə rəhbərinin imzaladığı bu sərəncamdan sonra ölkə mətbuatı keyfiyyət baxımından öz inkişafında yeni mərhələyə daxil olacaq”.
"Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev isə deyib ki, 140 illik Azərbaycan mətbuatı deyəndə onun gözünün qabağında 140 illik tariximiz, mətbuatımızın bu 140 il ərzində keçdiyi yol canlanır: "Azərbaycan mətbuatı çox keşmə-keşli yollardan keçib. Çar hökumətinin ağır tələblərinə rəğmən, Azərbaycan mətbuatı öz varlığını qoruyub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan mətbuatı öz müstəqilliyini əldə etsə də, inkişaf edə bilmədi. Çünki iki il çox az bir vaxtdır. Qarşıya qoyulan məqsədlər öz həllini tapmadı. Sovet dövründə də mətbuatımız çox ağır sınaqlardan çıxaraq bu günümüzə qədər gəlib çıxıb. Müstəqilliyimizə qədər Azərbaycan mətbuatı ağır günlər yaşasa da, mətbuat ənənələrinin yaranmasına nail ola bildi. Bu müddət ərzində Azərbaycan jurnalistikası adlı bir məktəb yaratdı. Bəli, bu gün bizim 140 illik bir ənənəyə sahib jurnalistika məktəbimiz var”.
B.Quliyevin sözlərinə görə, Azərbaycan mətbuatı öz inkişaf yoluna, məhz müstəqillik dövründə qədəm qoyub. Azərbaycan mətbuatının həm maddi texniki bazasının, həm kadr potensialının artmasının, ayrı-ayrı peşəkar jurnalistlərin yetişməsi onu göstərir ki, müstəqillik dövründən bu yana Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsindədir.
Yəni ki, Azərbaycan mətbuatı bu il özünün 140 yaşını qeyd etsə də, mətbuatın inkişaf dövrü 1993-cü ildən başlayıb. Müstəqil mətbuat müstəqil Azərbaycanda formalaşmağa başlayıb. İslahatlar baxımından ilk iki ili saymasaq, son 20 ili Azərbaycan mətbuatının "qızıl dövrü” kimi qiymətləndirmək olar. Təbii ki, bunun da bünövrəsində birbaşa olaraq dövlət qayğısı dayanır.
"Səs” Media qrupunun rəhbərinin sözlərinə görə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən ilk dəfə olaraq vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb: "Vətəndaş cəmiyyətini formalaşdıran institutlardan biri də mətbuatdır. Heç təsadüfi deyil ki, Ulu Öndər həmin dövrdən başlayaraq mətbuatın inkişafı ilə bağlı yeni konsepsiyaların hazırlanması və həyata keçirilməsi üçün zəmin hazırladı. 1998-ci ildə mətbuatın üzərində hələ SSRİ dövründən qalmış senzuranın ləğvi və mətbuatın inkişafı istiqamətində hüquqi bazanın formalaşması imkan verdi ki, mətbuat azad şəkildə inkişaf etsin. Son dövrlərdə Prezident İlham Əliyevin atdığı addımlar göstərir ki, mətbuata doğma münasibət artıq ənənə halını alıb. Bunun sayəsində də bu gün milli mətbuatımız özünün ən yüksək inkişaf mərhələsini yaşayır”.
B.Quliyev də mətbuatın 140 illiyi ilə bağlı imzalanan Sərəncamın Prezident İlham Əliyevin milli mətbuatımıza dəstəyinin növbəti sübutu olduğunu söyləyib: "Ölkə başçısı tərəfindən Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam isə onu göstərdi ki, dövlət milli mətbuatın, söz azadlığının, fikir plüralizminin inkişafında maraqlıdır. Sərəncamda konkret olaraq göstərilir ki, mətbuatın 140 illik yubileyi ilə bağlı tədbirlər respublika ərazisində geniş şəkildə keçirilməsi təmin olunsun. Eyni zamanda sərəncamda jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur. Sərəncamda olan hər iki bənd onu göstərir ki, dövlət milli mətbuatın inkişafını, o cümlədən respublika, dünya əhəmiyyətində tədbirlərin keçirilməsini təmin etməyi özünə borc bilir. Bildiyiniz kimi, sərəncamda jurnalistlərin mükafatlandırılması da yer alıb. Bu isə onu göstərir ki, qiymətləndirilməyə layiq olan jurnalistlər qiymətləndiriləcək. Bütün bunlar bir daha sübut edir ki, dövlət hər bir vətəndaşının yanında olduğu kimi, eyni zamanda jurnalistin də yanındadır”.
B.Quliyev əlavə edib ki, jurnalistika çox ağır peşədir: "Bu peşədə çalışanlar çox cəsarətli insanlardır. Ümummilli Lider Heydər Əliyev dəfələrlə etdiyi çıxışlarında qeyd edirdi ki, jurnalistika ağır və məsuliyyətli bir peşədir. Məhz, bu baxımdan hesab edirəm ki, sərəncamın özündə jurnalistlərin mükafatlandırılması məsələsi onu göstərir ki, jurnalistin fəaliyyətinə dövlət
tərəfindən qiymət verilir. Jurnalistin sosial problemlərinin həlli yolunda atılan addımlar göstərir ki, dövlət hər bir vətəndaşının və jurnalistinin yanındadır. Bildiyiniz kimi, jurnalistika sahəsində çalışan insanlar öz əməkhaqları ilə heç vaxt mənzillə təmin oluna bilməzdilər. Amma 2013-cü ildə Azərbaycan milli mətbuatının 138-ci ildönümü münasibətilə cənab Prezidentin jurnalistlərə təqdim etdiyi mənzillər onu göstərdi ki, dövlət jurnalistlərin sosial problemlərinin həlli istiqamətində mərhələli addımlar atır. Budəfəki sərəncam isə onu əsaslandırır ki, jurnalistlər həvəslənsinlər, işləsinlər və öz xalqlarının, dövlətlərinin inkişafı istiqamətində öz öhdələrinə düşən işi dərk edərək xalqının, dövlətinin yanında olsunlar. Bu sərəncam hər bir jurnalist üçün bir sevinc payıdır. Eləcə də bu sərəncam yeni nəsil jurnalistləri üçün stimuldur. Hesab edirəm ki, gənc jurnalistlər də bundan bəhrələnəcəklər. Bu gün mətbuatın tutduğu mövqe və demokratik inkişaf yolunda atdığı addımlar cəmiyyətin ümumi inkişafına xidmət edir. Xüsusilə əgər vətəndaş cəmiyyəti qurulmuş bir dövlətdən danışırıqsa, hesab edirəm ki, vətəndaş cəmiyyəti institutu kimi mətbuatın inkişafı cəmiyyətin də inkişafına xidmət edən amildir”.
Şəymən
(davamı var...)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb