“Milli Şura” növbəti dəfə biabır oldu – Hanı bəs “onminlər”?!




Yanvarın 19-da "Məhsul” stadionunda uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifət növbəti addımı ilə potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə nümayiş etdirdi. Belə ki, 10 gündən çoxdur sosial şəbəkələr və başqa vasitələrlə ADR-in qurucusu Məhəmmədəmin Rəsulzadənin ildönümünü "möhtəşəm aksiya”ya çevirəcəklərini bəyan edən "Milli Şura” adlı qurum, Müsavat, AXCP və digər partiyalar onun abidəsinin yanına cəmi 200-300 adam yığa biliblər.

Jurnalistlərin müşahidəsinə əsasən, AXCP sədri Əli Kərimli və "Milli Şura” rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Bir o qədər də Müsavat Partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə 3 nəfərlə gəlib. Yerdə qalan "möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar.

Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir. Ağzı dolusu "xalqın dəstəyi” barədə danışanlar 10 gün əvvəldən hazırlıqlarına baxmayaraq, Rəsulzadənin ildönümünə cəmi 200-300 adamla qatıla biliblər.

Bundan öncə yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edən zaman süni şəkildə qarşıdurma yaratmış Əli Kərimli internet mediaya onunla xiyabana gələn "on minlərlə” adamın qarşısının necə alınmasından danışmışdı. O, utanmadan deyirdi ki, guya polis qəsdən "Milli Şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər Xiyabanına buraxmır ki, az görünsünlər. Görəsən "Milli Şura” Rəsulzadənin heykəlinin yanına o 10 minləri niyə aparmayıb və cəmi 120-130 adamla gedib? Axı polis onlara heç bir maneçilik törətmədi. Bütün bunlar göstərir ki, radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.

Həmçinin, bu rəzillik radikal müxalifətin azsaylı tərəfdarlarının hakimiyyətin son tədbirlərini, struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə dövlət başçısının və birinci vitse-prezidentin tapşırıqları, şəhid ailələri ilə görüş, bununla bağlı verilmiş sərəncamlar və s – ni 19 yanvar mitinqinin effekti ilə izah etmək cəhdinin də sabun köpüyündən başqa bir şey olmadığını göstərir.

"Yurddaş" Partiyasının sədri Mais Səfərli "Sherg.az”a deyib ki, istər özünü "Milli Şura" adlandıran qurum, istər Müsavat, istərsə də digər özünü müxalifət adlandıran radikal qüvvələr ictimai dəstəkdən məhrumdurlar. Onun sözlərinə görə, xalq bu insanlara inanmırlar:

"Mən onların Rəsulzadənin heykəli önündə belə biabırçı şəkildə görünmələrinə təəccüblənmədim. Yanlarında gedən 15-20 adam da bu partiya sədrlərinin özləri, ailə üzvləridir. Onların heç ümumiyyətlə qohumları da qoşulmurlar. Çünki bunlara qohumlarının belə inamı qalmayıb. Xalq hazırkı iqtidarı dəstəkləyir, niyə müxalifətin populist bəyanatlarına fikir versin ki?! Vətəndaşlar cənab Prezident İlham Əliyevin apardığı islahatları görür, yüksək qiymətləndirir. Ölkəni hazırkı iqtidar lider dövlətə çeviribdir. Narazılıq yoxdursa, radikal müxalifətə qoşulan təbii ki olmayacaq. Ona görə də hesab edirəm ki, bu şəxslərin çağırışlarının heç bir effekti yoxdur”.

Anar