“Milli Şura”nın bir də molla papağı əskikdir

Radikal dindarları meydana cəlb etməklə say artırmaq istəyən müxalifət gücsüz olduğunu sübut etdi



"Milli Şura”nın 17 sentyabr mitinqi ilə bağlı Azərbaycan ictimaiyyətinin tənqidi fikirləri səngimək bilmir. Xüsusən, xaricdən maliyyələşən müxalif qüvvələrin mitinqlərdə dindarlardan sui-istifadə etmələri cəmiyyət tərəfindən kəskin etirazla qarşılanır. Media və sosial şəbəkələrdə bu məqam ciddi müzakirə mövzusuna çevrilib. Maraqlıdır ki, onları tənqid edənlərin əksəriyyəti elə müxalif cameədən olan şəxslərdir.

"D-18” Hərəkatının rəhbəri Ruslan İzzətli feysbuk səhifəsində "Milli Şura”nın dindən siyasi alət kimi istifadə etməsini pisləyib. O, açıqlamasında qeyd edib ki, aksiyalarda dini şüarların səsləndirilməsi, "Allahu-əkbər” şüarlarının yayılması başqa məqamlardan xəbər verir: "Biz siyasətdə ideologiya fərqi qoymadan, hər kəsin pozulan hüququnu müdafiə etməliyik. İnsanları dindarlığına, solçuluğuna, millətçiliyinə görə qruplaşdırmamalıyıq. Özümüzün isə siyasətdə qırmızı xətlərimiz olmalıdır. Ancaq kütlə yanımıza gəlsin, çoxlu sayda tərəfdaş yığmaq xətrinə dindən istifadə etməməliyik”. R.İzzətli əminliklə vurğulayıb ki, din dövlətdən ayrı olmalıdır və dünyəviliyin əsas qırmızı xətti də elə məhz budur: "Biz müqəddəs dinimizi siyasi alət kimi istifadə etməməliyik. Kimlərsə bundan öz maraqları üçün yararlana bilər, amma istəmirəm ki, sabah Azərbaycan siyasi islamın alətinə çevrilsin”. Göründüyü kimi, "Milli Şura”nın mitinqinə dindar kəsimi cəlb etməsi, onlardan öz məqsədləri üçün istifadə etmək istəməsi ictimaiyyətdə əməlli-başlı qıcıq yaradıb. Öz həmfikirləri olan digər müxalif təşkilatlar da bu fakta susqunluqla yanaşa bilməyib kəskin mövqelərini açıqlayırlar. Statusa rəy yazan Aynur İmran adlı şəxs də ona dəstək çıxıb. Bildirib ki, din siyasətdən uzaq tutulmalıdır. Digər bir neçə şəxs də bu haqda fikir bildiriblər. Belə məqamda təbii bir hal baş verib və həmişəki kimi cəbhəçilər statusa hücum çəkiblər. R.İzzətli onların aqressiv rəylərinə bu cür cavab verib: "Axı nə zamana qədər normal müzakirə apara bilməyəcəksiniz. Mən normal fikrimi yazıram. Kimlərsə bunu bölücülüyə aparırsa, demək, düşüncə problemi var”. Ceyhun Nəbi adlı istifadəçi də İzzətlini dəstəkləyib və onun doğru dediyini yazıb: "Doğru deyirsiniz, gərək sona qədər bu fikri müdafiə edək. Meydanı dini qruplara, insanların hisslərini siyasətə alət edənlərə vermək lazım deyil”. Vüqar Mirzəyev isə yazıb ki, "Milli Şura”nın mitinqində dindarların çoxluq təşkil etməsi, dini şüarların səslənməsi, radikal şiələrə yarınmaq cəhdləri açıq-aydın görünürdü: "Deməli, məqsəd dindarların hesabına aksiyanın kütləviliyini təmin etmək olub. Çünki həmin qüvvələr başqa yolla adam yığa bilmirlər”. Sosial şəbəkə istifadəçisi Aynur Əsgərovanın şərhi də bu yöndə olub: "Ruslan bəy, tamamilə haqlısınız. Mən "Milli Şura”nın mitinqində dindarların nə qədər çox olduğunun şahidiyəm. Bu isə ona əsas gətirir ki, özlərinin mitinqə adam yığmağa qüvvəsi yoxdur. Buna görə də dindarlardan istifadə edirlər”. Kamilə Əliyevanın rəyi isə daha ironikdir: "Əlbəttə, dünyəvilik önəmlidir. Məsləhət görərdim ki, növbəti mitinqdə Əli Kərimli başına molla papağı qoyub, moizə də oxusun. O zaman daha maraqlı olar”. Ayla Həşimova yazıb: "Əgər "Milli Şura”nın mitinqində dindarlar olmasaydı, çox az adam olacaqdı. Demək, AXCP mitinqlərə adam toplaya bilmir. Çünki insanların onlara inamı qalmayıb”. Sabir Hüseynov isə bildirib ki, din siyasətə müdaxilə etməməlidir: "Mitinqdə həbsdə olan Taleh Bağırzadənin müraciətini niyə oxudular? Desinlər görək, Taleh dindardır, ya siyasətçi?”. Göründüyü kimi, demək olar hər kəs "Milli Şura”nın dindarlardan istifadə etdiyini, onların vasitəsilə meydana adam topladıqlarını başa düşüb. Bu yerdə "xalqın gözü tərəzidir” misalı yerinə düşür və xalqın "Milli Şura”nı niyə dəstəkləmədiyi bir daha aydın olur.

İsmayıl