Milyarderin qürub çağı...

Rusiya siyasi oyun qaydalarını dəyişdi, Telman İsmayılov müflis oldu



Azərbaycan əsilli milyarder Telman İsmayılovun müflis elan edilməsi ilə bağlı məhkəmə prosesi təxirə salınıb. Moskva Arbitraj Məhkəməsi "Moskva Bankı”nın iş adamı Telman İsmayılovun müflis elan edilməsi barədə müraciətinə baxılmasını dekabrın 21-nə kimi təxirə salıb. Məhkəmə "Moskva Bankı”nın Telman İsmayılovun qeydiyyat ünvanını müəyyənləşdirmək üçün Federal Miqrasiya Xidmətinə sorğu göndərmək barədə vəsatətini təmin edib.

Məhkəmənin sədri Pavel Markov bildirib ki, təqdim olunan materiallarda T.İsmayılovun yaşadığı ünvanla bağlı ziddiyyətli məlumatlar var. Sənədlərin bir hissəsində onun Moskva şəhərində, digər hissəsində isə Skolkovo qəsəbəsində qeydiyyatda olduğu göstərilir. Bununla əlaqədar məhkəmə işə baxana kimi borclu tərəfin ünvanının dəqiqləşdirməsini vacib hesab edib. Xatırladaq ki, milyarder Telman İsmayılov Rusiya hakimiyyəti tərəfindən sıxışdırıldıqdan sonra öz biznesini Türkiyəyə daşıyıb və Antalyada məşhur 1.4 milyard dollara başa gələn "Mardan Palace” otelini inşa etdirib. Ancaq milyarderin Türkiyəyə qoyduğu investisiya da T.İsmayılovu müflis olmaqdan xilas etməyib. Milyarderin bu ilin 1 oktyabrına yığılan borcu ümumilikdə 287 milyon dollar təşkil edib. "Moskva Bankı” T.İsmayılovun bu müddətdə maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə, onun ödəmək iqtidarında olmadığını bildirib. Həmin vaxtdan etibarən T.İsmayılovun iflası ilə bağlı mediada müzakirələr aparılmaqdadır. Hətta Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski də azərbaycanlı oliqarx Telman İsmayılovun müflis olması məsələsinə toxunub. Siyasətçi təklif edib ki, xaricə pulun çıxarılması məhdudlaşdırılsın. Qalmaqallı siyasətçi bunun Rusiya iqtisadiyyatına zərər verdiyini düşünür: "Bir müddət əvvəl Türkiyədə ölkənin ən bahalı mehmanxanası "Mardan Palace”nin yarı qiymətə satılması barədə xəbər yayıldı. Həmin otel müflis olmuş milyarder Telman İsmayılov tərəfindən tikilib. Yəni o, Rusiyadan qazanılmış pulu çıxarıb öz əsas aktivini türklərə hədiyyə etməyə məcbur olub. Faktiki olaraq biz milyonlarla dolları qonşu ölkəyə hədiyyə etdik”.

Məsələ ilə bağlı mövqe bildirən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, T.İsmayılovun şirkətlərində çoxlu azərbaycanlılar fəaliyyət göstərirdi və hansısa formada bu gəlirlərin müəyyən bir qismi Azərbaycana istiqamətlənirdi: "Azərbaycanlı milyarderlərin daha çox məskunlaşdığı ölkə Rusiyadır. Rusiyada olan milyarderlərin isə bir çoxunun gəlirlərinin əsası neft sektorundan qaynaqlanırdı. Rusiyada aparılan siyasi oyun qaydalarının dəyişməsi milyarderlərin bilərəkdən müflisləşdirilməsinə səbəb oldu. Bu ölkədə açıq şəkildə qrup mübarizələri gedir. AST Telmanın müflisləşdirilməsi istiqamətində Rusiya hökuməti ciddi işlər gördü. Telman İsmayılova məxsus "Çerkizovsk” bazarının bağlanması Rusiyada yaşayan azərbaycanlıların sosial vəziyyətinə ciddi mənfi təsir göstərdi”. Ekspert milyarderin müflis olma səbəblərini bu cür açıqlayıb: "Onun müflis olmasında müxtəlif amillər var. Xüsusilə də Rusiyada idarəetmə sisteminə diqqət etsək görərik ki, orada əsas problemlərdən biri, liberal bazarın olmamasıdır. Bir çox hallarda burada formalaşan milyarderlərimiz hansısa hakimiyyət qurumlarına yaxınlığı ilə bu məqamlara gəlib çatırlar. Bəzi hallarda isə hakimiyyətin yuxarı dairələri ilə münasibətlərdə hansısa problemlərin ortaya çıxması biznesmenin iflasına səbəb olan əsas amilə çevrilir. T.İsmayılovun timsalında biz bunu müşahidə edə bilərik. Düşünürəm ki, bəzi hallarda onun prosesləri idarəetmə gücü var idi. Lakin buna şərait yaradılmadı”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin isə mövqeyi fərqli olub. O, açıqlamasında bildirib ki, T.İsmayılov kimiləri 1990-cı illərdə Rusiyada qeyri-qanuni pul qazananlardır: "Onlar rəqabətli mühitdə, normal bazar qaydalarına uyğun olan şəraitdə işləməyi öyrənməyiblər, bunu bacarmırlar. Baş verənlər də, əsasən, onların yeni şəraitə uyğun işlərini qura bilmədiklərinin nəticəsidir”.

İsmayıl