Onun təcili əməliyyatına 7 min manat pul lazımdır, tapa bilmirlər
Hazırda 39 yaşı olan Bağırov Süleyman Məhər oğlu 1994-cü il tarixdən həqiqi hərbi xidmətə çağırılıb. 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin gizirlər kursunu bitirib və xidmətini "N” saylı Hərbi Hissənin mühəndis istehkam bölüyünün tağım komandiri vəzifəsində davam etdirib.
O, xidmət etdiyi dövr ərzində fəxri fərmanlarla, qüsursuz xidmətə görə çoxsaylı medallarla təltif olunub. 2014-cü ildə yenidən Hərbi Hissəyə göndərilib. Elə həmin ilin sonunda Sarıcalı qəsəbəsində yerləşən Hərbi Hospitalda müayinədən keçən zaman səhhətində aşkarlanmış problemə görə, göndəriş əsasında Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Hospitala köçürülüb. 15 gün ərzində aparılmış müayinədən sonra Bakı şəhərində yerləşən Mərkəzi
Klinikaya gətirilib və orada müayinə edilib. Lakin heç bir müalicə aparılmadan həkim komissiyasının qərarına əsasən Silahlı Qüvvələrin sıralarından təxris olunaraq, Milli Onkologiya Mərkəzində müalicə olunması tövsiyə olunub. Ancaq orada aparılan müalicələrin xeyri olmadığından Süleyman Bağırov ailəsinin vəsaiti hesabına özəl xəstəxanalara müalicəyə aparılıb. S.Bağırovun səhhətindəki ağır durumla bağlı redaksiyamıza müraciət edən bacısı Samirə Bağırova deyib ki, əvvəlcə qardaşının ciyərində kiçik xal aşkarlanıb və müalicə alması tövsiyə olunub. Amma qardaşı Vətənə xidməti canından çox sevdiyi üçün səhhətinə məhəl qoymadan yenidən hərbi vəzifəsinə qayıdıb: "Qardaşım uzun müddət döyüş bölgələrində xidmət edib, düşmənlə üz-üzə dayanıb. Vətəni, torpağı qoruyub. Bütün o əraziləri minalardan təmizləyib. Onun işi mina təmizləmək idi, elə ona görə də xəstəliyini müalicə etdirmədən yenidən mina təmizləməyə qayıdıb. Dedi ki, mən işimi görməsəm, əsgərlərə zərər dəyə bilər”. Məlumat üçün bildirək ki, Süleyman Bağırovun son müayinəsində ona qaraciyər xərçəngi diaqnozu qoyulub. Bağırovun indiyə qədərki müalicəsinə 12 min manatdan çox pul xərclənib. Amma təəssüflər olsun ki, sadəcə preparatlarla müalicə heç bir nəticə verməyib və Bağırovun vəziyyəti pisləşib. Xəstənin tez-tez sancısı tutub. Müayinədən sonra məlum olub ki, Bağırovun onurğa sütununda kiçik təhlükəli nöqtələr əmələ gəlib. Həkim deyib ki, əgər vaxtında əməliyyat olunmazsa, ciddi fəsadlar törədə bilər. Bacısı Samirə Bağırovanın dediyinə görə, xəstənin əməliyyatına 6-7 min manat pul lazımdır. Amma ailənin maddi imkanı zəif olduğuna görə, tələb olunan məbləği əldə etməkdə çətinlik çəkirlər: "Həkim dedi ki, bir-iki həftəyə əməliyyat olunmalıdır, yoxsa sümüyü yeyilməyə başlayacaq. Allah göstərməsin, bu, xəstənin ölümü ilə də nəticələnə bilər. Vallah, imkanımız yoxdur, o qədər pulu tapa bilmirik. Əvvəlki müalicə pullarını da banklardan kredit götürmüşük. Atamız-anamız da yaşlı insanlardır, əllərindən heç nə gəlmir. İndi evlərini satdığa qoyublar ki, övladlarını əməliyyat elətdirə bilsinlər. Çox acınacaqlı durumdayıq. İmkanlı şəxslərdən, aidiyyəti qurumlardan kömək istəyirik. Qoy, bu mübarək ayın hörmətinə bizə yardım etsinlər, köməklərini bizdən əsirgəməsinlər. İndiyə kimi ağız açmadığımız adam qalmayıb, nə qədər yerə müraciət etmişik, ərizə göndərmişik, amma təəssüflər olsun ki, səsimizi eşidən olmayıb”.
Qeyd edək ki, yardıma ehtiyacı olan Süleyman Bağırov həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayır. Problemli ailə yaxın günlərdə ANS-in efirində yayımlanan bir proqramda dərdini ictimaiyyətlə paylaşıb. Həmin verilişin qonağı olan "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın yardımı ilə Süleyman Bağırovun adına Kapital Bankın Suraxanı rayon filialında hesab açılıb. Onun hesab nömrəsi - 20480380105-dir. Amma təəssüflər olsun ki, həmin hesaba indiyədək daxil olan pulun məbləği sadəcə 600 manatdır. Çarəsiz durumda qalan S.Bağırovun ailəsi 6-7 min manatlıq əməliyyat pulunu tapmaq üçün media vasitəsilə xeyirxah insanlara, səhiyyə nazirinə, xüsusən ölkə rəhbərliyinə müraciət edərək onlara yardım göstərmələrini xahiş edir. Onun ailə üzvləri ümid edirlər ki, medianın məsələni ictimailəşdirməyi sayəsində əməliyyat tələb olunan pul qısa zamanda toplanacaq.
İsmayıl