Mingəçevir ermənilərin hədəfindədir

Ərəstun Oruclu: “Müharibədə təhdid həmişə var”
Arzu Nağıyev: “Qüvvələrimiz daim hazırlıqlı vəziyyətə gətirilir”


Azərbaycanla Ermənistanın gərgin münasibətlərinin fonunda Mingəçevir Su Elektrik Stansiyası (SES) separatçı düşmənlərimizin ölkəmizə qarşı təhdid obyektlərindən birinə çevrilib. Son 4 günlük savaşdan sonra bu məsələ yenidən gündəmə gəlib. Ermənilər sosial şəbəkələrdə "Hədəfimiz Mingəçevir Su Anbarıdır” kimi statuslar paylaşırlar. Sözügedən paylaşımlar instaqram sosial şəbəkəsində geniş müzakirəyə səbəb olur. Məlumat üçün bildirək ki, iki il öncə də düşmən ölkənin rəhbərliyi tərəfindən Azərbaycana qarşı bu cür təhdidlər olub.

Müdafiə naziri Seyran Ohanyan Mingəçevir SES-ə qarşı diversiya törədiləcəyi barədə fikirlər səsləndirib. Həmin vaxt Azərbaycan tərəfinin tutarlı cavabından sonra ermənilər susdular. 2014-cü ilin avqust-sentyabr aylarında da cəbhə xəttində gərginlik artanda Ermənistanın müdafiə naziri hökumətin iclası zamanı deyib ki, Azərbaycan tərəfi ermənilərin Mingəçevir SES-ə hücum etməyindən çox qorxur. Göründüyü kimi, təcavüzkar ölkənin Azərbaycana qarşı məkrli planlarının içərisində Mingəçevir SES ilk sıralarda dayanır. Lakin mütəxəssislər ermənilərin bu məkrli planlarını heç vaxt həyata keçirə bilməyəcəklərini deyirlər. Çünki Mingəçevir SES-də təhlükəsizlik tədbirləri gücləndirilib. Çoxsaylı zolaqlı müdafiə qurğuları ilə mühafizə olunur. Həmçinin Hərbi Hava Qüvvələri SES-in təhlükəsizliyini daim nəzarətdə saxlayır. Maraqlıdır, doğrudanmı Mingəçevir SES təhlükəlidir? Ümumiyyətlə, ermənilərin bu hədələrinin əhəmiyyəti varmı?

Sualımızı cavablandıran "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu "Şərq”ə söyləyib ki, Ermənistanın Mingəçevir SES-ini vurmaq imkanı texniki cəhətdən mümkündür: "Rusiya Ermənistanı və eyni zamanda Qarabağdakı işğalçı hərbi hissələrini raketlərlə təchiz edib”.
Təhdidə gəlincə, ekspert qeyd edib ki, müharibə şəraitində tərəflər müxtəlif təhdidlərdən istifadə edir: "Cəbhədəki son gərginlik dövründə belə bir məlumat verildi ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov Xankəndini vurmaq əmrini verib. Yəni belə şeylər olur. Müharibədə təhdid həmişə var. Qarşı tərəfdə müəyyən panika və qorxu yaratmaq üçün istifadə olunan taktikadır”.

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, ermənilərdən hər şeyi gözləmək olar:
"Biz sadəlövh deyilik. Azərbaycanın strateji obyektləri çoxdur və həmin obyektlər ən yüksək səviyyədə qorunur. Düşmənin ən son məqamda elə bir addım ata biləcəyini istisna etmək olmaz. Bunu hər zaman demişik, bu gün də deyirik. Bu, nəzəri baxımdan mümkündür, amma praktiki baxımdan həyata keçirmək müşkül məsələdir. Hazırda stansiya sovetlər dönəmindən də yaxşı mühafizə olunur. Əvvəllər orada birzolaqlı mühafizə sistemi var idisə, indi iki və daha çox zolaqlı müdafiə qurğuları var. Hava hərbi qüvvələri oranı göz bəbəyi kimi mühafizə edirlər. Su anbarını vurmaq ermənilərin sadəcə arzularıdır. Unutmasınlar ki, stansiyaya qarşı uzadacaqları əli İrəvandakı Atom Elektrik Stansiyasında görə bilərlər. Azərbaycan bu sözü heç vaxt dilinə gətirməyib. Sosial şəbəkələrdə bəzi dostlar deyirlər ki, erməniləri cəzalandırmaq üçün Atom Elektrik Stansiyasını vurmaq lazımdır. Biz o səviyyəyə enməməliyik və enmirik də. Hazırda çaşqın vəziyyətdə olan ermənilərdən istənilən əclaflığı gözləmək mümkündür. Bu onların xislətinə uyğundur. Təbii fəlakətlərlə belə, stansiyaya təhlükə yaranarsa, mühafizə orqanlarımız onun qarşısını almaq gücündədirlər.”

Təhlükəsizlik eksperti Arzu Nağıyev son döyüşlərdə erməni tərəfin əsas təhdidlərinin su anbarı ilə bağlı olduğunu söylədi: "Bu gün Azərbaycan rəhbərliyi Mingəçevir Su Anbarı ilə bağlı ermənilərin hədələrini təhdid kimi qəbul edir. Bu istiqamətdə müvafiq addımlar atılır. Stansiyanı vurmaq imkanları olan raketlərin hansı istiqamətdən vura biləcəkləri ilə bağlı Hərbi Hava Qüvvələrimiz daim hazırlıqlı vəziyyətə gətirilir. Su anbarı yüksək səviyyədə qorunur. Əgər ermənilərin su anbarını vurmaq imkanları olsaydı, çoxdan bu addımı atmışdılar. Bu addımın qarşısını almaq üçün ölkəmizin tam gücü var. Sadəcə, bu variantdan boşuna istifadə etməyə cəhdlər edirlər”.

Mingəçevirdən seçilən deputat Aydın Mirzəzadə ermənilərin bu hədəsinin sözdən başqa bir şey olmadığını söyləyib: "Ermənilər Azərbaycanın onların müdafiə xəttini heç vaxt yara bilməyəcəyi ilə bağlı gurultulu bəyanatlar verirdi. Amma son hadisələr göstərdi ki, bunların hamısı təbliğat kampaniyasından başqa bir şey deyil. Azərbaycanın güclü olduğunu Ermənistan yaxşı bilir. Birincisi, Mingəçevir SES möhkəm mühəndis qurğusudur və ona Ermənistan kimi zəif bir ölkənin təhlükə törətməsi mümkünsüzdür. İkincisi, Azərbaycan bu gün Mingəçevir SES və su anbarını kifayət qədər ciddi şəkildə qoruyur. Bizim hava hücumundan müdafiə kompleksimiz var. Gələn təhlükələrin qarşısını almaq üçün çox effektli, qabaqlayıcı tədbirlər görülür. Əlbəttə, onlar istəyərdilər ki, bunu etsinlər. Ermənilərin gözündə bu SES-in dağılacağı təqdirdə nə insanların ölümü, nə bütün region üçün yaranacaq ekoloji fəlakət maraqlı deyil. Ermənistan bu gün insanlıqdan uzaq, istənilən metoda, çirkin yola əl atmağa hazır ölkədir. Ancaq onların bunu etməyə texniki imkanları yoxdur. Həm də ki Azərbaycan o qədər zəif deyil ki, gözümüzü bu təhlükə ilə qorxuda bilsinlər. Ermənilər yaxşı bilməlidir ki, Azərbaycanda cəmiyyətin ayrı-ayrı strateji əhəmiyyətli obyektlərinin qorunması yüksək səviyyədə mühafizədədir. Heç bir halda Azərbaycan Ermənistana zərbə endirməyə imkan verməz”. Deputat bu hədələrin heç bir qorxusunun olmadığını dedi: "Mən həmin Mingəçevir şəhərindənəm və bütün yayı o dənizdə keçirirəm. Atam o stansiyanı tikib, vaxtilə özüm o stansiyada işləmişəm. Heç bir qorxusu yoxdur”.

Ayyət