"Mingəçevir İES-dəki qəzaya görə, ARDNŞ-ə 3 istiqamətdə ziyan dəyib"




Ötənlərdə Mingəçevir İES-də baş verən partlayışdan sonra ölkədə yaranan enerji fasiləsi özəl və dövlət strukturlarına ciddi maddi ziyan vurub. Qəzadan ziyan çəkən qurumlardan biri də Azərbaycan Dövlət Neft Şirkətidir. (ARDNŞ) Məlum hadisə ilə bağlı keçirilən müşavirədə ölkə başçı İlham Əliyev də bu məsələyə diqqət çəkib və qəzanın ARDNŞ  üçün ciddi maliyyə itkilərinə səbəb olduğunu vurğulayıb.

Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban da "Sherg.az"a açıqlamasında diqqətə çatdırıb ki, ARDNŞ-ə 3 istiqamətdə ziyan dəyib:

"Birincisi, hasilatla bağlı olan ziyandır. Çünki qurudakı buruqlar və digər quyular dərinlik nasosları ilə işləyir. Həmin nasoslar da gərginlik vasitəsi ilə fəaliyyət göstərir. Mingəçevir İES-də baş verən hadisədən dolayı nasoslarda gərginlik kəsilib. Beləliklə də, hasilat dayanıb. Çalışmalar vasitəsi ilə hasilatı bərpa etsək də, bu, müvəqqəti oldu. 

Prezidentə məruzə edildiyi kimi, bir gündə hasilatın səviyyəsi neft üzrə 4 min ton, qaz üzrə isə bir milyon kubmetr azalıb. Bu hasilat nəticəsində dəymiş ziyandır. İkinsisi isə, neftayırma ilə bağlıdır. Çünki neftayırma zavodu fasiləsiz olaraq işəyən bir sənaye obyektidir. Burada avadanlıqların işləməsi üçün böyük enerji tələb olunur. Yəni istilik hesabına neftin ayrılması baş verir. Elektrik enerjisi kəsildiyindən bütün bu qızdırıcı sistemlər dayanıb. 

Dayanma nəticəsində də neftin ayrılması baş tutmayıb. Elektrik bərpa olunduqda isə iş prosesi sıfırdan başlayır. Elektrik təminatından yaranan bu vəziyyət 8-10 gün müddətində tam aradan qaldırılacaq. Üçüncü də, kimya sənayesi enerji kəsintisi ilə bağlı ziyan çəkib. 

ARDNŞ -in nəzdində olan neft-kimiya sahəsi də fasiləsiz işləyən bir sənaye sahəsidir. Enerjinin verilişindəki dayanmanın yaranması ilə onun da fəaliyyəti dayandı. İndi onlar fəaliyyətə başlasa da, əvvəlki vəziyyətə çatmağı vaxt tələb edəcək. Dəymiş ziyan dəqiq göstərilməsə də, ziyanlar var”.

Kənan Eynuroğlu