Mirmahmud Mirəlioğlu Pənah Hüseynlə birləşir

Hər iki siyasətçi planları “Şərq”ə açıqladı
Ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə Klassik Xalq Cəbhəsi Partiyasının rəhbəri Mirmahmud Mirəlioğlu arasında görüş keçirilib. Təkbətək görüşün təfərrüatları ilə bağlı
"Şərq”ə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu Pənah Hüseynlə müxtəlif məsələləri müzakirə etdiklərini deyib:
"Əvvəllər təmsil olunduğumuz "Azadlıq-2015” seçki blokunda dəfələrlə bəyan etmişdik ki, siyasi partiyalar bir araya gəlməli, birgə müzakirələr aparmalıdır. İlkin olaraq Pənah bəy məsələ ilə bağlı bizə müraciət etdi. Biz də onun təklifini dəyərləndirdik və təkbətək görüş təşkil edərək bundan sonrakı əməkdaşlığımızın müzakirəsini apardıq. Sonrakı mərhələdə hər iki partiyada məsələlər, təkliflər ayrılıqda müzakirə olunacaq və nəticəyə uyğun olaraq müvafiq qərarlar veriləcək. Əgər digər partiya sədrlərindən də bizimlə əməkdaşlıq etmək təklifi, istəyi gələrsə, biz bunu normal qarşılayacağıq. Ancaq hələlik iki partiya arasında müzakirələr aparılır”.
AXP sədri Pənah Hüseyn də görüş barədə fikirlərini bölüşüb: "Görüşdə ilkin razılıqlarımız olub. Razılıq ondan ibarətdir ki, sıx və dərin əməkdaşlıq olsun. Şübhəsiz ki, razılığın içərisində fəaliyyət planlarının həyata keçirilməsindən tutmuş, birgə məşvərət-məsləhət orqanlarının yaradılması, iclasların, tədbirlərin keçirilməsi və siyasi məsələlərə münasibətdə mövqelərin uzlaşdırılması da var. Məsələn, cəmiyyətdə yeni xalq hərəkatının yaradılması barədə müəyyən ideyalar səslənir”. P.Hüseyn partiyaların birləşməsinin mümkünlüyünü də istisna etməyib: "Biz bu iki partiyanın birləşdirilməsi üçün danışıqlar aparırıq. Müxtəlif formalarda ikitərəfli əməkdaşlıq təcrübələri var. Faktiki olaraq siyasi blok olmasa da, fəaliyyət göstərir. Sonradan təşkilata inteqrasiya edir. İndiki dövrdə siyasi müxalifətin qarşısında duran məsələlərdən biri onların pərakəndə təşkilati qurumlardan insani və siyasi resursları birləşdirərək iri siyasi partiyalara çevrilməsindən ibarətdir. Bu, xüsusilə oxşar ideoloji faktorlarda duran siyasi qüvvələrə, təşkilatlara aiddir. Hesab edirəm ki, müsavatçılıq, Əbülfəz Elçibəy, Rəsulzadə ideoloji kursuna dayandığını elan edən siyasi partiyaların bu istiqamətdə müəyyən addımlar atması mümkündür və gözləniləndir”.
İsmayıl