İsmayıl Yusifov KXCP sədrliyinə namizəd olacaq
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil təşkilatın bu il baş tutacaq qurultayından danışıb. Təşkilat yetkilisi söyləyib ki, KXCP-nin avqustun 1-nə təyin edilən qurultayına yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək. Onun sözlərinə görə, qurultaya təxminən 600-ə yaxın nümayəndə seçilib: "Bakı Şəhər İcra Hakimiyyətinə edəcəyimiz müraciətdə konkret bir yer müəyyənləşdirməmişik. Bununla bağlı yekun qərar müzakirələrdən sonra veriləcək”.
Sədrliyə namizədlikdən söz açan B.Əbil qeyd edib ki, KXCP sədri Mirmahmud Mirəlioğluna hələ ki alternativ namizəd yoxdur: "Ancaq bütün hallarda partiya sədrliyinə namizədliklər qurultayda irəli sürülə bilər”.
B.Əbilin "Mirmahmud Mirəlioğlu hələ ki alternativsizdir” fikrinə münasibət bildirən KXCP sədrinin keçmiş müavini, təşkilatın sədrliyinə iddialı İsmayıl Yusifov "Şərq”ə deyib ki, bu, yanlış yanaşmadır: "Qurultay mövzusu gündəmə gələndən demokratik birlik fraksiyası olaraq məsələni bu cür qoyduq ki, fraksiya vəp partiyanın idarə heyəti birlikdə təşkilat komitəsi yaratsın. Həmin komitə qurultaya hazırlığın bütün işlərini görsün və qurultaya bərabər gedək. Hazırda qurumun mövcud 40 rayon şöbəsindən 26-sı fraksiyanın tərəfindədir. Ötən dəfə mətbuatdan oxuyuram. İdarə heyətinin iclasından mətbuata məlumat ötürüblər. Bildiriblər ki, qurultay nümayəndələrinin müəyyənləşməsinə dair 17 rayon şöbəsində konfrans keçirilib. Amma bunlar inandırıcı deyil. Çünki o şöbələrin heç birində konfrans baş tutmayıb. Bütün şöbələrin fəaliyyətini bilirik”.
Müsahibimiz vurğulayıb ki, qurultayda iştirakı indiyə qədər təmin olunmayıb: "Baxmayaraq ki, bununla bağlı M.Mirəlioğluna və idarə heyətinə müraciətimiz var. Qurumdakı idarə heyətində hər şey formaldı. Hər şeyə rəğmən namizədliyimi irəli sürəcəm. 2011-ci ildə baş tutan qurultayda da namizədliyimi irəli sürəcəkdim. Sadəcə, Fikrət Cəfərov, Ədalət Yusifov və digərləri xüsusi
xahiş və təkidlə məni fikrimdən döndərdilər. İstəyim odur ki, demokratik seçki keçirilsin. Qoy, M.Mirəlioğlu mənə qalib gəlsin. Amma səsvermə demokratik şəkildə aparılsın”. İ.Yusifov hesab edir ki, M.Mirəlioğlu iradəsini ortaya qoya bilmir. Çünki o, partiyadakı dayaqlarını itirib: "Səsvermə saxtalaşdırılsa, nəticələri tanımayacağıq. Onda təşkilatdakı böhran daha da dərinləşəcək. Bu gərginlik qurumun parçalanmasına qədər gətirib çıxara bilər”.
Ayyət Əhməd