Möhtəşəm və təhlükəsiz...

Azərbaycan siyasiləri I Avropa Oyunlarının bağlanış mərasimindən də məmnun qalıblarTədbirin yüksək səviyyədə keçirilməsi dünyaya göstərdi ki, Azərbaycan belə ciddi tədbirlərə ev sahibliyi etmək iqtidarındadır
Ötən günlərdə Bakıda ilk Avropa Oyunlarının təntənəli bağlanış mərasimi baş tutdu. "Oyanış” adı verilən mərasimi bütün Azərbaycan xalqı və avropalılar həm stadiondan, həm də canlı yayımda televiziyadan izlədilər. Beləliklə, məşəlin söndürülməsi ilə Bakıda 17 günlük möhtəşəm tədbirə yekun vuruldu. Şübhəsiz ki, bu mötəbər tədbir haqqında istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda hələ çox danışılacaq. Çünki sözügedən Oyunlar Azərbaycan və dünya idman tarixinə qızıl hərflərlə həkk olundu. Maraqlıdır, görəsən, Avropa Oyunları ölkəmizə hansı imkanları qazandırdı?
"Şərq”in sualını dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, açılışda olduğu kimi bağlanış mərasimində də mütərəqqi ideyalar üstünlük təşkil edib: "Xüsusən də keçmişlə müasir dövrün əlaqələndirilməsi və milli elementlərdən istifadə olunması halları qeyd olunmalıdır. İdmançılarımızın çıxışına gəldikdə isə deyə bilərəm ki, Azərbaycan idmançılarının komanda olaraq çıxışını uğurlu hesab etmək olar”. Birinci Avropa Oyunlarının Azərbaycan üçün beynəlxalq əhəmiyyətinə toxunan Cəlaloğlu söyləyib ki, bu Oyunlar Olimpiadaya hazırlıq mərhələsi kimi önəmli oldu: "Digər tərəfdən Azərbaycan dünyaya mesaj verdi ki, belə bir beynəlxalq səviyyəli tədbirləri təhlükəsiz keçirməyə qadirdir və hazırdır”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP), millət vəkili Sabir Rüstəmxanlı isə hesab edir ki, Azərbaycan belə bir mötəbər yarışın bünövrəsini qoymaqla çox böyük beynəlxalq əhəmiyyətə malik hadisəyə imza atmış oldu: "Dünyanın müxtəlif qitələrinin özünəməxsus oyunları olsa da, Avropa qitəsinin belə bir tədbiri yox idi. Nə yaxşı ki, belə bir tədbirin keçirilməsinə Azərbaycan təşəbbüs etdi. Oyunlar əvvəldən axıradək çox yüksək səviyyədə keçdilər. Oyun həm təşkilatçılıq, həm təhlükəsizlik, həm də idmançılarımızın uğurlu çıxışı baxımından yüksək səviyyədə idi”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də hesab edir ki, Birinci Avropa Oyunları həm təşkilatçılıq, həm də təhlükəsizlik baxımından çox yüksək səviyyədə təşkil olunub: "Bağlanış mərasimi də açılış mərasimi kimi möhtəşəm keçdi. Baxmayaraq ki, əvvəlcədən oyunların keçirilməsi ilə bağlı müəyyən tərəddüdlərim var idi, ancaq oyunların təşkilatçılıq, təhlükəsizilik və idmançıların iştirakı baxımından yüksək səviyyədə keçməsi məni bir vətəndaş kimi çox sevindirdi”.
Təşkilat sədri vurğulayıb ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə yüksək səviyyədə təşkil olunan belə bir beynəlxalq səviyyəli tədbiri keçirməsi çox böyük əhəmiyyətə malikdir: "Bununla da Azərbaycan dünyaya mesaj verdi ki, gənc olmasına baxmayaraq belə möhtəşəm tədbir keçirməyə qadirdir. Ölkəmiz bu tədbiri yüksək səviyyədə təşkil etməklə öz mədəniyyətinin müxtəlif seqmentlərini, təşkilatçılığını və konsolidasiyasını dünyaya təqdim etdi”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də Birinci Avropa Oyunlarının həm açılış, həm bağlanış mərasiminin möhtəşəm təşkil olunduğunu deyib: "Açılış və bağlanış milli koloritə əsaslanaraq hazırlanmışdı. Təşkilatçılıq və təhlükəsizlik, xidmət yüksək səviyyədə təşkil olunmuşdu. Bu oyunlarla Azərbaycan bir daha özünün dünyaya necə yüksək səviyyəli mədəniyyətə, tolerantlığa malik olduğunu nümayiş etdirmiş oldu. Baxmayaraq ki, bədxah qonşularımızın, işğalçı Ermənistanın idmançıları bu yarışlarda iştirak edirdi, Azərbaycan xalqı öz mədəniyyəti ilə dünyaya özünün bir daha sülhsevər xalq olduğunu və yüksək mədəniyyətə sahib olduğunu göstərdi və onların bu yarışlarda iştirakına normal yanaşdı”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə qeyd edib ki, Azərbaycan özünün inkişafı, dövlətçiliyində qazandığı uğurları, iqtisadiyyatının inkişafı, insanların sosial problemlərinin həlli ilə yüksək bir səviyyəyə çatıb və buna görə də I Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə edilib: "Azərbaycan dünya üçün bir tarix yazdı. Azərbaycan Avropa Oyunlarının birincisini keçirməklə bu qitənin çoxdan arzuladığı oyunları reallığa çevirdi, eyni zamanda oyunların standartını müəyyənləşdirdi. Həmçinin bu oyunlar Avropaya Azərbaycan standartları verdi”.
"Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev hesab edir ki, Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi dünyaya göstərdi ki, Azərbaycan belə ciddi tədbirlərə ev sahibliyi etmək iqtidarındadır: "Söhbət tək hansısa dövlətdən gəlmiş idmançıları qəbul etməkdən və yaxud oyunların keçirilməsindən getmir. Burada təşkilatçılıq, təhlükəsizlik, nəqliyyat, qonaqların yerləşdirilməsi, idman qurğularının tədbirə hazırlığı və digər məsələlər də var. Statistikaya görə, son 17 gündə Azərbaycana 145 dövlətin nümayəndəsi gəlib. Onlar həm turist, həm də özünün təşəbbüsü ilə gələn qruplar, idmançılar və başqalarıdır”. Avropa Oyunlarında iştirak etmək üçün 49 ölkədən 6000-ə yaxın idmançının ölkəmizə gəldiyini deyən ekspert hesab edir ki, bununla da Azərbaycan idman ölkəsi olduğunu
dünyaya sübuta yetirdi: "Eyni zamanda, idmana Azərbaycanda necə münasibət olduğunu dünyaya sübut elədi. Azərbaycanın necə tolerant ölkə olduğunu dünya gördü. Ölkəmiz siyasi xəttinin, iqtisadi tərəqqisinin nədən ibarət olduğunu dünyaya sübut edə bildi. Azərbaycan Avropa ailəsində olan müstəqil, eyni zamanda mütərəqqi və sülhsevər dövlət olduğunu dünyaya göstərdi”.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin sözlərinə görə, 17 gün Azərbaycanda gənclik və idman bayramı keçirilib: "Bu tədbir çox yüksək səviyyədə təşkil olundu. Azərbaycan bu oyunları keçirməklə dünyaya öz mədəniyyətini, dövlətini, imkanlarını nümayiş etdirmək imkanı qazandı. Avropalılar oyunlara gələrək xalqımızın qonaqpərvərliyini, mədəni səviyyəsinin yüksək səviyyədə olduğunu gördü. Ona görə də hesab edirəm ki, bu, tarixi bir hadisə idi. Həmçinin oyunlarda idmançılarımızın uğurları ölkəmizdə idmanın inkişafının təzahürüdür”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, I Avropa Oyunlarının istər açılışı, istər oyunların davam etdiyi 17 gün və bağlanış mərasimi birmənalı şəkildə Azərbaycan dövlətinin gücünün, qüvvətinin nümayişi oldu: "Bu oyunlar vasitəsi ilə bizim qədim tarixə, zəngin mədəniyyətə, yüksək intellektə malik olan xalq kimi dünyaya təqdim olunmağımızdan qürur duydum. Dünənki bağlanış mərasimi, onun bütün elementləri, orada təqdim olunan proqramın detalları və şou izləyicilərin hər birinə sevinc gətirdi. Düşünürəm ki, bu oyunları keçirməklə Azərbaycan bütün imkanlarını dünyaya təqdim edə bildi”.
Ayyət Əhməd