Moskva Türkiyədən şübhələnir

“Azərbaycandan Rusiyaya tomat ixracı 5 dəfə artıb”
“Burada Azərbaycanın nə günahı var axı. Maşın gəlib bizim sərhəddən Rusiyaya keçir”


Rusiya Veterinar və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert ("Rosselxodnadzor”) Azərbaycanı Türkiyə mallarını öz ərazisi vasitəsilə Rusiyaya buraxmaqda ittiham edib. Qurum rəhbəri Azərbaycanın qısa müddətdə Rusiyaya tomat ixracını kəskin artırmasının şübhəli göründüyünü deyib:

"Azərbaycan və İranın Türkiyənin bitkiçilik məhsullarının öz ərazisi ilə Rusiyaya buraxılmaması barədə öhdəliklərini yoxlayan zaman müəyyən olunub ki, təkcə yanvar ayında Azərbaycandan Rusiyaya tomat ixracı 5 dəfə artıb”.

S.Dankvertin sözlərinə görə, fitosanitar sertifikatlarda Azərbaycan tərəfi məhsulun yerli mənşəyə malik olduğunu təsdiq edib.

"Rosselxodnadzor” artıq faktla bağlı Azərbaycan rəsmilərinə məktubla müraciət edib. Federal xidmət Azərbaycandakı tomat istehsalı müəssisələrini təftiş etmək planlarını açıqlayıb.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev "Şərq”ə açıqlamasında söyləyib ki, S.Dankvertin Azərbaycanı qınamağa haqqı çatmır: "Burada Azərbaycanın nə günahı var axı. Maşın gəlib bizim sərhəddən Rusiyaya keçir. Belə bir şey varsa, Moskva onu tutub saxlasın. Azərbaycan tranzit ölkədir. Türkiyə məhsulunu burdan keçirib, hara istəsə apara bilər. Azərbaycan nə etməlidir ki? Biz tranzit ölkə olaraq beynəlxalq qanunlara görə, vəzifəmizi yerinə yetiririk. Bizi çox nahaq yerə günahlandırırlar. Bir də ki, vəzifəli şəxsin belə bəyanatlar verməsi doğru deyil”.

Ekspertin qənaətincə, fakt olmadan kiməsə cəza vermək olmaz: "Şübhə edirəm ki, filankəs adam öldürüb iddiası ilə kimisə həbsə almaq olmaz. Ortada fakt olmalıdır. Biz Türkiyəyə ölkəmizdən keçib, Rusiyaya getmə qadağasını qoya bilmərik. Dünyada qəbul olunmuş qanunlar var. Bilavasitə Rusiya özü bu sanksiyanın qarşısını almaq istəyirsə, özü sərhəddə duranlara tapşırıq verməlidir ki, bu maşınları buraxma. Əlbəttə, həmin yük maşınları Rusiyaya buraxılmasa, Türkiyəyə qayıdacaq. Özləri maşınları ərazilərinə buraxırlar, sonra da günahı Azərbaycanda axtarırlar. Ona görə də düşünürəm ki, xidmət rəhbərinin bu cür bəyanatlarının heç bir mənası, məntiqi yoxdur”.

Ayyət Əhməd