Musa Qasımlı: “Müqavilələrin ləğvinin Rusiya və Ermənistan üçün çox acı nəticələri olar”Fazil Mustafa: “Əgər belə bir hal baş verərsə, o zaman Rusiyanın bütün imzaladığı müqavilələr şübhə altına düşər”
Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər. Hətta Rusiyanın bəzi siyasətçiləri, 1921-ci ildə imzalanmış "Qars” müqaviləsinin ləğvi ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə və Xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar. Məlumat üçün bildirək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir.
Habelə, Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Görəsən, həqiqətən "Qars” müqaviləsi ləğv edilə bilərmi, yaxud bu təklifin arxasında hansı məqsəd dayanır? Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, türkiyəli politoloq Hasan Oktay deyib ki, "Moskva” və "Qars” müqavilələrinin ləğv edilməsi Türkiyə və Rusiya arasında
müharibəyə səbəb ola bilər. Onun sözlərinə görə, Türkiyə ilə Rusiyanın münasibətlərində son zamanlar ciddi gərginlik müşahidə olunur: "İki lider bu gərginliyi azaltmaq üçün təxirə salmadan addımlar atmalıdır. Rusiyada Kommunist Partiyasının müqavilələrlə bağlı təklifi lazımsız bir həmlədir və heç bir əsası yoxdur. Rusiya mediasına hakim olan yəhudi və etnik ermənilər daim rus ictimaiyyətində Türkiyə əleyhinə fikirlər formalaşdırmağa cəhdlər edirlər. Bütün bunlara baxmayaraq, nə "Moskva”, nə də "Qars” müqaviləsinin ləğv edilməsi kimi bir məsələ mümkün deyil”. H.Oktay hesab edir ki, bu müqavilələrin ləğvi Türkiyə-Rusiya müharibəsinə səbəb olmaqla yanaşı, Ermənistana da böyük zərbə vura bilər: "Fikrimcə, Ermənistan buna getməyəcək. İranın Qərblə anlaşmasından sonra Ermənistanın bölgədə əhəmiyyəti kifayət qədər azalıb. Buna görə də diaspora erməniləri bir çox həmlələrə əl atacaqlar, lakin nəticə əldə etmək şansları yoxdur”.
Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib ki, əvvəlki dövrlərdə də iki ölkə arasında müəyyən böhranlar olub: "Məsələn, II Dünya müharibəsinin sonlarında Stalin Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürüb. Hətta məxfi əməliyyat planı da işlənib hazırlanıb. Lakin o, yaranmış ən gərgin vəziyyətdə belə 1921-ci il 16 mart tarixli "Moskva” müqaviləsini ləğv etməyə cürət etməyib. O zaman, 1945-ci ilin yazından Türkiyə antihitlerçi koalisiyanın üzvü olan ölkələrin cərgəsində olsa da, Türkiyə hələ Qərb ölkələrinin blokunda deyildi. Stalin yalnız 1925-ci ildə SSRİ və Türkiyə arasında imzalanmış hücum etməmək haqqında paktı ləğv edə bilib. Sonralar sovet rəhbəri N.Xruşşov iki ölkə arasında münasibətlərin pozulmasında Stalini təqsirləndirib. İndiki şərait o dövrdəkindən mürəkkəb deyil. O zaman beynəlxalq şərait və iki ölkə arasında münasibətlər daha gərgin idi. İndi Rusiyada Lenini, Türkiyədə isə Atatürkü tənqid edənlərin olmasına baxmayaraq, Moskva müqaviləsinin ləğv edilməsinin perspektivini görmürəm. Çünki rus və türk xalqları biri-birinə çox yaxındırlar. Lakin Qərbdə bəzi dairələrin rus-türk düşmənçiliyi və hətta müharibəsi törətməyə çalışdıqları bir zamanda hər şey liderlərin davranışlarından asılı olacaq. Ancaq Rusiya tərəfdən hələ də qisasçılıq hisslərinin tezliklə keçib gedəcəyi perspektivi dumanlı görünür”. Professor deyib ki, Qars müqaviləsinin ləğvi təkcə Rusiya və Ermənistandan asılı olan məsələ, təktərəfli və hətta ikitərəfli proses deyil. Müqavilənin ləğvinə Türkiyə, Azərbaycan və Gürcüstan da razı olmalıdır: "Müqavilələrin ləğvinin Rusiya və Ermənistan üçün çox acı nəticələri olar. "Qars” müqaviləsinə görə, tərəflər bütün əvvəlki müqavilələrdən, yəni 1920-ci il dekabrın 2-də imzalanmış Aleksandropol (Gümrü) sülh müqaviləsindən imtina edirdilər. Aleksandropol müqaviləsinə görə, Türkiyə və Ermənistan arasında mövcud olan müharibəni bitmiş hesab edirdilər və daimi sülh üçün danışıqlara başlayırdılar. Türkiyə-Ermənistan sərhədi dəqiqləşdirilirdi. "Qars” müqaviləsi ləğv edilərsə, Türkiyə ordusu təzədən gəlib Gümrüdə otura, həmin ərazilər Türkiyəyə keçə, Batum Gürcüstandan alınıb yenidən Türkiyəyə qaytarıla bilər. Deməli, müqavilənin ləğvindən Rusiya və Ermənistan itirər”.
Deputat Fazil Mustafa da "Qars” müqaviləsinin ləğvinin Azərbaycan üçün heç bir təhlükəsi olmadığını deyib: "Əvvəla, belə bir məsələnin irəli sürülməsi savadsızlıqdır. Çünki BMT tərəfindən dövlətlərin tanınmış sərhədi var. Dövlətlər BMT-yə üzv olanda xəritə ilə daxil olublar. Ancaq diqqət etsək görərik ki, ermənilər Dağlıq Qarabağı işğal etməsinə baxmayaraq, erməniləri işğalçı kimi tanıyan yoxdur. Əgər Putin də belə bir addım atarsa, müqaviləni ləğv edərsə, bu, yeni situasiyanın yaranmasına səbəb olmayacaq”. F.Mustafanın sözlərinə görə, ümumiyyətlə indiki şərtlər əsasında "Qars” müqaviləsinin ləğv edilməsinin mənası yoxdur: "Əgər belə bir hal baş verərsə, o zaman Rusiyanın bütün imzaladığı müqavilələr şübhə altına düşər. Heç kim ciddi əsaslarla Rusiya dövləti ilə müqavilə bağlamağa maraqlı olmaz”. Millət vəkili əlavə edib ki, "Qars” müqaviləsinin ləğvi, həm də Belarusiya ilə Qazaxıstanla müqavilələrin qüvvədən düşməsi deməkdir: "Bu hal Rusiyanın indiyə qədər imzaladığı bütün müqavilələrinin etibarsızlığına gətirə bilər. Həmçinin bu, dünya dövlətləri tərəfindən müsbət qarşılanmayacaq və bu, dünya xəritəsinin yenidən cızılmasına gətirib çıxara bilər. Bu da çox böyük təhlükədir”.
İsmayıl