Rusiya-Türkiyə gərginliyi Azərbaycana da təsir edəcək
Rusiya-Türkiyə qarşıdurması bu ölkələr arasındakı bütün münasibətlərə mənfi təsir göstərib. Hərbi, iqtisadi və siyasi məsələlərlə yanaşı, ticari əlaqələr də artıq dayandırılıb. Bu günlərdə Moskvaya səfər etmiş Türkiyə TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayıl bildirib ki, Rusiya təyyarəsinin yalnız üçdə biri dolu idi, qalan yerlər boş idi.
Onun sözlərinə görə, bu ölkəyə getmək məqsədilə bilet almış 38 nəfər səfərdən son anda imtina edib. Bu arada qeyd edək ki, Orta Asiya respublikalarına yük daşıyan türk TIR-larının
Rusiyadan keçməsi əngəlləndi. Buna rəğmən Azərbaycan Prezidentinin təlimatından sonra günlərdir Gürcüstan-Rusiya sərhədində gözləyən türk TIR-ları geriyə dönərək Azərbaycana keçib və Xəzər dənizi üzərindən Orta Asiyaya doğru istiqamət alıb. Bir sözlə, Putinin Türkiyə üçün bağladığı qapıları ölkə başçısı cənab İlham Əliyev açıb. Azərbaycan Prezidentinin bu addımı qardaş ölkədə müsbət qiymətləndirilsə də, şimal qonşumuz bundan qıcıqlanmamış deyil. Buna görə də, ekspertlər hesab edirlər ki, Rusiya-Türkiyə qarşıdurması Moskva-Bakı münasibətlərinə də bütün sferalarda mənfitəsirini göstərəcək.
Məsələn, iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd edib ki, sözügedən ölkələr arasındakı gərginlik Azərbaycana təsirsiz ötüşməyəcək: "Bu ölkələr arasındakı münasibətlər düzəlməsə, məsələnin Azərbaycana təsirləri hiss ediləcək dərəcədə olacaq. Ona görə ki, azərbaycanlıların bir qismi türkiyəli iş adamları ilə çalışırlar. Orada bəzi tikinti, ticarət, topdan və pərakəndə satışda birgə çalışırlar. Türkiyəli iş adamlarına qarşı vəziyyətin gərginləşməsini onların bazarlardan sıxışdırılması, oradakı azərbaycanlılara da təsir göstərir. Rusiyada soydaşlarımıza bir güvənsizlik var. Moskva bu münaqişədə həmyerlilərimizin Türkiyə tərəfdə olduğunu düşünərək belə addım atır. Artıq iki gündür Rusiya rəsmiləri açıqlamalar verirlər ki, qadağa olunmuş türk malları Azərbaycan üzərindən Azərbaycan malı adı altında ölkəyə daxil ola bilər. Gömrük və sərhəd nəzarətini daha da möhkəmləndirirlər ki, qadağa olunmuş Türkiyə məhsulları Azərbaycan vasitəsilə daxil olmasın. Bunun özü də Azərbaycan məhsullarının Rusiya bazarlarına çıxarılmasına ciddi maneələr törədəcək və bu iqtisadi münasibətlərin gərginləşməsi Azərbaycana təsirlərini daha da artıracaq”. Ekspert diqqətə çatdırıb ki, məlum qarşıdurmanın Azərbaycana siyasi təsirləri də olacaq: "Çünki iqtisadiyyatla siyasət iç-içə olur. Baxın, Rusiya Orta Asiya və Qazaxıstana gedən Türkiyə mallarını buraxmadı. O yük maşınlarının Azərbaycan üzərindən keçməklə Türkmənistan, oradan isə Qazaxıstana keçməsi haqqında qərar verildi. Bu çox doğru və yerində verilmiş qərar oldu. Lakin belə addımlar gələcəkdə də olsa, Moskvada müəyyən qıcıq yaradacaq. Azərbaycanın iqtisadi maraqlarına qarşı müəyyən addımlar atmağa yol aça bilər. Yumşalma olmayacaqsa, Kreml Azərbaycana daha çox təsir göstərməyə və iqtisadi maraqlarına toxunmağa başlayacaq”.
Ayyət Əhməd