Elman Nəsirli:"Rusiya mövcud vəziyyətin saxlanılmasını istəyir"
Rusiya Qarabağ münaqişəsinin həllini deyil, mövcud vəziyyətin saxlanılmasını istəyir.
Bunu Sherg.az- a Rusiya XİN rəsmisi Mariya Zaxarovanın "Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri ideyasının müəllifi Rusiyadır" iddiasını dəyərləndirərkən millət vəkili Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, Rusiya həmsədr dövlət olduğundan birtərəfli deyil, obyektiv və qərəzsiz mövqe sərgiləməldir:
"Təəssüf ki, biz bunun əksini müşahidə edirik. Rusiya və Ermənistan dövləti kollektiv təhlükəsizlik müqaviləsi tərkibində tərəfdaşdır, bundan əlavə də sazişlər və hərbi mübadilələr həyata keçirilir. Qarabağ münaqişəsinin müzakirəsi istiqamətində Rusiya bir tərəfdən intensiv danışıqların aparılmasına təşəbbüs göstərir, digər tərəfdən isə burada həlledici qərar alınmamasına çalışır. Keyfiyyət göstəricisinə görə, zəif olan bu görüşlərdə Rusiya atəşkəsin pozulması məsələsində monitorinqlərin keçirilməsi, cəbhə xəttinə kameraların yerləşdirilməsi kimi təkliflər irəli sürür. Bu təkliflər ona xidmət edir ki, Azərbaycan münaqişənin bu vəziyyətdə saxlanması ilə barışmalıdır. Lakin bu Azərbaycanın mövqeyinə ziddir. Münaqişənin həlli istiqamətində sülh tərəfdarı olsaq da, danışıqlar nəticə vermədiyi təqdirdə hərbi yola əl atmaq hüququmuz qalmaqdadır”.
Elman Nəsirli əlavə edib ki, Azərbaycana bu cür təzyiqlərin göstərilməsi, Ermənistana isə güzəştlərin verilməsi hüquqi cəhətdən də düzgün deyil:
"Bu addımlarla Rusiya Azərbaycana "səsini çıxartma, bu vəziyyətlə barış mesajı" verməyə çalışır. Məhz bu səbəblər münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini ləngidir”.
Ayyət Əhməd